Narkomanların sayı artır, narkoloqlar isə çatmır - Millət vəkili səbəbləri AÇIQLADI

2014-cü ildən Azərbaycanda "Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram" tətbiq olunur. Amma o vaxtdan indiyədək ğlkədə narkotik istifadəçilərinin sayı rəsmi rəqəmlərdə də, reallıqda da kəskin artıb.

Məsələn, 2015-ci ildə ölkədə 28 min 555 nəfər narkotik istifadəçisi qeydiyyatda idisə, 2021-ci ildə bu rəqəm 34 minə çatıb. O da sirr deyil ki, narkotik istifadəçilərinin real sayı rəsmi statistikada göstəriləndən dəfələrlə çoxdur. Sayın çoxluğunu mütəxəssislər də təsdiqləyir.

Narkotikdən əziyyət çəkənlərin  sağalmasında narkoloqların rolu əvəzsizdir. Ancaq bu gün ölkəmizdə narkoloq sayı yetərincə deyil. Belə ki, son 6 illə müqayisədə ölkədə narkoloqların sayı azalıb. Dövlət Statistika Komitəsinin son açıqladığı rəqəmlərə əsasən, 2016-cı ildə ölkədə narkoloqların sayı 91, ötən il 67, cari ildə isə 66 olub. Bununla da əhalinin hər 10 min nəfərinə düşən narkoloq sayı 0,1 olub.

Bəs, narkomaniya ilə bağlı mövcud problemlərin həlli üçün hansı addımlar atılmalıdır?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı Bakupost.az -a bildirib ki, Azərbaycandan tranzit məkan kimi istifadə edən narkobaronlara qarşı ölkəmizdə ciddi mübarizə aparılır.

"Ancaq təəssüf ki, Azərbaycanın da üzv olduğu beynəlxalq təşkilatların narkotik istifadəçilərinə qarşı yanaşması tamamilə fərqlidir. Yəni, Avropa strukturkarının qəbul etdiyi sənədlərdə, deklarasiyalarda narkotik istifadəçilərinə siqaret vərdişkarı kimi yanaşılır. Bundan əlavə onların qəbul etdiyi sənədlərdə ancaq narkotiki başqalarına satmaq, yaymaq məsələsi cinayət, yaxud qanun pozuntusu hesab olunur. Bu gün qlobal təhlükələrin təsirindən Azərbaycanda da bu problemin tamamilə qarşısını kəsmək mümkün olmayıb".

Millət vəkili peşəkar narkoloqların çatışmadığı barədə fikirlərlə isə razı deyil:

"Doğrudur, ölkəmizdə narkoloqların sayı azdır. Əgər əhalinin hər 10 min nəfərinə 0.1 narkoloq düşürsə, deməli, bu, ciddi bir haldır. Əvvəlki illərdən fərqli olaraq bu gün artıq narkotik istifadəçisinin müalicəsi ilə bağlı məcburiyyət yoxdur, həmçinin vərəm xəstəliyilə bağlı da beynəlxalq qanunvericilik eyni vəziyyətdədir. Təxminən 20-30 il əvvəl vərəm xəstəsi əgər müalicəyə cəlb olunmasaydı, o ictimai asayiş üçün təhlükə mənbəyi hesab olunurdu, onun barəsində cinayət işi açılardı. Amma bu gün nəinki vərəm xəstəliyi, eyni zamanda narkotik istifadəçisinə qarşı yanaşma tamamilə dəyişib. Bu da beynəlxalq sənədlərdə olan imperativ maddələrdən irəli gəlir. Odur ki, bu gün narkoloqların sayı azdır".

M.İbrahimqızı hesab edir ki, müvafiq qurumlar narkoloqların sayının artırılması barədə düşünməlidir:

"Bu problemin həll olunması üşün hansısa konkret tədbirlər görmək olar. Bəlkə də narkoloqların əmək haqları, iş şəraiti yüksək olsaydı, bu sahəyə üz tutanların sayı artardı. Təbii ki, bunlar müvafiq qurumların işidir. Narkoloqların sayının artmasına ehtiyac var".

Bakupost.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31