Zığ qəsəbəsi su üzünə həsrət qalıb - PROBLEM
Su idarəsinin müdiri isə sakinlərə maşınla su təklif edir
12 İyul 2013 15:06 ProblemSuraxanı rayonu Zığ qəsəbə sakinləri içməli su üzünə həsrət qalıblar. Bu barədə redaksiyamıza məlumat verən Zığ qəsəbəsi, Səcarət Həmidov küçəsində yaşayan Hüseynağa Balayevin sözlərinə görə, may ayının 15-dən sonra qəsəbəyə içməli su verilişi dayandırılıb. Artıq neçənci ildir ki, eyni vəziyyət davam etməkdədir. Yay mövsümü başlanan kimi qəsəbənin suyu kəsilir. Dəfələrlə Suraxanı rayonu su idarəsinə müraciət edilməsinə baxmayaraq sakinlərə yalnız vəd verilir. 2011-ci ildən bəri verilən vəd hələ də yerinə yetirilməyib". H.Balayevin sözlərinə görə, su olmadığına görə, sakinlər məcbur qalıb suyu maşınla alırlar: "Mən hər ay 100 manat verib 5 maşın su alıram. Sakinlər su ehtiyatını təmin etmək üçün 4-5 su çənindən istifadə edirlər. Bu isə insanların əlavə vəsaiti hesabına başa gəlir. Bu məsələni rayon su idarəsinin rəisinə dedikdə mənə cavab verdi ki, "lazımdırsa sənə bir maşın su göndərim". Məsələ ondan ibarətdir ki, sakinlərin hamısının su xətti olduğu halda niyə insanlar su ilə təmin olunmamalıdır? Bunun üçün imkanlar da mövcuddur. Yaxın ətrafda yeni tikilən beşmərtəbəli binaya su verildiyi halda ətraf evlər su üzünə həsrət qalıb".