Ailədə zorlanan qızlar... - AKTUAL
“Belə hadisələr namusumuza, qeyrətimizə və mənəviyyatımıza böyük zərbədir. Birini tənqid etmək, digərini həbsxanaya salmaqla problemi həll etmək olmaz”
20 May 2013 15:06 Problem"İnsanın quduraraq cığırından, yolundan çıxmasında qidanın mühüm rolu var"
"Qızların pis yola düşməməsi, arzuolunmaz halların baş verməməsi üçün ana-qız arasında olan müəyyən pərdələrin götürülməsi vacibdir"
Son dövrlər azyaşlı, gənc qızlar ataları, qardaşları, əmi və dayıları tərəfindən cinsi zorakılığa məruz qalır. Bir neçə il bundan öncə arzuolunmaz hadisələrin baş verməsi haqda çox az eşitmək olardı. Hazırda vəziyyət tamamilə dəyişib. Azyaşlı, yeniyetmə və gənc qızlar ata-qardaş və digər şəxslər tərəfindən cinsi zorakılığa məruz qalır. İnsanların bu qədər yırtıcı olması, öz doğma qızına qarşı cinsi zorakılıq tətbiq etməsi və ya bacılarını zorlayaraq həmin anları anbaan kadra alması bir sıra problemlərdən qaynaqlana bilər. Baş verən hadisələrdə yediyimiz qidaların, psixoloji və sosial problemlərin, həmçinin medianın da müəyyən qədər rolu ola bilər. Mövzu ətrafında geniş müzakirələr apararaq fərqli fikirlər öyrənmək üçün mütəxəssislərə müraciət etdik.
***
Sosioloq Əhməd Qəşəmoğlu məsələyə sosioloji aspektdən yanaşaraq problemin əsas kökünü maddi amillərin mənəvi dəyərləri zərbə altına salması ilə izah edib: "Təəssüflər olsun ki, hazırda cəmiyyətdə bu istiqamətdə mənəvi aşınma gedir. 90-cı illərin başlanğıcında gələcəkdə bu sahədə daha arzuolunmaz hadisələrin olacağını proqnoz etmişdim. Belə davam etsə növbəti illərdə vəziyyət daha da gərginləşəcək. Tezliklə mənəviyyat sahəsində islahatlar aparılmazsa daha çox xoşagəlməz hadisələrlə qarşılaşacağıq. Nəticədə günü-gündən kriminallar, kollektiv sekslərin sayı artacaq, əxlaqsızlıq baş alıb gedəcək. Belə hadisələrin baş verməsinin əsas səbəbi maddiyatın mənəviyyatı üstələməsidir. Maddiyat mənəviyyatı üstələdiyi üçün artıq mənəvi dəyərlər yox olub getməkdədir. Mənəvi dəyərlərin maddi amillərin təsiri altında olması ilə bu cür əcaib hadisələr baş verir. Hazırda bütün yer üzündə belə anoloji hallar tüğyan edir. Bütün dünya sərvətinin bir ovucda cəmləşməsi nəticəsində milyardlarla insan əzab-əziyyət içində yaşamalı olur. Ölkəmizdə də zaman keçdikcə mənəviyyat daşıyıcılarının, nümayəndələrinin səsinin az eşidilməsi mənəviyyatımız və mədəniyyətimizin zənginləşməsi prosesini dayandırır."
Arzuolunmaz hadisələrin baş verməsində pornoqrafik sayt və jurnalların özünəməxsus rolunun olduğunu deyən sosioloq on-on beş il bundan öncə yaranan belə jurnalların cinsi zorakılığı təbliğ etməsindən də danışır: "O dövrdə bir çox saytlar, filmlər pornoqrafiyanı təbliğ edirdi. Pornoqrafiyanı təbliğ edən jurnalların yayımının qarşısının alınmasında mərhum prezident Heydər Əliyevin və təşəbbüsü olub. Bu gün həmin pornoqrafik jurnalların yolunu davam edən saytlara daxil olan gənclər də yazılanları oxuyub "qəhrəmanlıq" etmək istəyirlər. Çünki on-on beş il öncə çıxan jurnallarda bu gün baş verən arzuolunmaz hadisələr nağıl kimi, gözəl bədii dildə çatdırılırdı. Pornoqrafiyanın geniş yayaılmasında bütün dünyada maraqlı olan qüvvələr var".
Cinsi zorakılığın, əxlaqsızlığın qarşısının alınması üçün mənəviyyat sahəsində zəruri islahatların keçirilməsini labüd hesab edən sosioloq bunu günümüzün tələbi kimi qiymətləndirib: "Mənəvi amillərin aradan qalxması çox qorxunc bir şeydir. İnsanın daxilində həm mələk, həm də iblis var. Cəmiyyət mələyi səsləyəndə mələk, iblisi səsləyəndə isə iblis ortaya çıxır. Buna görə bu cür arzuolunmaz halların baş verməməsi üçün cəmiyyətdə müəyyən qınaq və etiraz olmalıdır. Lakin bu amil artıq bizdə də zəifləyib. Vəziyyəti yenidən bərpa etmək bu sahəni bilən müxtəlif sənət adamlarını toplayaraq müəyyən islahatlar aparmaq, layihələr hazırlamaq lazımdır. Hər zaman tənqid etdiyimiz sovetlərin dövründə də bu sahədə ciddi islahatlar aparılırdı. Hazırda mənəviyyat sahəsində özbaşınalıq baş alıb gedir. İstənilən sahədə müəyyən qanun layihələri hazırlanır, islahatlar keçirilir. Lakin mənəviyyatla bağlı heç bir addım atılmır. Mənəvi saflaşmaya, zənginləşməyə şərait yaradacaq islahatlara çox ehtiyac var. Artıq bıçaq sümüyə dayandığı üçün həyəcan təbilini çalmaq lazımdır. Mənəvi islahatların keçirilməsini günümüz tələb edir".
Bəzi insanların doğuşdan belə cinayətlərə meyilli olduğunu deyən sosioloq bir neçə gün öncə bacılarını zorlayan qardaş haqda da danışıb: "Psixoloqlar da bir çox insanların doğularkən psixoloji problemlərinin olduğunu, cinayətə meyilli olmalarını deyir. Mütəxəssislər beyin quruluşuna əsaslanaraq hansı insanların cinayətə meyilli olmasını aşkarlaya bilir. Sovet dövrü belə insanların neqativ xislətinin üzə çıxmasına imkan vermirdi. Bir çoxlarımız bu cür hadisələrə ikrah hissi ilə yanaşırıqsa, bəziləri üçün isə vəziyyət tamamilə əksinədir. Bir neçə gün bundan öncə bacılarını zorlayan birisinin həmin kadrları anbaan videoya çəkməsi onun törətdiyi əməldən nə qədər ləzzət almasını göstərir. Həmin şəxs bir daha ölkəmizdə hansı psixoloji tiplərin olması haqda məlumat verir. Eşitdiyimiz belə faktlar yalnız aşkarlanan hadisələrdir. Baş verən anoloji hadisələr arasında gizlin qalanları da az deyil. Belə hadisələr namusumuza, qeyrətimizə və mənəviyyatımıza böyük zərbədir. Birini tənqid etmək, digərini həbsxanaya salmaqla problemi həll etmək olmaz. Cəmiyyətdə artıq bütün imkanlar tükəndiyi üçün mənəvi islahatlara başlamaq zərurəti yaranıb. Bunun üçün başqa ölkələrin təcrübəsindən istifadə etməyə ehtiyac yoxdur".
Qəbul etdiyimiz qidalarda heyvanaməxsus genlərdən istifadə edilməsi bəzi insanların bu kimi hadisələrə meyilli olmasını söyləməyə əsas verir. Qəbul etdiyimiz qidalar nə dərəcədə səhhətimiz üçün zərərlidir, yalnız yeməklə keçindiyimiz üçün qidanın mənşəyi haqda heç bir informasiya toplamamağımız arzuolunmaz hadisələrin çoxalmasına səbəb olur. Bu haqda ətraflı danışmaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik. E.Hüseynov da öncə söylədiyimiz fikirləri danmadı. Mütəxəssis insanların quduraraq belə yırtıcı əməllər törətməsində qidalarımızın mənşəyinin mühüm amil olduğunu dedi : "İnsanın quduraraq cığırından, yolundan çıxmasında qidanın mühüm rolu var. Necə ki, bu hal heyvanlarda müşahidə olunur. Qudurmuş vəhşi sahibini dişləyərək onu öldürdüyü kimi. Qidanın insanların psixologiyasının, əxlaqının dəyişməsində rolu mühümdür. Genetik modifikasiya olunmuş heyvan genlərinin bitkilərə keçirilməsi nəticəsində insanlar həmin qidaları qəbul edərək belə deformasiyaya məruz qalırlar. Təbiət artıq hər şeyi harmonik şəkildə təşkil edir. Bir ölkənin informasiyasının başqa ölkəyə axınının qarşısını almaq mümkün olmadığı kimi xaricdən göndərilən qidaların da ölkəmizə axınının qarşısını almaq mümkünsüzdür. İnsanın quduzlaşmasında, əxlaqının pozulmasında qidaların rolu 30 faizdir. İnsanlar doğulduqları, yaşadıqları əraziyə məxsus qidalar qəbul etməlidir. Belə qidalar həm də insanların uzunömürlüyünü təmin edir. Lakin ticarətin inkişaf etdiyi bir dövrdə problemin qarşısını almaq mümkünsüzdür".
***
Psixoloq Murad İsayev problemə daha fərqli rakursdan yanaşaraq azyaşlı, yeniyetmə və gənc qızların müxtəlif şəxslər, həmçinin ata-qardaş, əmi-dayıları tərəfindən cinsi zorakılığa məruz qalmasının əsas səbəbini ailələrdə intim mədəniyyətin olmaması, valideyn-övlad arasında böyük pərdənin mövcudluğu, həm də qızların uşaq ikən oğlanlardan uzaqlaşdırılması ilə izah edib: "Normal insan belə şey edə bilməz. Bəzən ögeylər arasında bu cür münasibətlərə təsadüf etmək mümkündür. Ümumilikdə bu cür arzuolunmaz halların baş verməsinin əsas səbəbini valideynlərin bu istiqamətdə övladlarına düzgün tərbiyə verməməsində görürəm. Dünyada intim mədəniyyəti deyilən bir söz var. Təəssüflər olsun ki, bizdə bu termin yoxdur. Valideyn övladına bir çox məsələləri başa salmalıdır ki, arzuolunmaz hal baş verərsə qız ilk olaraq problemini anasına danışsın. Validen övladına bunu başa salmazsa sabah pis niyyətli birisi ona nəsə intim münasibət təklif etdikdə qız belə vəziyyətdə nə cür düşünməyin lazım olduğunu bilməyəcək. Səhv yola istiqamətlənən qız problem yarandıqda hisslərini, düşüncələrini ətrafındakılarla bölüşməkdən çəkinəcək. Əslində bu çox təbii haldır. Qızların pis yola düşməməsi, arzuolunmaz halların baş verməməsi üçün ana-qız arasında olan müəyyən pərdələrin götürülməsi vacibdir".
Cəmiyyətdə zorakılıq hallarının artmasının böyüdüyümüz ailənin psixoloji durumu ilə birbaşa bağlı olduğunu deyən Murad İasyev gərginlik, stress içində yaşayan gənclərin də problemlərdən xilas olmaq üçün bu yola əl atdığını söyləyir: "Zorakılıq hallarının artmasını uşağın körpə ikən böyüdüyü ailədə yaranan problemlər, aldığı psixoloji zərbələrlə izah etmək olar. Bu zaman yeniyetməlik yaşına çatan gənc problemdən çıxış yolunu cinsi zorakılıqda axtarmalı olur".
***
Psixoloqla bu gün reallıqda müşahidə etdiyimiz çox maraqlı bir nüansa da toxunduq. Bu gün həyətdə azyaşlı qızlarla oğlanları birgə oynayarkən çox nadir hallarda görə bilərik. Sözsüz ki burda da valideyn qadağasının mühüm rolu var. Bəzi valideynlər düşünür ki, bu gün oğlanlarla birgə böyüyən qızı bir neçə ildən sonra səhv yola da düşə bilər. Beləliklə yaranan vəziyyətə uyğun olaraq qızlar oğlan, oğlanlar isə qızların psixologiyası haqda məlumatsız olurlar. Uzun müddət bir-birlərindən ayrı böyüyən iki cinsin nümayəndələri daha sonra ailə həyatı qurmağa hazırlaşarkən də səhv seçim etməli olurlar. Bu istiqamətdə suallarımızı cavablandıran Murad İsayev kollektiv ünsiyyətin mühüm rola malik olduğunu deyərək yersiz qadağaların lüzumsuzluğundan da danışıb: "Bundan başqa qızlara həddindən artıq qadağaların, məhdudiyyətlərin qoyulması, oğlan sinif yoldaşları, ya tanışları ilə görüşməkdə çətinlik çəkmələri onların situasiyalardan çıxış yolu tapmalarına maneə olur. Oğlanlar haqda heç bir məlumatı olmayan, onların tipini bilməyən qız daha sonra həyatda yanlış addım ataraq səhv insanla münasibət yaratmalı olur. Buna görə intim mədəniyyəti olmalıdır. Qızlarımızı bütün cəmiyyətdən təcrid etdiyimiz üçün, oğlan tanışının evə gəlməsinə icazə vermədiyimizə görə müəyyən müddətdən sonra bu istiqamətdə müxtəlif problemlərin ortaya çıxmasını da normal qarşılamalıyıq. Hormonal dəyişikliklətin baş verməsi nəticəsində insanlarda bir-birlərinə qarşı müəyyən istəklər, həvəs yaranır. Bu haqda heç bir anlayışı olmayan gənc isə beləcə səhv yola da düşə bilər. Yeddinci, səkkizinci sinfə çatan qızı oğlan yoldaşlarından uzaqlaşdırırlar. Nəticədə bir müddət keçəndən sonra qız gözünü açaraq ətrafında heç bir oğlanın olmadığını görür. Oğlanlar haqda məlumatlı olmayan qız beləcə tanımadığı insanı "səni sevirəm" sözünə görə özünə yaxın buraxır. Sonradan yanıldığını dərk etdikdə isə çox gec olur. Oğlan və qızların qrup halında olmaması, hər yerdə bir-birlərindən ayrı olması bu gün ölkəmizdə belə arzuolunmaz halların baş verməsi ilə nəticələnir. Sovet dövrünə nəzər saldıqda bu sahədə vəziyyətin tamamilə fərqli olduğunu görə bilərik. O, dövrdə fərqli cinsin nümayəndələri bir-birləri ilə müəyyən hislərini, təəssüratlarını bölüşürdülər. Düzdür, o dövrdə də təcavüz halları baş verirdi. Amma vəziyyət heç də indiki kimi deyildi. Bu gün yeni yaradılan kolleclərdə qızlar və oğlanlar bir-birindən ayrılır. Cəmiyyətdə baş verən sosial hadisələrin də insanların psixologiyasının gərginləşməsinə, pis əməllər törətməsinə səbəb olur. Avropaya inteqrasiya insanların psixologiyasını da dəyişdirir. Valideynlər də övladlarını bu cür arzuolunmaz hallardan uzaqlaşdırmaq üçün qızlarını oğlanlardan uzaqlaşdırmaqla düzgün addım atdıqlarını güman edirlər. Problemin kökünə fikir verdikdə bunun qoruma və çıxış yolu olmadığını görə bilərik. Azyaşlıların, yeniyetmələrin, həmçinin gənc qız və oğlanların qrup halında olması, bir-biri ilə ünsiyyətə girməsi müsbət qarşılanmalıdır".
Ötən gün atasının doğma qızını zorlaması ilə bağlı yayılan xəbərə münasibət bildirən psixoloq həmin şəxsin normal psixologiyaya sahib olmadığını deyir: "Bir insanın öz parçası olan övladına qarşı belə vəhşilik törətməsi onun normal psixologiyada olmamasından xəbər verir. Xüsusən də Azərbaycan mental düşüncələri ilə böyüyən birisinin qızına zorakılıq tətbiq etməsi onun psixoloji probleminin olmasından qaynaqlanır. Bu cür hadisələrin baş verməsi bir daha ətrafımızda normal insan kimi görünən şəxslərin nə qədər xəstə patologiyaya sahib olduğunu, psixi problemlərinin olmasını göstərir". Ailədaxili zorakılığın qarşısının alınması, atanın doğma qızlarını öldürməsi məsələsinə toxunan Murad İsayev gəncləri ailə həyatı qurmazdan öncə tibbi-psixoloji müayinədən keçməyə səsləyib: "Baş verən hadisələrin gənclərin də ailə həyatı qurmazdan öncə tibbi-psixoloji müayinədən keçmələrinin vacibliyindən xəbər verir. Normal görünən biri ilə ailə həyatı qurduqdan sonra həmin şəxsdə nə qədər pisxoloji problemlərin olduğunu görürük. Məsələn, cənub rayonlarında baş verən hadisələrin birində kişi həyat yoldaşı ilə yanaşı azyaşlı qızlarını da öldürmüşdür. Bu cür hadisələr normal psixologiyada olmayan insanların cəmiyyətdə çoxaldığından xəbər verir".
Psixoloq bu cür hadisələrin baş verməsinə öncəkindən fərqli olaraq adi münasibətin bildirilməsində müxtəlif oyun, film və media qurumlarının fəaliyyətinin mühüm rola malik olduğunu deyib: "Medianın rolu danılmazdır. Bu gün çəkilən filmlərdə, oyunlarda da şiddəti təbliğ edən kadrlar müşahidə edilir. Bu cür təbliğat vasitələri nəticə etibarı ilə baş verən olaylara normal münasibət yaradır. Öncələr bu cür hadisələri daha az müşahidə edirdiksə artıq demək olar ki, hər gün bu tip xəbərlər eşitdiyimizdən belə hadisələr adiləşib. Cəmiyyətdə bu cür hadisələrə qarşı qınağın olmaması, get-gedə zəifləməsi buna müəyyən qədər də olsa yol açır. Media problemi ortaya qoymaqla yanaşı onun həlli yollarını axtarmalı, çıxış yolu axtarmalıdır. Evdə öz qadınına qarşı zorakılıq tətbiq edən dırnaqarası mütəxəssisləri danışdıraraq onların münasibətlərini öyrənməklə problem həll olunmur. Problemin həlli yolu üçün media vasitəsi ilə sosioloq və psixoloqların ailələri bu istiqamətdə maarifləndirməsinə ehtiyac var. Bunun üçün steorotipləri yox edərək sosial sahələri aktivləşdirməklə insanların birgə ünsiyyətini təşkil edən qrup və təşkilatların artması vacibdir. İnsanlar bir-birlərinə çox yaxın olmaqla bu cür halların qarşısını ala bilər".
Nigar Məhərrəm