“...övladımı məktəbə qoymayacağam” - PROBLEM

“Təhsil sistemində şagirdi döymək, söymək və təhqir etmək yolverilməzdir”

Son dövrlər orta təhsil müəssələrində şagirdlərin müəllimləri tərəfindən vəhşicəsinə döyülərək söyülüb-təhqir edilməsini müşahidə etmək olar. Bu kimi hadisələr öncələr də müşahidə olunub. Sadəcə bu gün hər şeyin sadəcə bir mobil cihaz vasitəsilə qeydə alınması mövcud durum haqda yenidən məlumat vermiş olur. Elə müsahibimiz psixoloq Dəyanət Rzayev də mövzu ətrafında danışaraq sovet dövründə Azərbaycan bölməsi üzrə təhsil alan şagirdlərə qarşı müəllimlərinin bu cür amansız davrandıqlarını deyib. Şagirdin müəllim tərəfindən döyülməsinin onun şəxsiyyətinin alçalması ilə izah edən psixoloq hətta bəzi valideynlər kimi övladını məktəbə qoymaqdan imtina edəcəyini də deyib: "Dərsə cavab verə bilməyən şagirdi müəllim döyür. Adamın şəxsiyyəti olmalıdır. Məktəbdə bu kimi arzuolunmaz halları müşahidə etdiyim üçün övladımı məktəbə qoymayacağam. Müəyyən yollarla onun təhsil almasına kömək edəcəyəm. Lazım gəlsə ev şəraitində onun üçün müəllim də taparam. Belə məktəbə mən heç vaxt uşaq buraxmaram. Uşağı necə qapazlayıb, təhqir etmək olar axı? Bağçanı, məktəbi, ali məktəbi də rus bölməsi üzrə bitirdiyim üçün Azərbaycan və rus bölmələrində müəllimlərin şagirdlərə yanaşma tərzinin də fərqli olduğunu deyə bilərəm. Sovet dövründə yadıma gəlir ki, hərdən müəllim dərsə gəlmədiyi üçün bizi Azərbyacan bölməsi üzrə təhsil alan siniflərlə birləşdirirdilər. O dövrdə bizə dərs deyənlər arasında erməni, gürcü, rus da olub. Müəllimlərimiz hər zaman deyərdi ki, uşaq üçün səsini yüksəltmək müəllimin alçaqlığıdır. Buna görə müəllimlər bizdən ilk növbədə özümüzə, daha sonra isə onlara hörmət etməyimizi tələb edirdilər. Hələ sovet dövründə Azərbaycan bölməsi ilə birləşdikdə sözə qulaq asmayan şagirdin müəllimi tərəfindən döyüldüyünü, söyüş və təhqirlərə məruz qaldığını görürdük. Təhsil sistemində şagirdi döymək, söymək və təhqir etmək yolverilməzdir. Sonradan biz bu qədər aqressiv olmağımızın nədən qaynaqlandığı haqda düşünürük? Əlbətdə ki, məktəbdə baş verən bu olaylar bizim gələcəkdə daha gərgin və əsəbi olmağımızda mühüm rol oynayır. Çünki hər şey məktəbdən başlayır".

-Bir çox müəllimlər şagirdlərə qarrşı belə amansız davranmalarının günahını qarşı tərəfdə görür...

-Müəllimin bu cür addım atmasına heç də uşaq onu məcbur edir demək olmaz. Müəllim ilk növbədə özünə hörmət qoymalıdır ki, uşaq da ona hörmət qoya bilsin. Sovet dövründə bizə dərs deyən bir əcnəbi müəllim var idi ki, onun "nə olub?" sözü elə hər şey idi. O, müəllimin dərsini ən zəif şagird belə oxuyurdu. Bir çox hallarda uşaqlar müəllimlərinin arxasınca danışırdılar. Amma bu müəlliməyə hər kəs böyük hörmət qoyurdu. İnsan özünə hörmət qoymağı bacarmalıdır. Valideyn də övladının döyülməsinə, söyülərək təhqir olunmasına imkan verməməlidir. Bu kimi hadisələrin baş verməsində valideynin yaltaqcasına müəllimin yanına gələrək "uşağıma üçdən, dörddən yaz da" deyərək cibinə pul basmasının və ya hədiyyə verməsinin də mühüm rolu var.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31