Bankların məhkəmə mübahisələri – NÖVBƏTİ REYTİNQ
3 İyun 2013 13:39 ProblemFemida.az Hüquq İnformasiya Portalı məhkəmə mübahisələri aparan bankların reytinq cədvəlinin təqdimatını davam etdirir. Bu həftə (3-7 iyun) üçün ümimilkdə məhkəmə mübahisələrinin istiqaməti əsasən belə olub: bankın müştəriyə qarşı kredit borcu və faizlərinin ödənilməsi iddiası, borcun girov predmetinə yönəldilməsi iddiası, kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun ödənilməsi iddiası, evdən çıxarılma iddiası, müştərinin banka qarşı kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi iddiası, sabiq əməkdaşın banka qarşı işə bərpa barədə iddiası və s. Bu həftə məhkəmə mübahisələri yaşayan bankların siyahısına "Kapital Bank" ASC başçılıq edib: 9 məhkəmə prosesi (ötən həftə bu rəqəm 5 olub). Növbəti yerdə kemçən həftə siyahıda birinci olmuş "Bank Texnik" ASC (keçmiş "Texnikabank" ASC) durur: 8 məhkəmə prosesi (ötən həftə də bu rəqəm 8 olub).
"Uni" brendi altında fəaliyyət göstərən qurumlar bu həftə üçün məhkəmə prosesi sayına görə "Bank Texnik" ASC ilə ikinci sıranı bölüşürlər (həftə ərzində "Unibank" KB ASC-nin 5, "Unileasing" QSC-nin isə 3 məhkəmə prosesi var. "Unileasing" QSC-nin səhmlərinin 66,67%-i "Unibank" KB ASC-nindir).
Qeyd edək ki, reytinq cədvəli Azərbaycan Respublikasının yuxarı məhkəmə instansiyalarının məlumatları əsasında hazırlanır. Həftə ərzində məhkəmə prosesləri olmayan banklar siyahıya daxil edilmir. Femida.az