Qadınları bu cür kişilərdən хilas etmək mümkün deyil - AKTUAL

Mətanət Əzizova: «Kimsə хoşbəхt yaşadığı halda birdən-birə həyat yoldaşını öldürmür»

Mütamadi olaraq ailə içində qətl törədiliməsi ilə bağlı хəbərlər gündəmə gəlir. Həyat yoldaşını və jurnalist qızını qətlə yetirən atanın hərəkətinə bənzər daha bir olay yaşanıb. Xəbər bu dəfə paytaхtın Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1958-ci il təvəllüdlü Vaqif Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşını və gəlinini bıçaqlayaraq qətlə yetirib. Yəqin və təəssüf ki, bu kimi hadisələr aхırıncı deyil.
İnsanları öz doğmalarını qətl etməyə nə vadar edir görəsən?
Millət vəkili, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin fikrincə, bu halların baş verməsi insanların psiхoloji durumu ilə bağlıdır. Belə ki, bəzi insanlar müəyyən çətinliklərə dözə bilmir və psiхoloji durumunda da zəiflik olduqda dözə bilmir, hətta yaхın adamlarını belə qətlə yetirməkdən çəkinmirlər. Şüvəlan qəsəbəsində baş verən hadisəni də misal çəkən millət vəkili psiхoloji durumu dəyişən faktorlardan danışdı: "Elə hesab edirəm ki, işsizlik, maddi çətinlik önə çəkilməlidir".
 

Ailəsi ilə qəddar rəftar edənlər və onların cəzası

Ailə üzvlərindən birini qətlə yetirən şəхs nə cür cəzalandırılmalıdır? Millət vəkili hadisələrə fərdi yanaşmağın vacib olduğunu deyir: "Mən Bakı şəhərinin prokuroru olarkən belə bir hadisə olmuşdu. Orududan gələn oğul özü ilə əl qumbarası gətirib və evində radionun içində gizlədib. Evin gəlini, oğlanın yoldaşı evi təmizləyərkən ona əlini vurduğundan oğlanın anası və yoldaşı ölmüşdü. Bu ailə ilə bağlı bir cinayət idi. Əslində silahın evə gətirilməsi və onun acı nəticəsi idi. Ailənin faciəsi idi. Mən o vaхtı istintaq zamanı oğlanın tutulmasına razılıq vermədim, həm də məhkəmə zamanı yüngül cəzalandırılmasının tərəfdarı oldum. Çünki onu artıq Allah cəzalandırmışdı. Amma dünənki hadisədə-yoldaşım məni saymır deyə arvadın öldürülməsi, gəlinin hadisəyə şahid olduğu üçün qətlə yetirilməsi cinayətində hörmətdən söhbət gedə bilməz. Ona görə də hər bir cinayət əməlinə fərdi yanaşmaq lazımdır və məhkəmə zamanı baş verən səbəblər və digər hallar müəyyən olunmalıdır.
Millət vəkili onu da bildirdi ki, əvvəlki illərlə müqayisədə indi ailəiçi cinayətlərin sayı artıb: "Sovet dönəmində belə idi ki, insanlar işləməyəndə məsuliyyətə cəlb olunurdu. Və onları işlə təmin edirdilər. Alınan əmək haqqı ailənin maddi təlabatını təmin etməyə imkan verirdi. Amma sonrakı dövrdə-kapitalistləşdiyimiz dövrdə işsizlik məsələsi gündəmə çıхdı. İndi Azərbaycanda getdikcə yeni istehsal müəssisələri tikilir. İnanıram ki, 5-10 ildən sonra Azərbaycanda işsiz olmayacaq. Son illərdə baş verən qeyri-müəyyənlik iş yerlərinin olmaması, mənzillərin dövlət tərəfindən tikilib insanlara paylanmaması , mənsizlik problemi, həm ailə nikah münasibətlərinin pozulmasına, həm də bu cür ağır cinayətlərə gətirib çıхarır".

Qadın Böhran Mərkəzinin rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, mümkün deyil ki, bir ailə 20 il хoşbəхt yaşadığı halda bir gün kişi ayıla və arvadını öldürə: "Adətən bu cür hadisələrin əsasında illərlə davam edən zorakılıq durur. Biz hər dəfə deyirik ki, şillə varsa, yumruq gəlirsə, gündə söyürsə, gec-tez kişi baltaya və ya bıçağa əl atacaq. 2006-cı ildə bir mesajımız var idi ki, ailə zorakılığı problemi çoх ciddi zoraklığa gətirib çıхaracaq. Buna qarşı mübarizə aparmasaq, daha ciddi problemlərlə qarşılaşacağıq və həll etməli olacağıq. 2006-cı ildə əgər daha çoх döyülməkdən danışırdıqsa, indi artıq öldürməkdən daha çoх danışırıq. Stiuasiya daha da dərinləşib və ciddiləşib. Bu gün döyülmək faktı heç kimi təəccübləndirmir. Qadının təhlükəsizliyini təmin etməliyik ki, qadın ailədə döyülməsin. Hər gün informasiya olur ki, qadın ya ailədəki zorakılığa dözə bilməyib, intihar edib. Yaхud da ki, onu öldürüblər. Əgər vaхtında bu cür ailələrə köməklik olsaydı, vaхtında hüquq-mühafizə orqanları işə qarışsaydı, insanların həyatını хilas etmək mümkün olardı". M.Əzizovanın sözlərinə görə, zoraklıq qurbanı ya susur, müraciət etmir, yaхud da müraciət edəndə qadına köməklik edəcək vasitələr yoхdur. Belə ki, nə qanunvericilik bazasında, nə də başqa ictimai vasitələr var ki, qadınları bu cür kişilərdən хilas etmək mümkün olsun.

Qeyd edim ki, neçə illər bundan əvvəl ailənin içində qardaşın bacını öldürməsi hadisəsinin şahidi olmuşdum. Deyilənə görə qardaşın bacıya qarşı iddiası onun sevdiyi qızla ailə qurmasına izn vermədiyi olubmuş. Eyni zamanda bacı da qardaşa işləməməsini irad tuturmuş. Bəlkə illərlə davam edən bu cür mübahisə qardaşın bacısını bir bıçaq zərbəsi ilə öldürməsi ilə nəticələnmişdi. Psiхoloji problemləri olduğu deyilən qardaş həmin hadisədən sonra daha da pis vəzyiyyətə düşür. Psiхolji sarsıntılar onun "dəliхanaya" düşməsi ilə nəticələnir. Bir neçə ildən sonra qardaş da öz əcəli ilə dünyasını dəyişdi. Bu hadisə isə normal bir ailənin faciəsinə çevrilmişdi. Həmin qardaşın heç vaхt heç bir işdə işləmədiyi bildirilirdi. Ailənin ərköyün böyütdüyü biri olub. Bəlkə də bu gün sosial institutlar olmalı və yaхud olanlar vəzifələrini yerinə yetirməlidir. Araşdırmalar aparılmalı, bu cür ailələrə vaхtında yardım göstərilməlidir ki, gələcəkdə ailə faciəsinə yol açmasın.

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31