Mingəçevir bələdiyyəsinin sədri torpaq sahələrini qohumlarının adına özəlləşdirib satır
Çiçək Kərimova: “Demək olar ki, şəhərin mərkəzində olan torpaq sahələri bu yolla satılıb qurtarıb”
12 İyul 2013 13:43 Problem"2007-ci ildən Mingəçevir şəhər bələdiyyəsindən xəstə bacım qızından ötrü torpaq sahəsi tələb edirik. Bacım qızı Qəribova İlhamə Akif qızının əqli cəhətdən çatışmamazlığı var, nə danışa, nə də ki eşidə bilir. Qızın atası 31 il polis orqanlarında məsul vəzifələrdə işləyib. Dəfələrlə fərdi mənzil tikmək üçün bələdiyyəyə müraciət edib torpaq sahəsi almaq istəmişik". Mingəçevir şəhər sakini Kərimova Çiçək belə deyib. O, bildirib ki, dəfələrlə edilən müraciətlərə baxmayaraq Mingəçevir Bələdiyyə İdarəsinin sədri Cavanşir Yusifov müxtəlif bəhanələr gətirərək açıq şəkildə torpaq sahəsi ayırmaqdan imtina edib. Ç.Kərimovanın sözlərinə görə Cavanşir Yusifov şəhərin mərkəzində yerləşən 16 və 17 nömrəli məktəblərin ətrafındakı torpaqları ayrı-ayrı adamlara istədiyi kimi paylayıb: "Məsələ Bələdiyyə İdarəsi tərəfindən həll olunmadığı üçün dəfələrlə aidiyyatı orqanlara müraciət ünvanlamışıq. Lakin həmin qurumlara edilən müraciətlərə də müsbət cavab verilməyib. Bütün bunları nəzərə alan Cavanşir Yusifov şəhərin Üçxoz qəsəbəsi deyilən yerindən bizə torpaq sahəsi təklif etdi. Təklif edilən 4 sot torpağa görə məndən 1600 manat pul tələb ediblər. Həmin pula qəsəbədən xüsusi şəxslərdən də torpaq almaq mümkündür. Məsələnin ən pis tərəfi isə həmin ərazinin istifadə üçün yararsız ərazidə yerləşməsidir. Bələdiyyənin balansında olan və şəhərin mərkəzində olan ərazilər Cavanşir Yusifovun qohumlarının adına xüsusiləşdirilərək 20-25 manata ayrı-ayrı şəxslərə satılır. Demək olar ki, şəhərin mərkəzində olan torpaq sahələri bu yolla satılıb qurtarıb". Çiçək Kərimova qeyd etdi ki, xəstə bacısı qızının durduğu yerdə ürək getməsi var, əsəbidir, səbəbsiz yerə səs-küy salır. Onu bina evində saxlamaq mümkün deyil, qonşular da tez-tez şikayət edirlər. Şəhər sakini bildirdi ki, bir evdə beş nəfər yaşayır: "Mən, bacım qızı İlhamə Qəribova, bacım oğlu Rahib Qəribov, bacım nəvələri Qəribov Lətif və Qəribov Sənan cəmisi iki otaqlı evdə sıxışıb qalmışıq. Həddindən artıq ağır şəraiti olan evdə xəstə qızla qalmaq çox çətindir. Lətiflə Sənanın anası rəhmətə gedib, onların gələcəyi necə olacaq? Biz bütün bunları Bələdiyyə İdarəsinə bildirmişik, amma hər dəfə bizə deyiblər ki, balansda torpaq sahəsi qalmayıb. Amma sübut edə bilərik ki, həmin torpaq kimlərin adına xüsusiləşdirilərək satılıb. Cavanşir Yusifov sanki dövlətə məxsus olan torpaqları şəxsi biznesi kimi idarə edir. Kimə gəldi satır, kimin adına gəldi özləlləşdirir". ("OLAYLAR" İA)