Uğursuz ailələrin sosial vəziyyəti uşaqlara qarşı zorakılığa səbəb olur
14 İyun 2013 14:19 Problem"Azərbaycanda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində həm dövlət, həm də vətəndaş cəmiyyəti səviyyəsində önəmli işlər görülür. Uşaqlara qarşı zorakılıq son zamanlar yüksək sosial status əldə edib, yəni, artıq uşaqlara qarşı zorakılıq ayrı-ayrı ailələrin şəxsi məsələsi, bədbəxt hadisə və ya cinayət hadisəsi kimi qəbul edilmir". Bunu deyən millət vəkili Sevinc Fətəliyevanın sözlərinə görə, bu, sosial sistemin dövlət tərəfindən ciddi müdaxiləsini tələb edən bir qüsurudur: "Məsələ ilə bağlı dövlətin bir neçə istiqamətdə fəaliyyəti mövcuddur. İlk növbədə bu, uşaqların həyatını və sağlamlığının təmin edilməsinə yönəldilmiş ümumi xarakterli proqramlardır. Uşaqlara qarşı zorakılığa səbəb olan faktorlardan biri, uğursuz ailənin sosial vəziyyətidir. Uğursuz ailələr bir neçə səbəbdən yaranır. İşsizlik, valideynlərin sağlamlığı , maddi vəziyyət, valideynlər arası münasibətlər. Belə ailələrin aşkar olunması və onlara zamanında lazımı köməkliyin göstərilməsi, uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılmasına şərait yarada bilər. Bu baxımdan, ailələrlə profilaktiki, maarifləndirici işlərin görülməsi çox önəmlidir".