İsmət Abbasova qarşı rüşvət və korrupsiya İTTİHAMI

Keçmiş müəssisə rəhbərliyi faktlar açıqladı

Ölkədə məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin lazımi səviyyədə aparılmasına baxmayaraq, bəzi məmurların hələ də müəyyən yollarla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi halları ilə bağlı iddialar qalmaqdadır. Müəyyən komitə sədrləri, idarə və müəssisə rəhbərlərinin vətəndaşları süründürməçiliyə salması, onlardan rüşvət tələb etməsi, şəxsi maraqlarını milli maraqlardan üstün tutması və sair hallarla bağlı müəyyən məlumatlar yayılır. Hətta bəzi hallarda ölkədə nazir postunda oturan bəzi məmurların da bu cür hallara yol verməsi məsələsi gündəmə gəlir.

Redaksiyamıza daxil olan müraciətlərdən biri də elə bu cür məlumatlardandır. Adətən bu cür şikayətlər anonim imzalarla yazılsa da, bu dəfə adıçəkilən müraciət müəlliflərin konkret ad və soyadları ilə ünvanlanıb.  Özlərini Kənd Təsərrüfatı Nazirliyinin sabiq işçiləri kimi təqdim edən həmin şəxslər Maşallah Hüseynov, Cahangir Xəlilov, Nəsib Mahmudov, Fəxrəddin İbrahimov, Sübhan Dadaşov, Hüseyn Paşayev, Fikrət Hüseynov və Aydın Məmmədovdur. Adıçəkilən şəxslər müraciətlərində Kənd Təsərrüfatı Nazirliyində baş verən ciddi özbaşınalıqlardan, korrupsiya və rüşvətxorluqdan bəhs ediblər. Müraciətdə göstərilib ki, bu qurumda korrupsiya və özbaşınalıq əməlli-başlı vüsət alıb. Şikayətçilər iddia edirlər ki, elə onlar da məhz rüşvət və korrupsiyaya görə vəzifələrindən azad olunublar.
Müraciətdə konkret olaraq adlar da çəkilib. Və elə korrupsioner məmur kimi əsasən nazir İsmət Abbasov göstərilib.

Hər müəssisə rəhbəri ildə 10-20 min manat rüşvət verməlidir

Müraciət müəllifləri bildirirlər ki, İsmət Abbasov 2004-cü ildə nazir postuna təyin edilən gündən nazirliyin tabeçiliyindəki bütün müəssisə və obyektlərdə təftişə başlayıb. Bu təftiş isə yalnız nazirliyin tabeçiliyində olan qurumlardan külli miqdarda rüşvət yığmaqdan ibarət olub. Belə ki, iddialara görə nazir İsmət Abbasov nazirliyə tabe olan bütün müəssisələrdən ayrı-ayrılıqda "təbrik pulu" yığıb: "Təftiş onunla yekunlaşdı ki, ölkədə mövcud olan 40-dan çox toxumçuluq, damazlıq və digər müəssisələrin rəhbərlərinin hərəsindən yeni naziri təbrik etmək adı ilə 10 min manat yığıldı. Elə həmin ildən etibarən hər il 40 müəssisənin hər birindən 10 min manat yığılır. Pulu ödəməkdən imtina edən müəssisə rəhbərləri dərhal işdən azad edilir, onların yerinə yeni təyin edilən şəxslərdən isə 20 min manat "şirinlik" alınır".

Müraciət sahiblərinin bu qədər ciddi faktı etiraf etməsi bu qurumda rüşvətxorluğun "inkişaf" etdirilməsindən xəbər verir. Şikayətçilər hətta bu işə birbaşa nazir İsmət Abbasovun başçılıq etdiyini də iddia edir. Şikayətlərində yazıldığı kimi, şikayətçilərin hər birinin bu sahədə rəhbər vəzifədə olduğunu  nəzərə alsaq, onların bu qədər ciddi ittihamlarının araşdırılmasının vacib olduğunu düşünürük.

Nazirin idarə və müəssisələrdən rüşvət yığan yaxınlarının adları açıqlandı

Müraciət sahibləri sadaladıqları faktları təsdiqləmək üçün figər faktlara da toxunub və həmin qurumlardan, müəssisə rəhbərlərindən rüşvəti nazir İsmət Abbasov üçün kimlərin yığdığını da adlarla açıqlayır. Müraciətdə bildirilir ki, həmin şəxslər nazirliyin yüksək rütbəli şəxsləri və nazir İsmət Abbasovun yaxın adamlarıdır. Bu şəxslərin də hətta ad və soyadları müraciətdə əks olunub: "Hazırda həmin pulların yığılmasına nazirliyin hüquqşünası, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri İlqar Həsənov nəzarət edir. Əvvəllər isə bu işlə kadrlar şöbəsinin rəisi Gülnisə Rəhimova və 1 saylı şərab zavodunun rəhbəri Sahib adlı şəxs məşğul olub". Müraciətdən belə anlaşılır ki, nazir İsmət Abbasov nazirliyin yüksək postlarına, xüsusən də qurumun ən mühüm vəzifəsinə öz adamlarını yerləşdirib. Məsələn, İsmət Abbasov yeni nazir təyin olunanda nazirliyin kadrlar şöbəsinin rəisi Gülnisə Rəhimova olub və ilk əvvəl o müəssisələrdən pul yığımını da məhz həmin xanıma tapşırıb. Amma, sonradan Gülnisə Rəhimova müəmmalı səbəblərdən həmin vəzifədən azad olunduğu üçün onun yerinə digər şəxs, yəni İlqar Həsənov təyin edilib və pul yığımı da məhz bu şəxsin vasitəsilə həyata keçirilib.  Və bu günki günə qədər də nazirlikdə rüşvət yığımı ilə həçmin şəxs məşğuldur. İddiaları analiz edəndə də belə məlum olur ki, İsmət Abbasov nazir təyin olunanda nazirliyin kadrlar çöbəsinin rəisi Gülnisə xanım Rəhimova ilə işləmək qərarı verib. Amma, bir müddətdən sonra öz kadrı olmadığı üçün cənab nazir Gülnisə Rəhimova ilə işləməyə ehtiyatlanıb və onu vəzifəsindən azad edərək bu mühüm posta öz adamını yerləşdirib.

Baytarlıqdan da rüşvət yığılır

Şikayətçilərin yazdığı faktlar və iddialar bununla bitmir. Onların dediyinə görə, nazirlikdə digər rüşvət faktları da var. Bu isə birbaşa Baytarlıq Xidmətilə bağlıdır. Şikayətdə bildirilir ki, nazirin etibarlı adamları Dövlət Baytarlıq Xidmətinə daxil olan idarələrin, ərazi kənd təsərrüfatı idarələrinin rəhbərlərindən, bir sözlə, nazirliyin tabeçiliyindəki bütün müəssisələrdən pul toplayır. Bundan başqa isə nazirin göstərişi ilə kənd təsərrüfatının, taxılçılığın inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan subsidiya və lisenziyaların verilməsində, texnikaların və iribuynuzlu mal-qara alınmasında hər il milyonlarla manat mənimsənilir. Bu milyonların isə hansı üsulla mənimsənilməsi barədə konkret iddia göstərilməyib. Şikayətdə yalnız bu prosesdə pulların mənimsənilməsindən bəhs edilir. Ona görə də bu iddialar o qədər də geniş göstərilməyib.
 

Nazirin oğlu yığılan rüşvətlə Londonda kef edir?

Müraciətdə qeyd edilir ki, 2004-cü ildən bu günə qədər nazir  İsmət Abbasov nazirliyin tabeçiliyində olan müəssisələrin rəhbərlərini məhz rüşvət məsələsinə görə dəyişib. Yəni nazirliyə tabe olan idarə və müəssisə rəhbərləri nazirin istədiyi "haqqı" vaxtında çatdırmadığı üçün həmin şəxslər vəzifələrindən azad edilib və həmin vəzifələrə başqa şəxslər təyin edilib: "İsmət Abbasov kadrları kostyumunu dəyişdiyi kimi dəyişir. Nazir 9 sentyabr 2009-cu il tarixində keçirdiyi kollegiya iclasında 10 nəfər mütəxəssisi qanunsuz olaraq vəzifələrindən azad edib, 15 nəfərdən çox mütəxəssisə cəza verib. Belə hallar hər kollegiya iclasında baş verir. İndi onun oğlu Yunis Abbasov bu pullar hesabına Londonda firavan həyat sürür, elə danışır ki, guya "süddən çıxmış ağ qaşıqdır". Yunis Abbasovdan çox-çox bacarıqlı oğlanlar isə Bakıda qul kimi işləyirlər. Bu əməllərinə görə, İsmət Abbasov, onun birinci müavini Aslan Aslanov barəsində lazımi tədbir görülməlidir".

Şikayətçilər prezidentə müraciət ediblər

Şikayətçilər eyni müraciəti həmçinin prezident İlham Əliyevə, Milli Məclisin sədri Oqtay Əsədova, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və milli təhlükəsizlik naziri Eldar Mahmudova da ünvanlayıb. Şikayət ərizəsindəki iddiaların həddindən artıq ciddi olduğunu nəzərə alaraq ümid edirik ki, məsələyə Kənd Təsərrüfatı Nazirliyi və şəxsən nazir İsmət Abbasov münasibət bildirəcək və müraciət ciddi araşdırılacaq .

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31