Yol Polisində daha bir biabırçı korrupsiya DƏLƏDUZLUĞU

Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsində sürücü necə aldadılıb

Azərbaycanda yol polisi sistemində baş verən qanunsuzluqlar barədə dəfələrlə yazılıb, faktlar açıqlanıb. Daxili İşlər Naziliyi və Respublika Dövlət Yol Polisi İdarəsi tərəfindən bu qanunsuzluqların qarşısının alınması ilə bağlı müəyyən tədbirlər görülsə də, bu sahədə qanunsuzluqlar hələ də qalmaqdadır.
Bu cür problemlərdən biri də Respublika Dövlət Yol Polisi İdarəsinin Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsində baş verir. Adıçəkilən şöbədə vətəndaşlar aldadılır, süründürməçiliyə salınır. Redaksiyamıza müraciət edən sürücülər də bu cür faktlardan şikayətçidir. Daha doğrusu bu şöbənin bəzi məmurları sürücüləri aldatmaqla məşğuldur.

Sürücü texniki baxış şöbəsində necə aldadılıb?

"OLAYLAR"a müraciət edən rayon sakini Müşviq Zeynalovun dediyinə görə, bu cür özbaşınalıqla o özü rastlaşıb. Şikayətçinin dediyinə görə, idarə etdiyi "VAZ -2107" markalı avtomobil 2009-cu il istehsalıdır. Qanunvericiliyə görə, idarə etdiyi avtomobil istehsal olunduğu gündən sonra 5 il texniki baxışdan azaddır. Amma, buna baxmayaraq, Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki Baxış şöbəsinin məsul işçisi Arzu adlı şəxs onu aldadıb. Belə ki, həmin şəxs sürücünü texniki baxış şöbəsinə çağıraraq ondan təcili texniki baxışdan keçməsini tələb edib. Bildirib ki, əks halda sürücü cərimə ediləcək və avtomobil cərimə meydançasına aparılacaq. Əlacsız qalan sürücü həmin Arzu adlı məsul şəxsin hədələrindən ehtiyatlanıb avtomobilini texniki baxışdan keçirib. Sürücü deyir ki, bu prosesdə də Arzu adlı şəxs qanunsuzluğa yol verib.

28 manatlıq rüsuma görə 75 manat rüşvət

Yəni, avtomobil texniki baxışa hazır olduğu halda o sürücüdən texniki baxış üçün əlavə rüşvət alıb. Sürücünün dediyinə görə, avtomobilin texniki baxışdan keçməsi üçün rüsum 28 manat olduğu halda, Arzu ondan 75 manat tələb edib. Əks halda avtomobilin tezniki baxışdan keçirilmədən cərimə meydançasına aparılacağını deyib. Texniki Baxış Şöbəsinin bu hədələrindən n ehtiyatlanan sürücü avtomobilin texniki baxışdan keçməsi üçün ona 75 manat ödəyib. Bundan sonra sürücünün sənədləri özünə qaytarılıb və avtomobil qanunsuz olaraq texniki baxışdan keçirilib. Sürücü deyir ki, şöbədən çıxandan sonra Daxili İşlər Nazirliyinin "102" saylı Qaynar Xətti"nə zəng vurub məsələ ilə bağlı maraqlanıb. Xidmətdən bildiriblər ki, şöbənin əməkdaşları qanunsuzluğa yol verib və avtomobil bundan sonra bir il də texniki baxışdan azaddır. Daxili İşlər Nazirliyindən sürücüyə deyiblər ki, o dərhal geri qayıtsın və ödədiyi pulu geri alsın. Nazirlik əməkdaşlarının məsləhəti ilə şöbəyə qayıdan sürücü Arzu adlı şəxsdən ödədiyi pulu tələb edib. Bildirib ki, ona Daxili İşlər Nazirliyindən belə deyilib. Amma, bu na baxmayaraq Arzu adlı kapitan rütbəli həmin şəxs sürücünü rədd edib: "Mən Daxili İşlər Nazirliyi ilə danışandan sonra Arzuya dedim ki, qanunsuzluq etdiyi üçün pulumu qaytarsın. O isə məni təhqir etdi və bildirdi ki, pulu geri qaytarmayacaq. Arzu hətta məni otağından da qovdu, bildirdi ki, ona verilən pul geri qaytarılmır.
 

Polis kapitanı: "Ramil Usubova demirsən, lap get YAP-a şikayət elə"

Bildirdim ki, Daxili İşlər Nazirliyinə və Respublika Dövlət Yol Polisi İdarəsinə şikayət edəcəm. O isə istehza ilə məni ələ saldı və bildirdi ki, kimə istəyirsən de, məni nazirlə qorxutma, mən heç kimdən qorxmuram və bildiyimi edirəm. Uzun mübahisədən sonra Arzu məni otağından qovdu və qapını bağladı. Son sözü isə bu oldu ki, "Daxili İşlər Nazirliyinə şikayət etmirsən, lap Yeni Azərbaycan Partiyasına müraciət elə. Mən heç kimdən qorxmuram, almışam, əcəb eləmişəm, səlahiyyət mənimdi, mən bilirəm neynirəm. Haçan sənin qapına gəlib pul alsam onda deyərsən. Bura mənim otağımdı, səlahiyyət də məndədir. Heç kim mənim aldığım pulu geri qaytara bilməz". Sürücü deyir ki, Arzu hələ onu yol polisləri ilə də hədələyib. Bildirib ki, əgər bir də bu pulun adını çəksə, onun avtomobilini yol polisləri tərəfindən saxlatdırıb cərimələyəcək, cərimə meydançasında saxlatdıracaq, sürücülük vəsiqəsindən məhrum etdirəcək.
Respublika DYP məsələyə necə reaksiya verir?
Maraqlısı odur ki, məsələ ilə bağlı redaksiyamıza müraciət daxil olandan sonra bu barədə dərhal Respublika Dövlət Yol Polisi İdarəsinə məlumat verib idarə rəsmilərini hadisə barədə məlumatlandırdıq. Amma, hadisədən 4 gün keçməsinə baxmayaraq Ağsu rayon İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin məsul əməkdaşı Arzu adlı poılis kapitanının özbaşınalığı barədə konkret tədbir görən olmadı. İdarədən hər gün eyni söz eşidirik: "Məsələ araşdırılır, nəticə barədə məlumat veriləcək". Amma, bu nəticə nə vaxt olacaq, kim araşdıracaq, məlum deyil. Arzu adlı polis kapitanının özbaşınalığı barədə nə bir tədbir görülür, nə də zərərçəkmişə dəymiş ziyan ödənilir. Hər gün sürücü polis kapitanının qapısı ağzında saatlarla gözləyəndən sonra təhqiramiz sözlər eşidərək geri qayıdır. Arzu adlı polis kapitanı isə hələ də vəzifəsində qalmaqla, sürücüləri soymaqla məşğuldur.

Ramil Usubov və Ramiz Zeynalova müraciət

İnanırırq ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov bu barədə təcili araşdırma aparacaq, polis adına ləkə gətirən bu şəxsin özbaşınalığı barədə təxirəsalınmaz tədbirlər görəcək, sürücüyə dəymiş ziyanın ödənilməsi barədə göstəriş verəcəklər.

Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31