Verilən vədlər və illərlə davam edən problemlər- PROBLEM
Suraxanı sakinləri bu ildə susuzluqdan əziyyət çəkirlər
15 İyul 2013 14:40 ProblemHavaların normadan artıq isti keçməsilə əlaqədar insanların suya olan tələbatının artmasına baxmayaraq paytaxtın bəzi rayonlarında su qıtlığı yaranıb. Artıq bir aya yaxındır ki, heç bir rəsmi açıqlama verilmədən əhali su sınağına çəkilib. İsti yay günlərində suyun qeybə çəkilməsinin səbəblərini araşdırmağa çalışsaq da heç bir tutarlı səbəb tapa bilmədik. Paytaxtın müxtəlif rayonlarında su probleminin yaşanması ilə əlaqədar redaksiyamıza daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq Suraxanı rayonunda olduq. Rayonun düz mərkəzində, yaxın ətrafında ən azı iki su anbarı olan Zahid Əliyev küçəsinin sakinləri bildirdilər ki, artıq bir aya yaxındır ki, içməli su üzünə həsrət qalıblar. Bu bir ay müddətində yalnız bir neçə dəfə gecə saat 1-dən sonra 10-15 dəqiqə su verilib ki, bununla da bir aylıq su ehtiyatı yığmaq qeyri-mümkündür. Sakinlərin çoxsaylı müraciətlərinə baxmayaraq, su istismar idarəsində heç bir məsul şəxsdən məlumat almaq, suyun verilməməsi səbəbini öyrənmək mümkün olmayıb. Rayon sakinlərinin sözlərinə görə, Suraxanıda hər il yay mövsümündə su problemi yaşanır. Eyni problem ilin bütün fəsillərində olsa da yayda daha acınacaqlı vəziyyət yaranır. Ümumiyyətlə, Suraxanıda əhaliyə su qrafiklə verildiyindən bu rayonda içməli suyun daimi mövcudluğundan danışmağa dəyməz. "Burada söhbət qətiyyən su pulunun verilməməsindən gedə bilməz. Çünki abonentlərin əksəriyyətində su sayğacı var, lakin su olmadığından onun haqqının ödənilməsi üçün bir əsas yoxdur. Bundan başqa, digər rayonlarda olduğu kimi Suraxanıda bağ təsərrüfatı elə də inkişaf etməyib ki, gələn suyun ağaclara verilməsini bəhanə gətirsinlər. Belə halda burada söhbət yalnız aidiyyəti qurumların məsələyə biganə yanaşmaları və cavabdeh şəxslərin vəzifələrini icra etməmələri ilə bağlıdır". Elə bu səbəbdən rayon sakinlərinin hər birinin həyətində, eləcə də beşmərtəbəli binaların damında bir neçə çəni var ki, bu fakt da Suraxanıda su probleminin daimi olduğunun göstəricisidir. Təsəvvür edin ki, hər bina evində yaşayan vətəndaş binanın damında və həyətdə bir neşə çən qoyub, eyni proses həyət evlərində də baş verir. Və həmin çənlər tonu 10 manat olmaqla alınma su ilə doldurulur. İsti yay günlərində sakinlər ayda iki dəfə su almaq məcburiyyətində qalır ki, bu da aylıq su pulundan bir neşə dəfə şoxdur. Deməli, sakinlərin su pulu ödəmək problemi yoxdur ki, su satışı idarəsi hər hansı bəhanə gətirsin. Buna baxmayaraq, sahə nəzarətçiləri "bizim işimiz yalnız su pulu yığmaqdır" deməklə yaxalarını məsuliyyətdən kənara çəkirlər. Müşahidələrimiz deməyə əsas verir ki, Suraxanı rayonunda su yalnız icra strukturları və hüquq mühafizə orqanları rəhbərlərinin yaşadıqları ərazilərdə tapmaq mümkündür. Yenə qeyd edirik ki, bu da yalnız qrafiklə. Qalan ərazilərdə isə əli vedrəli sakinlər küçələrə su axtarışına çıxırlar. Məsələn, rayonda polis idarəsi, prokurorluq və əhalinin sosial müdafiəsi mərkəzi təxminən eyni ərazidə yerləşir. Həmin inzibati binalara fasilələrlə də olsa su verildiyi halda, vətəndaşlar susuzliqdan əziyyət çəkirlər. Vəziyyət o həddə çatıb ki, qab-qaşığı yumaq, çay qaynatmaq, paltar yumaq üçün "Heydər Əliyev" parkından butulka ilə su daşınır. Eyni vəziyyət rayonun Zığ və Günəşli qəsəbələrində də hökm sürməkdədir. Yay gələr-gəlməz rayonun bu qəsəbə sakinləri içməli su üzünə həsrət qalıblar. Bu barədə redaksiyamıza məlumat verən Zığ qəsəbəsi, Səcarət Həmidov küçəsində yaşayan Hüseynağa Balayevin sözlərinə görə, may ayının 15-dən sonra qəsəbəyə içməli su verilişi dayandırılıb. Artıq neçənci ildir ki, eyni vəziyyət davam etməkdədir. Yay mövsümü başlanan kimi qəsəbənin suyu kəsilir. Dəfələrlə Suraxanı rayonu su idarəsinə müraciət edilməsinə baxmayaraq sakinlərə yalnız vəd verilir. 2011-ci ildən bəri verilən vəd hələ də yerinə yetirilməyib". H.Balayevin sözlərinə görə, su olmadığına görə, sakinlər məcbur qalıb suyu maşınla alırlar: "Mən hər ay 100 manat verib 5 maşın su alıram. Sakinlər su ehtiyatını təmin etmək üçün 4-5 su çənindən istifadə edirlər. Bu isə insanların əlavə vəsaiti hesabına başa gəlir". Araşdırma zamanı bəlli oldu ki, sakinlərin hamısının su xəttti var. Ay ərzində satın aldıqları suya ödədikləri plun məbləği deməyə əsas verir ki, qəsəbədə su pulu ilə bağlı problemdən danışmaq yersizdir. Belə halda, əhalinin su ilə təminatında yaranan problem hansı amillərlə bağlıdır? Sakinlərin bildirdiyinə görə, yaxın ərazilərdə yerləşən beşmərtəbəli binalara su verilir. Ərazidə yaşayan qaçqınların narazılığından sonra onlara das su verilməsinə başlanılıb. Digər sakinlər isə hələ də gözləməkdə davam edirlər: "Ümumiyyətlə ötən müddət ərzində isra orqanları, bələdiyyə və kommunal xidmət sahələrəinə sosial problemlərin həlli məqsədilə sakinlər adından dəfələrlə müraciət olunub. Lakin problemləri elə sakinlər özləri həll etməli olublar. Belə ki, baxmayaraq ki, qəsəbəyə gələn yol pis vəziyyətdədir, onu da sakinlər öz hesablarına salıblar. Su xəttləri də sakinlərin vəsaiti hesabına çəkilib. İcra strukturu isə Qəbələ-Bakı su xətti çəkiləndən vəd verir ki, qəsəbə su ilə təmin ediləcək. Artıq əhali belə vədlərə inanmır. Çünki illərlədir ki, su sarıdan əziyyət çəkməli olurlar. Bu arada qazanan maşınla içməli su satanlar olur". Araşdırma zamanı onu da öyrənə bildik ki, içməli su satışı bir mərkəzdən idarə olunur, sanki bud a bir biznes növünə şevrilib. Sakinlərlə apardığımız söhbət zamanı bəlli oldu ki, rayon ərazisinə suyun verilməsilə bağlı elə də bir ciddi problem yoxdur. Çünki rayonun mərkəzindəki bəzi bina evlərinə fasilələrlə də olsa, su verilir. Ancaq cavabdeh şəxslərin məsuliyyətsizliyi ucbatından rayon ərazisinə suyun vaxtaşırı verilməsi nəzarətdən çıxıb. Sakinlər uzun illər eyni problemi yaşadıqlarından artıq yaxın zamanlarda sözügedən problemin həllini tapacağına ümidlərini üzüblər.
Alim