Abort və onun nəticələri-PROBLEM
22 İyun 2013 09:25 ProblemBu gün Azərbaycanda aborta qərar verən və bu yola əl atan qadınların sayı kifayət qədər çoxdur. Qadınlar bəzən anlamırlar ki, bətndəki toxumu öldürməklə onlar bir canlı insan həyatına son qoyurlar. Azərbaycanda abort səviyyəsi dünyada müşahidə edilən ən yüksək göstəricilərdəndir. Abort Azərbaycanda çox yayılıb və getdikcə daha da çox artır. Bunun qarşısı tədricən alınsa da, çox vaxt insanlar bundan yan keçə bilmir. Hətta abort adət halını da alıb. Çox ölkələr abortu qadağan etsələr belə, Azərbaycanda buna qarşı tədbirlər görülmür. Məsələn, qonşu Türkiyədə abort qadağan edilib. Abort etmək istəyənləri isə cərimə edəcəklər. Azərbaycanda da bunu qadağan etsələr, çox yaxşı olar. Çünki abortların sayı çoxalıb, abort etmək istəyənlər artıq heç nəyə baxmayaraq, heç kimi eşitmədən uşaq qətlini törədirlər. Rəsmi məlumatlara görə, hər il ölkəmizdə 30 minə yaxın abort əməliyyatı aparılır. Nəzərə alsaq ki, bizdəki abortların böyük hissəsi qeydiyyata alınmır, o zaman məlum olar ki, Azərbaycanda bu sahədə vəziyyət təsəvvür edildiyindən də ağırdır. Qeyri-rəsmi məlumatlara görə, ölkədə abortların illik sayı 100 mindən yuxarıdır. Əksər hallarda abort qadının öz arzusu ilə reallaşır: "Onları bu addıma bəzən ailədə məcbur edirlər. Cavan ailə evlənir, ailə həyatı qurur və bir neçə aydan sonra uşaq gözləyir. Amma ər arvadın bətnindəkinin qız olduğunu biləndə, uşağı saldırmağı tələb edir. Yəni böyük əksəriyyət oğlan uşağına varis kimi baxır. Həmçinin oğlun olmaması bir növ qınaq kimi də qəbul olunur, yəni "oğlun yoxdursa, sən kişi deyilsən". Məhəmməd Peyğəmbərimizin (s.ə.s) çox gözəl bir kəlamında deyilir: "Övladlarınız arasında oğlanla qıza fərq qoymayın; fərq qoymaq lazım gəlsəydi, mən qızları üstün tutardım".
Bir çox hallarda isə abort qadınlar tərəfindən könüllü şəkildə icra olunur ki, bu da psixoloji təsirdir. Gələcək ata daha düşünmür ki, həyat yoldaşını aborta göndərməklə Allah qarşısında necə böyük günaha batır, nə qədər böyük cinayət törədir, nə qədər adama əzab- əziyyət çəkdirir.
Həm ana, həm də o doğulmamış uşaq əzab çəkir, hətta ağlayır, fəryad qoparıb anasına sanki yalvarır ki, onu saxlasın, onu tərk etməsin, onu öldürməsin. Hətta abort etdirməyə gələn bir xanımı aparata salanda həkimlər görüblər ki, bir neçə aylıq olan uşaq anasının bətnində göz yaşı töküb ağlayır. Bəzi hallarda qadınlar körpəsini dünyaya gətirmək istəyində olsa da, onu zorla aborta məcbur edirlər, xüsusi ilə də evdə münaqişə zəminində, ortaq məxrəcə gəlməyəndə uşaq qalır ortada. Sonra isə onu qurban verməyə razı olurlar, sanki bu balaca doğulmamış körpə kiməsə mane olacaq, lazım olmayan əşya kimi ondan canlarını birdəfəlik qurtarırlar. Bir şey də var ki, bəzən ailədə bir neçə uşaq olur və ər arvad elə fikirləşir ki, daha kifayətdir, neyləyirlər bu uşağı, artıq yük olacaq onlar üçün. Bir neçəsi var, artıq yeni uşağa daha nə yer, nə də sevgi olacaq. Aborta gedirlər, cinayət törədirlər, təki ailələrini əllərində saxlasınlar ki, ailələri dağılmasın, daha körpənin həyatı heç kimin vecinə olmur. Elə ailələr də var ki, çox imkansızdı, pis şəraitdə yaşayır, uşağı dolandıra bilməyəcəyini düşünür və ondan imtina qərarını verir. Bir tərəfdən onları da anlamaq olar, kasıbçılıq onları buna vadar edir. Uşağı yoxsulluq içində böyütməkdənsə onlardan imtina edirlər, Lakin məhz bu səbəbə görə cinayət törətmək olmaz axı. Nəyə görə axı bizim mentalitetdə bu kimi fikirlər hələ də qalmaqdadır ki, mütləq gərək abort olsun. Nəyə görə məhz bu cinayətə əl atırlar?! Doğurdanmı bizim cəmiyyətimiz hələ də tam formallaşmayıb. Məgər başqa yolu yoxdur bu problemin? Bu, ancaq cinayət törədilməklə çözülməlidi?.. Xəstəxanalarda, özəl klinikalarda və həmçinin doğum evlərində həkimlər deyir ki, abort etdirənlərin sayı günü-gündən çoxalır, ginekoloqun xidmətlərindən istifadə edənlərin arasında başqası ilə cinsi əlaqədə olan və ya zorlanan məktəbyaşlı qızların sayı getdikcə artır. Belələri gənc oğlanlarla cinsi münasibətdə olur və hamilə qaldıqları məlum olanda ailələrindən xəbərsiz abort etdirirlər. Çox vaxtda elə sevişdiyi, gəzdikləri oğlanlar onları məcbur edir buna. Qeyri-rəsmi nikahda olan cütlüklər və cavan sevgililər cinsi əlaqəyə girirlər və bunun əks tərəfini heç düşünmədən öz tələbatlarını öldürürlər, ancaq bu tələbatların sonrakı fəsadları çox acınacaqlı olur. Bir müddət keçdikdən sonra isə gec olur artıq. Onlar anlamırlar ki, bir canlı varlıq yaranır. Bundan sonra böyük problemlər başlayır. Bəzi xanımlar uşağa qaldığını bəlkə də qorxudan, yada heç bildirmək istəmir, heç bildirmirlər. Uşağa ancaq lazımsız bir "şey" kimi baxır. Bəlkə də heç anlamır, bacarmır, anlamaq belə istəmir. Kişilər isə uşağı bilən kimi ondan imtina tələb edirlər. Əksər kişilər düşünmürlər ki, bu qədər əzab çəkməkdənsə, bu qədər əziyyət verməkdənsə yaxşı olmazmı pul verib hər hansı bir aptekdən qoruyucu vasitə alsın ki, belə vəziyyətlə üzləşməsin və heç kim pis vəziyyətdə qalmasın. Məncə bu ən yaxşı variantdı, ancaq bunu hər kəs qəbul etmir, bilmədiklərindənmi deyək və ya özlərinə əziyyət verməməkdənmi? Halbuki bir neçə manat (AZN) verib qoruyucu vasitə almaqla çətin məqamlardan qaçmaq olar. Hər vəziyyətdən asanlıqla çıxmaq olar, sadəcə bir balaca düşünmək lazımdı. Aborta bir neçə tərəfdən çox ziyanlı və acılıdı. Dini tərəfdən İslam buna çox pis baxır. Müsəlman aləmində və ümumiyyətlə dində abort çox pis qarşılanır, bu haram sayılır. Bəs müqəddəs Quranda bu haqda nə deyilir? Quranda deyilir ki, kasıblıq üzündən, yoxsulluqdan qorxub uşaqlarınızı, xüsusilə də qızları öldürməyin, onların ruzisini Tanrı verir. Və qiyamət günü diri-diri gömülən qızlarınıza görə də cavab verəcəksiniz. "Uşaq ana bətnində ölə bilər və ya ana üçün hər hansı bir təhlükə yarada bilər. Başqa heç bir halda uşaq götürülə bilməz, bu haramdır". Bu həm sağlamlığa çox böyük zərbə vurur. Abort ziyandı, ziyanı nə qədər çox olsa da fəsadları ondan bir o qədər də çox olur. Misal üçün, abort gələcəkdə sonsuzluğa gətirib çıxara bilər, orqanizmdə ciddi proseslər baş verə
bilər, ağrı və xoşagəlməz xəstəliklər üzə çıxa bilər. Doğulmamış körpəni ana bətnində müxtəlif üsullarla öldürürlər. Bu da nəinki uşağa, həm də anaya çox ağrı-acılı bir prosesdir. Ümumiyyətlə qadın sağlamlığının, həmçinin orqanizminin ən böyük düşməni elə abortdu. İlk uşağını abort edənlər isə unutmamalıdır ki, ana olmaq üçün bəlkə də ən son şanslarını öz əlləri ilə məhv edirlər, çünki ilk uşağı süni yolla salmaq çox vaxt sonsuzluğa gətirib çıxardır, bəlkə də bundan sonra onlar bu gözəl hissi bir daha yaşaya bilməyəcəklər, həyatdı, hər şey ola bilər. Canlı şahid olduğum bir hadisəni qısa məzmunda danışmaq istərdim. Bu olay işlədiyim bir müəssisədə baş vermişdi. Bir gün birlikdə işlədiyim qızın qanının çox qara olduğunu gördüm nə baş verdiyini soruşdum. Əvvəl demək istəməsə də, sonra hamilə olduğunu dedi. Amma heç bu uşağı istəmir, çünki onun hələ gələcəyi qabaqdadı, o ərə getməlidi, evdə valideynləri bilmir, bilsələr onu öldürərlər, bu uşaq isə təsadüfi əlaqənin nəticəsindən yaranıb. Bu onun birinci hamiləliyidi. Uşağın atası vəziyyəti bilən kimi uşağı saldırmağı tələb etdi. Xərcini də ödədi, təkcə onun başı ağrımasın, problem yaranmasın. Çünki o, evli adamdı, onun ailəsi var və bu təsadüfi əlaqə ilə nəticələnən bir uşaq ona lazım deyil. O, heç vaxt ailəsini dağıtmaq istəməz. Bir müddət keçəndən sonra bütün iş xəbər tutanda ki, o qız hamilədi və aborta gedib, o rahatca dedi ki, hə bu olan işdi, hamı ilə belə bir hadisə baş verə bilər əsas gərək vaxtında ondan can qurtara biləsən. O çox asan və heç bir xəcalət hissi keçirmədən buna əl atdı və nəticədə bətnindəki uşağını məhv etdi. Mən ona baxanda lap məəttəl qaldım, təəccüb hissimi bilmədim necə ifadə edim, hirsimi necə gizlədim ki, o necə belə sakit özünü apara bilər, onun vicdanı necə bunu götürə bilər. Elə ailələr də var ki, uşaq həsrətindədi, illərcə uşaqları olmur, gözləməkdən artıq yorulub, müalicə alsalar da, çox vaxt bunun nəticə olmur ki, olmur. Bu da onlara çox böyük dərd olur, göz yaşı töküb ağlamaqdan, əzab çəkib gözləməkdən ki, bəs nə vaxt bizdə də uşaq olacaq artıq tükənirlər. Mən sözümü
ona gətirirəm ki, illərcə uşaq həsrətində olanlar, uşaq arzusu ilə yaşayanlar, bu sevinci dadmaq istəyənlər, tezliklə niyyətlərinə çatmaq istəyənlər, lazımi müalicəni alırlar, həkimlərdə qalırlar ki, təki uşaq dünyaya gətirə bilsinlər, ancaq bəzi uşaq qatilləri isə uşağı öldürürlər, məhv edirlər, buna adi bir hərəkət kimi baxırlar. Sadəcə baxıb heyrətə gəlirəm ki, doğurdanmı belə sərt daş ürəkli insanlar var bu dünyada. İnsan var istəyir uşaq dünyaya gətirsin, onu bəsləsin, ona qulluq etsin, onu sevsin, onun qayğısını və nazını çəksin, onun üçün yaşasın, bütün varlığını ona həsr eləsin, insanda var ki, uşağa sadəcə lazımsız bir məxluq kimi baxır və onu həyata gətirməkdən belə imtina edir, o anlayır ki, bu uşaq ona gərək deyil və heç vaxt onu sevməyəcək ona lazımi nəvazişlə yanaşmayacaq, ona əzabdan başqa heç nə verə bilməyək və ona həmişəlik əlvida deyir. Sadə və asan yol ilə uşağı saldırır. Onun vicdanı buna tab gətirir.
Gəlin aborta birgə "yox!" deyək. Abortdan yan keçək, bu üsula əl atmayaq. Doğulmamış körpəni ana bətnində öldürməyək, onun da tam haqqı var bu həyatda yaşamaq və bu dünyaya gəlib öz yerini tutmaq. O, Allahın bəxş etdiyi bir varlıqdı, Allah verən canı isə ancaq O özü ala bilər. Uşaq Onun tərəfindən göndərilən bir paydı. Uşaqlar bizim gələcəyimizdi, onları daima sevməliyik, qorumalıyıq və onları layiqincə boya-başa çatdırmalıyıq. Çünki onlar bizim xalqa, bizim cəmiyyətimizə və elə öz ailəmizə çox vacib və istənilən bir insandı. Uşaqlarsız bir günümüz belə olmasın.
Leyla Namazova