Azərbaycanda yay: ilan, əqrəb, qaraqurd - ehtiyatlı olun
8 İyul 2013 12:20 Problemİyulun 1-dən 5-dək Bakıdakı 1 saylı xəstəxanaya ilan, qaraqurd və əqrəb sancmış 11 pasiyent daxil olub. Milli.Az Day.Az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin baş toksikoloqu, 1 saylı xəstəxananın toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun dediyinə görə, pasiyentlərdən 8 nəfərini ilan vurub, 2 nəfəri qaraqurd, 1 nəfəri isə sarı əqrəb dişləyib. "Bir neçə gün əvvəl xəstəxanamıza Salyan rayounun 6 yaşlı sakini çox ağır vəziyyətdə gətirildi. Onun valideynləri və qohumları uşağı ilan sancdığını yalnız dişlənən yerin şişməsindən sonra anlamışdılar. Amma gec idi, ilanın uşağı sancmasından 6 saat keçmişdi. Özü də ilan qızı ürəyinin yanından sancmışdı. Axşam 6 yaşlı pasiyenti xəstəxanaya gətirdilər, səhər isə o keçindi", - A.Maqsudov dedi.
Baş toksikoloqun sözlərinə görə, qaraqurd 7 yaşlı qızı dişləyib: "Qaraqurd onu qulağından dişləmişdi. Qızı Xızı rayonundan gətirmişdilər. Onun vəziyyəti stabilləşib. Qaraqurdun dişlədiyi digər pasiyent isə Siyəzən rayonunun 36 yaşlı sakinidir. Onun da vəziyyəti normallaşıb. Əgər qaraqurd dişləyən şəxsə 1-2 sutka ərzində yardım edilməzsə, ölüm qaçılmazdır".
Bu ay Şabran rayonunun sakinini sarı əqrəb sancıb. Onun vəziyyəti stabilləşib, səhhəti ilə bağlı problem yoxdur.
Sarı əqrəbin zəhəri qara əqrəb zəhəri kimi təhlükəli deyil. Əgər qara əqrəb dişləmiş adama 4-5 saat ərzində təcili yardım göstərilməsə, həmin şəxs ölə bilər.
Baş toksikoloqun dediyinə görə, ilan və əqrəb sancmalarının əksəriyyəti diqqətsizlik, ehtiyatsızlıqla bağlıdır.