Masallının polis rəisi Nəriman İmanov məhkəmədə rüsvay oldu
Təqsirləndirilən şəxs prosesdə polis rəisinin iyrəncliklərini ortaya çıxardı
3 İyul 2013 16:33 ProblemGəncə Ağır Cinayətlər Məhkəməsində polis rəisinin yalanları üzə çıxıb. Bu barədə redaksiyamıza prosesdə təqsirləndirilən şəxs qismində iştirak edən vətandaşın yaxınları müraciət edib. Prosesdə hakim polis rəisini müdafiə etmək istəsə də, iclasda təqsirləndirilən şəxs və onun vəkili polis rəisinin qanunsuz hərəkətlərini ifşa edib. Müraciətdə bildirilir ki, hadisə bu il mayın 21-də keçirilən prosesdə baş verib. Hakim Mübariz Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 177.3.2 və s. maddələri ilə təqsirləndirilən Tərtər rayon sakini Nuriyev Elgiz Yahya oğlunun məhkəmə prosesində biabırçı faktlar ortaya çıxıb.
Müraciətdə deyilir ki, Elgiz Nuriyev 14 oktyabr 2011-ci il tarixindən bu günə qədər həbsdə saxlanılır və onun barəsində Tərtər Rayon Polis Şöbəsində toplanmış faktların bəziləri Gəncə Ağır Cinayətlər Məhkəməsinin baxışları zamanı sübuta yetmir. Böyük səs-küy və sensasiya doğuran bu iş artıq bütün hüqüq mühafizə orqanlarının nəzarətindədir. Oğurlandığı iddia edilən 40 000 manatlıq qızıl zinət əşyalarının və 4 000 manat nəğd pulun ortada heç bir sübut olmadığı və ancaq zərərçəkmişin ərizəsinə əsasən maddi sübut kimi qəbul edilməsi bu işdə maraqlı tərəfin olmasından xəbər verir. Müdafiə tərəfi iddia edir ki, bu iş Tərtər RPŞ-nin keçmiş rəisi N.İmanovun təzyiqi altında saxtalaşdırılıb: "Bu gün də N.İmanov etdiyi cinayət əməlinin üstünü ört-basdır etmək üçün dəridən- qabıqdan cıxır. O, düz 7 aydır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinə gəlməkdən müxtəlif bəhanələr gətirərək boyun qaçırırdı".
Polis rəisi jurnalistlərin çəkilişindən niyə qorxub?
Şikayətçilər deyir ki, nəhayət bir neçə prosesdən sonra polis rəisi prosesə gətirilib və ifadə verib: "Məhkəmə iclası, əlavə şahid qismində məhkəməyə gətirilmiş Tərtər rayon polis şöbəsinin keçmiş rəisi, hal-hazırda Masallı rayon polis şöbəsinin rəisi olan polis polkovniki Nəriman İmanovun ifadə verməsi ilə başladı. Nəriman İmanov məhkəməyə ifadə verməzdən əvvəl təqsirləndirilən Elgiz Nuriyev məhkəməyə vəsadətlə müraciət edərək bildirdi ki, onda olan məlumata görə, Nəriman İmanov məhkəmə zalına öz tabel silahı ilə daxil olub və ona görə də onun üzərinə baxış keçirilməlidir.
Məhkəmə rəisin əmri ilə jurnalistlərin fəaliyyətinə mane olub
Məhkəmə tərkibi Elgiz Nuriyevin bu vəsadətini təmin etməyib və polis rəisini müdafiə xarakterli çıxış edib. Amma, buna baxmayaraq Nəriman İmanov kostyumunun düyməsini açıb nümayişkarənə şəkildə bildirdi ki, onun üstündə silah yoxdur. Bundan sonra Nəriman İmanov məhkəmə zalında jurnalistlərin çəkiliş aparmaq hüququnun məhdudlaşdırılmasını istədi. Heç bir əsas olmadığı halda, rəis jurnalistlərin peşə fəaliyyətinə açıq-aşkar müdaxilə etdi. Bildirdi ki, jurnalistlər çəkiliş aparsa ifadə verməyəcək. Məhkəməyə sədrlik edən hakim Mübariz Məmmədov dərhal məhkəmə nəzarətçilərinə tapşırıq verdi ki, mətbuat nümayəndələrinin texniki vasitələri əllərindən alınsın. Baxmayaraq ki, əvvəlki proseslərin birində təqsirləndirilən şəxs Elgiz Nuriyevin kütləvi informasiya vasitələri nümayəndələrinin məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı vəsadəti məhkəmə tərəfindən təmin edilmişdi. Hakim özü təmin etdiyi vəsatəti qanunsuz pozdu, məhkəmə iştirakçılarının qəzəbinə və səs-küyünə tuş gəldi. O, bu hərəkəti ilə KİV haqqında qanunu kobud pozdu və məhkəmədə iştirak edən KİV nümayəndələrinə hörmətsizlik etdi".
Şikayətçi iddia edir ki, yalnız texniki vasitələr jurnalistlərin əlindən alındıqdan sonra Nəriman İmanov cinayət işi üzrə ifadə verməyə başlayıb. Əvvəlcə polis rəisi etdiyi qanunsuzluqları ört-basdır ertmək istəsə də, təqsirləndirilən şəxs və onun müdafiə tərəfi Nəriman İmanovun qanunsuzluqlarını ifşa edib: "Nəriman İmanovun qısa ifadəsindən sonra müdafiə tərəfin sualları başladı. Təqsirləndirilən şəxs Elgiz Nuriyev istintaq zamanı Nəriman İvanov tərəfindən müxtəlif təzyiq və təsirlərə məruz qalması, eləcə də onun tərəfindən aldadılması ilə bağlı olan suallarını polis rəisi rədd etmək istədi.
Şahid polis rəisinin yalan danışdığını sübuta yetirdi
Amma, rəis özünü o qədər də müdafiə edə bilmədi. Əvvəlcə polis rəisi "Mən belə şeyi xatırlamıram, çoxdan olmuş hadisədi, yadımdan çıxıb, belə bir şey olmayıb" kimi sözlər deməklə cavab məsuliyyətdən yayınmaq istədi. Amma müdafiəçinin "Siz Elgiz Nuriyevin işi ilə bağlı, onun dayısı Talıb Məmmədovla görüşüb hər hansı bir danışıq aparmısınızmı" sualına Nəriman İmanovun "Xeyr, mən onunla her bir danışıq aparmamışam" deməsi aləmi qarışdırdı. Bu zaman zalda əyləşən Talıb Məmmədov məhkəməyə müraciət edərək proses iştirakçılarına bildirdi ki, Nəriman İmanov yalan danışır. Şahid dedi ki, polis rəisi ilə Tərtər RPŞ-ində, onun kabinetində görüşüb. Görüş zamanı rəis Talıb Məmmədova bildirib ki, sən iş üzrə zərərçəkmiş şəxs hesab edilən Aybəniz Həsənovaya 10 000 (on min) manat pul verməlisən. Əgər verməsən, Elgiz Nuriyev yazacaq ki, mən oğurladığım pulları Həsən dayıma vermişəm. T.Məmmədovla N.İmanovun arasında olan söhbətləri T.Məmmədov ona dəqiq vaxtını və aralarında olan söhbətlərin tam məzmununu xatırlatdı. N.İmanov isə hər vasitə ilə məhkəməyə yalan danışaraq boynuna almırdı. T.Məmmədov N.İmanova məxsus "Mən Tərtərin ağasıyam" sözünü xatırladaq N.İmanovun Tərtərdə məhkəmə orqanlarının ünvanına qarşı işlətdiyi təhqiramiz ifadəni açıqladı".
Həmin vaxt prosesdə Elgiz Nuriyev polis rəisinə suallar ünvanlayıb və elə bu suallar da N. İmanovu çaşdırıb. Təqsirləndirilən şəxsin N.İmanova "Niyə mən müstəntiq V.Zeynalovun otağında dindirilərkən onun otağına gəlib mənim vəkilimi müstəntiqin otağından zorla çölə çıxartdın, axı o sizə bildirdi ki, mənim vəkilimdir və əlində də orderi var" sualına polis rəisi söz tapmayıb"Mən onu tanımırdım" deyərək sualdan boyun qaçırdı. Təqsirləndirilən şəxsin "Sizin vəkili tanımağa nə ehtiyacınız var idi və niyə istintaqın işinə müdaxilə edirdiniz" sualına isə polis rəisi hec bir cavab verə bilməyib.
Təqsirləndirilən şəxs rəisin iyrənc kompaniyasını üzə çıxardı
Prosesdə polis rəisinin daha bir biabırçılığı ortaya çıxıb. Təqsirləndirilən şəxs N. İmanovun ona qarşı iyrənc hədələrini açıqlayanda qarşı tərəf biabırçı bir vasitə ilə məsələdən yayınmağa başlayıb. Belə ki, Elgiz Nuriyev prosesdə polis rəisinin onu nalayiq və iyrənc hədələrini aşıqlayıb: "Siz öz müavininiz İ.Əsgərov ilə mənə dediniz ki, əgər dediklərimizi ərizədə yazmasan, sənin ailə üzvlərini bura gətizdirib onların üzərində nalayiq hərəkətlər etdirəcəyik. Səni Gəncə təcridxanasında üzdən iraqların içərisində saxlatdıracam. Sən hələ bilmirsən mənim necə adamlarım var hər yerdə. Bu sözləri dediyiniz yadınızdadı?"
İfşaya dözməyən rəis məhkəmə zalını tərk etdi
N.İmanov Elgizin bu sualından heç cür yayına bilməyib və özünü qəfildən xəstəliyə vurub. Sualı heç cür cavablandıra bilməyən polis rəisi məsuliyyətdən yayınmaq yolunu bu bəhanədə tapıb: "Sualı cavablandırmaqdan ümumiyyətlə yayınaraq o məhkəməyə onun yüksək təzyiqinin olmasını, özünü cox pis hiss etməsini bildirib və zaldan çıxmasını xahiş etdi. N.İmanov suallardan yayınıb getməsini görən təqsirləndirilən şəxs Elgiz Nuriyev onu ən ağır küçə söyüşləri ilə təhqir etsə də polis rəisi heç bir cavab vermədən zaldan çıxdı. Alçalmış və təhqir olunmuş N.İmanov isə məhkəmə zalından çıxaraq birbaşa öz avtomaşınına tərəf gedib əsəbdən maşınının təkərinə və qapısına təpiklə vurmağa başladı. Bütün bu hərəkətləri görən məhkəmə iştirakçıları və əlavə şəxslər N.İmanovun hansı vəziyyətdə qaldığını görür və ona gülürdülər. Elədiyi hərəkətlərin ən ağır cinayət olduğunu bilən N.İmanov heç kimə heç nə deyə bilmirdi.
Samir Əli