Kürdəxanı təcridxanasında milyonlar fırlanır?
Azərbaycanda həyata keçirilən hüquqi islahatlar ədliyyə, xüsusən də penitensiar xidmət sahəsindən də yan keçməyib.
6 May 2021 13:51 ProblemAzərbaycanda həyata keçirilən hüquqi islahatlar ədliyyə, xüsusən də penitensiar xidmət sahəsindən də yan keçməyib. Belə ki, penitensiar xidmət sahəsində şəffaflığın təmin olunması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, ictimai iştirakçılığın genişləndirilməsi, vətəndaş məmnunluğunun təmin olunması kimi məsələlər istiqamətində real addımlar atmaq günün tələbatına çevrilib. Çox təəssüf ki, ölkədə mövcud olan bəzi cəzaçəkmə müəssisələrində özbaşınalıq, rüşvətxorluq, qanunsuzluq kimi halların hökm sürməsi barədə məlumatlar dolaşmaqdadır. Bir sözlə, ölkənin Penitensiar Xidmətində xaosun hökm sürdüyü yayılan məlumatlar sırasındadır. Heç şübhəsiz ki, həbsxanalarda alver mühitinin bərqərar olması barədə fikirlərin səslənməsi bu sahənin nəzarətdən kənarda qaldığına dəlalət edir. Birmənalı şəkildə qeyd etmək olar ki, türmələrdə dustaqların döyülməsi haqda xəbərlərin tirajlanması, cəzaçəkmə müəssisələrində açıq bazar şəraitinin yaradılması bu günə qədər görülən işlərin, xüsusən həyata keçirilən islahatların üstündən xətt çəkməkdədir.
Əslində penitensiar xidmət əməkdaşları unutmamalıdırlar ki, onların ən ümdə vəzifələri insanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət etmək, fəaliyyətlərinin əsas məqsədi isə insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına xidmət etməkdir. Odur ki, xidmət əməkdaşları insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə yol verməməlidir. Lakin reallıqda gözlər önündə tamam başqa bir mənzərə yaranmış olur.
Özbaşınalıq və qanunsuzluqların baş verdiyi cəzaçəkmə müəssisələrindən birinin də Kürdəxanı İstintaq Təcridxanası olduğu bildirilir. Məlumata görə, Kürdəxanı təcridxanasında xüsusi qanunlar tətbiq olunur. Baxmayaraq ki, Penitensiar Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub və bu qanunlarla bağlı muvafiq öhdəliklər götürüb, amma bu qanunlara əməl edilmir. Məhbusların hüquqlarının vaxtaşırı pozulduğunu və onların həyat şəraitinin həbsxana rəislərindən asılı olduğu haqqında tez-tez ictimayətə məlumatlar daxil olur. Hansı ki, ölkədəki müvəqqəti saxlanma təcridxanaları arasında yalnız Kürdəxanı İstintaq Təcridxanası müasir standartlara uyğun tikilib. Müəssisədə total şəkildə özbaşınalıq, dərəbəylik və qanunsuzluğun hökm sürməsi, orada baş verənlər və yaşanan məlum hadisələrin həm dustaqlar, həm onların yaxınlarının narazılıqlarını günbəgün artırmaqdadır. Məhbuslara qarşı ayrı-seçkilik halları, korrupsiya faktları, qanunsuzluq və işgəncə halları təbii ki, ictimaiyyəti narazı salan hallardandır.
Məsələ orasındadır ki, cəzaçəkmə müəssisələrində yerləşdirilən məhbuslara aylıq haqq qoyulduğundan onlar qanunvericiliklə müəyyən olunmuş hüquqlarından yararlana bilmirlər. Vəziyyət o həddə çatıb ki, dustaqlara telefonla danışmaq hüququndan istifadəyə müəyyən maddi təminat əasında imkan yaradılır. Məlumata görə, təcridxanada görüş almaq üçün tələb olunan vəsaiti mütləq ödəmək lazım gəlir. Əks halda məhbus yaxınları ilə aylarla görüşmək hüququndan məhrum edilir. Bunun müqabilində İmkanlı təqsirləndirilən şəxslərin böyük əksəriyyətinə qanunsuz olaraq telefon işləmətmək üçün yaşıl işıq yandırılır. Telefonla danışmaq, kameraya telefon aparmağın öz qiyməti var. Telefonun kameraya keçirilməsinə görə, hər ay hər adam sayına görə pul alınır. Üstəlik hər 2 aydan bir telefon olan kameralara "şmon" yoxlama keçirilir və bunun üçün də ayrıca pul alınır. Beləki həmin şəxslərə bildririlir ki, qanunsuz telefon işlətməyə görə ayrıca cinayət işi açılacaq və məhkəmədə işlərinin üstünə iş gələcək. Buna görə də hər dustaqdan əlavə vəsait alınır. Müəssisəyə yeni daxil olan təqsirləndirilən şəxslərlə xüsusi söhbətlər aparılır, kiminsə imkanı varsa həmin şəxs birbaşa korpusa aparılır. Pulu olmayanlar isə "karantinə" salınır. Dustaqlara verilən yemək, onlara göstərilən tibbi xidmətin keyfiyyətindən isə ümumiyyətlə danışmağa dəyməz. Hansı ki, dövlət hər bir dustağın saxlanması üçün büdcədən vəsait ayırır. Məlumata görə, Kürdəxanı təcridxanasında pullu dustaqlar çoxluq təşkil edir. Belə ki, azadlıqdan məhrum olanlar var ki, pul hesabına tədricxanada "komfort həyat" sürə bilirlər. Həmin pullu dustaqlar bütün günü gəzintiyə çıxarılır, xüsusi mebel və televizorla təmin olunmuş otaqlarda saxlanılırlar. Əslində isə dustaqlar arasında ayrı-seçkiliyə yol verilməməli, qanun bütün dustaqlara eyni qaydada tətbiq olunmalıdır. Axı xidmət əməkdaşları Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Respublikasının qanunlarının və digər normativ hüquqi və normativ xarakterli aktlarının tələblərinə ciddi əməl etməlidir. Vicdanlı davranış deyilən prinsipi-insan, cəmiyyət və dövlətin maraqları naminə öz xidməti vəzifələrini ləyaqətlə yerinə yetirməyə borcludur.
Zəka
Olaylar.az