Qazax Dövlət Sosial-İqtisadi Kollecində nə baş verir...
22 Aprel 2021 16:21 Problem"Qazax Dövlət Sosial-İqtisadi Kollecində tam bir dərəbəylik hökm sürür, buna baxmayaraq heç kim direktora gözün üstə qaşın var kəliməsini deyə bilmir. Əvvəlcə Təhsil Nazirliynin yetkililəri bu məsələyə baxılacağını desələr də, birdən-birə susmağı qərara alıblar. Qazax rayon rəhbərliyində isə sanki daha da müdafiə yolunu tutublar. Çünki faktlarla birgə çıxışlarıma, müraciətlərimə baxmayaraq, rayon rəhbərliyi bildirir ki, Kollecdə yoxlama aparılıb, amma nöqsan aşkarlanmayıb".
Bu sözləri Qazax Dövlət Sosial-İqtisadi Kollecinin sabiq tədris işləri üzrə direktor müavini Nicat Göyüşov deyib.
O 2017-ci ildə o zamankı Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunduğunu, fəaliyyətə başladığı ilk günlərdə Kollecin fəaliyyət planı ilə tanışlıq zamanı ciddi qanun pozuntuları ilə qarşılaşdığını, tədris proqramlarının düzgün icra edilmədiyini, tədris planlarının tələblərinin doğru formada yerinə yetirilmədiyini deyir: "Təəssüf ki, fəaliyyətə başlamağımdan sonra da qanunsuzluqlara son qoyulmadı, bunu görüb iradımı bildirdim, direktora qanunsuz işlənən heç bir sənədə imza atmayacağımı qəti şəkildə dedim. Direktor Elşad Quluyev bu haqda iradımı və təqdimatlarımı görməzliyə vurdu, qanunsuzluqlar dayanmadı. Qanun və qaydalara zidd tərtib olunduğu üçün Təhsil Nazirliyinə göndəriləcək sənədləri: tarifikasiyanı, dərs yükü bölgüsü cədvəllərini, tələbə təqaüdü cədvəllərini imzamla təsdiqləmədim. Vəzifəmin başında ola-ola direktor bunu əvəzimdən tədris hissə müdirinə etdirdi. Məsələ ilə bağlı həm yazılı formada, həm də telefonla əlaqə zamanı Təhsil Nazirliyinə fikirlərimi çatdırmışdım. Problem bununla da bitmədi. Müntəzəm təzyiq, təhqir və böhtanlara məruz qaldım. Qanunsuz işlərə imza atmadığım üçün fəaliyyətim qanunsuzluqlarla işləyən direktor Elşad Quluyevin narahatlığına səbəb olmuşdu və Kollecdən getməyimi istəyirdi. Öz xoşumla buna razı olmadığımı görəndə də məni əmək məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq işdən uzaqlaşdırmaq istəyinə düşdü, amma bunun üçün əsas lazım idi. İşdə nöqsanım olmadığından, əsas hazırlamaq məqsədilə provokasiya və böhtanlara başlandı. Güclü təzyiqlərdən, təhqirlərdən, bununla bağlı müvafiq yerlərə etdiyim müraciətlərə baxılmamasından sonra əmək kitabçamın ləkələnəcəyini görüb məcbur qalaraq öz ərizəmlə işdən çıxmağa razı oldum. Məcbur qaldığım üçün də işdən çıxma ərizəmə səhhətimlə bağlı, ailə vəziyyətimlə əlaqədar və s. bu kimi xüsusi səbəb qeyd etmədim".
Nicat Göyüşov onu da bildirir ki, işlədiyi vaxtdan bu ilin fevral ayına qədər dəfələrlə Təhsil Nazirliyinə ünvanladığı müraciətlərdə hansı ciddi qanun pozuntularının olması haqqında geniş və fakta söykənən məlumatlar verib: "Təhsil nazirinin müşaviri cənab Elnur Nəsibovla sosial şəbəkələr üzərindən əlaqə saxladım, ona bu haqda ətraflı məlumatlar verdim. Hörmətli Elnur Nəsibov da məni qəbul edə biləcəyini dedi. Nəhayət, Təhsil Nazirliyində onunla görüşdük. Məni dinlədikdən sonra Qazax Dövlət Sosial-İqtisadi Kollecinə tezliklə yoxlama göndəriləcəyini bildirdi və əlimdəki qanunsuzluq faktlarını həmin yoxlama komissiyasına təqdim etməli olduğumu dedi. Bir neçə gün sonra Nazirliyin daxili nəzarət şöbəsindən bir nəfər əməkdaş zəng vurub bildirdi ki, ona rəhbərlikdən göstəriş var və məndəki faktlarla tanış olmaq istəyir. Həmin şəxsə faktları və barələrində məlumatları təqdim etdim. Nazir müşaviri Elnur müəllim də faktların Nazirliyin əməkdaşı tərəfindən əldə edildiyini təsdiqlədi və tezliklə yoxlama göndəriləcəyini dedi. Bundan 3 aya yaxın vaxt keçməsinə baxmayaraq heç bir tədbir görülmür".
Şikayətçi həmin qanunsuzluq faktlarının nədən ibarət olduğu haqqında məlumat verdi. Onun Nazirliyə təqdim etdiyi faktlarla bağlı məlumatları oxucularımıza təqdim edirik:
- Təsərrüfat sahəsində alınmayan 10 minlərlə manat dəyərində malların, avadanlıqların qaimələri.
- Dizel yanacağı ilə işləyən qızdırıcıların təhsil müəssisələrində işlədilməsinin qadağan olunduğu halda 2083 litr dizel yanacağı işlənməsinə dair yanacaqdoldurma məntəqəsinin Kollecə təqdim etdiyi qaimə.
Qeyd edək ki, bu fakt haqqında MeydanTV-yə açıqlama verən direktor Elşad Quluyev bildirib ki, 2 tondan çox dizel yanacağı ilə böyük sinif otaqları qızdırılıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin 142 nömrəli 21.12.2004-cü il tarixli əmri ilə təsdiqlənən Təhsil Müəssisisələrinin Bina və Qurğularının İstismarı Zamanı Yanğın Təhlükəsizliyi Qaydalarının 6.10.2-ci bəndində göstərilir ki, sobanın yandırılması üçün benzin, kerosin, dizel yanacağı və digər asan alışan və yanan mayelərdən istifadə etmək qadağandır. Direktor Elşad Quluyevin bu əmri heçə saymasının nəticəsi olaraq ötən dərs ilində 7 nəfər tələbə ağır formada zəhərlənib xəstəxanalıq olmuşdular.
- İxtisası Kollecdə tədris olunan heç bir fənni keçməyə imkan verməyən şəxslərə dərs yükünün bölünməsi ilə bağlı direktorun absurd əmri.
- Direktor Elşad Quluyevin Vüqar Eyyubov adlı şəxsi özbaşına özünə Tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin etməsini sübut edən əmr və təqdimatlar.
Halbuki Tədris işləri üzrə direktor müavini vəzifəsinə təyinatı yalnız Təhsil naziri həyata keçirə bilər.
- Nazirlər Kabinetinin qəbul etdiyi 2016-cı il tarixli qərarına məhəl qoymayan direktorun 2017-ci ildə yalnız dövlət hesablı təhsil alan tələbələrə təqaüd əmri.
Qeyd: Nazirlər Kabinetinin həmin qərarına görə 2016-cı ildən etibarən ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd almaq hüququna sahibdirlər.
- 2017-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (maddə ilə) işdən azad etdiyi Əyani şöbə müdirini heç bir məhkəmə qərarı olmadan 2018-ci ildə işə bərpa edib 2020-ci ilə qədər maaş verməsi.
Bu hal həm də onu göstərir ki, direktor istədiyi adamı maddə ilə işdən çıxara, maraqlarını təmin edəndən sonra da işinə bərpa edə bilər.
- Tələbələrə təqaüd verilməsi üçün Nazirliyə göndərilən cədvələ Tədris işləri üzrə direktor müavini qol çəkməli olduğu halda, Tədris hissə müdirinin imza atdığı sənəd.
Qeyd: Mən dərsə gəlməyən tələbələrə qiymət yazıldığına və onların bəzilərinə bu səbəbdən təqaüd düşdüyünə görə bunun dövlətə ziyan vurmaq olduğunu görüb müvafiq sənədləri təsdiqləməkdən imtina etdim. Direktor isə bu qanunsuzluqları aradan qaldırmaq əvəzinə daha asan yol tapdı, mənim qol çəkməli olduğum sənədi Tədris hissə müdirinə imzalatdı. Təhsil Nazirliyi də o sənədi geri qaytarmadı ki, burada Tədris hissə müdirinin yox, Tədris işləri üzrə direktor müavininin imzası olmalıdır.
- Tədris planlarında nəzərdə tutulmayan yüklərin müəllimlərə verilməsini göstərən və bu problemin aradan qaldırılması üçün direktora ünvanlanan hər iki əyani şöbə müdirinin təqdimatı.
Qeyd: Əyani şöbə müdirləri bu təqdimatla 4380 saat yükün şişirdilərək müəllimlərə bölünməsini direktora bildiriblər. Bu qədər akademik yük bir tam dərs ili üçün 8 müəllimin tam, 1 nəfər müəllimin isə yarım ştat dərslə təminatı deməkdir. Bu da il ərzində təxminən 20 000 (iyirmi min) manatın havaya sovrulmasıdır.
- Direktorun qanunsuz əməlləri, bundan qazandığı sərvəti barədə Təhsil nazirinə Kollecin hər iki əyani şöbə müdirinin birgə məktubu.
- Ümumi orta təhsil bazasından qəbul olunan tələbələrin birinci kursda 18 fəndən imtahan edilməli olduqları halda əsasən 15, bir neçə qrupda isə 16 fəndən imtahan edildiklərinə dair müvəffəqiyyət (forma 7) cədvəlləri.
İmtahan olunmayanlar "Xarici dil", "Azərbaycan tarixi", "Azərbaycan dili və nitq mədəniyyəti" fənləridir.
Deməli, o zamankı qaydalara görə 1-ci kursda 2 fəndən çox kəsri olan tələbə tələbələr sırasından xaric edilirdi. Burada isə bir çox qrup (tələbə yox, məhz qrup) 3 fəndən imtahan edilməyib. Buna baxmayaraq direktor onların kursdan-kursa keçmə əmrini verib, onları sonda təcrübələrə, dövlət imtahanlarına buraxıb, nəticədə diplom almalarını təmin edib.
- Qanunsuz dərs yükü bölgüsü əsasında işlənmiş tarifikasiya sənədinin yenə də Tədris işləri üzrə direktor müavini işdə ola-ola əvəzindən Tədris hissə müdirinə imzaladıldığını göstərən fakt.
- Dərs yükü bölgüsü zamanı Dövlət Attestasiya Komissiyasının (DAK) üzvlərinin təyin əmri olmadan onların hər birinə 30 saat akademik yükün ayrılması faktı.
Burada iki qanunsuzluq birdən edilib. Deməli, DAK-ın sədri və üzvləri tədris ilinin ikinci yarımilində müəyyənləşir. Dərs ilinin əvvəlindən onlara yük ayırmaq ümumi dərs yükünü şişirtmək üçün atılmış addımdır. İkinci tərəfdən isə mövcud qaydalara əsasən Dövlət İmtahanı nəticələrinin yoxlanmasına 2 tələbə üçün 1 akademik saat yük ayrıla bilər. Deməli, maksimum tərkibi olan - 30 nəfərlik bir qrup üçün DAK-ın sədri və üzvlərinin hər birinə 15 saat akademik yük nəzərdə tutula bilər, bəs Kollecin dərs yükü bölgüsündəki 30 saat hardan çıxıb? DAK üzvlərinə 30 saat yük vermək üçün qrupda 60 nəfər tələbə təhsil almalıdır. Qaydalara görə isə qruplar maksimum 30 nəfərdən ibarət təşkil edilir.
- 2018-ci ildə Təhsil Nazirliyindən Kolleclərə göndərilən təlimatda qeyd olunur ki, ümumi orta təhsil bazasından qəbul olunan tələbələr bundan sonra 3 fəndən - "tədris dili", "riyaziyyat", "xarici dil" fənlərindən imtahan olunmalıdırlar. Dərs yükünü şişirtmək üçün bu qaydanın nəzərə alınmadığını göstərən fakt.
Dərs yükü bölgüsündə 1-ci kursda təhsil alan tələbələrin mənimsədiyi informatika fənninə imtahan nəzərdə tutulmadığı halda imtahan nəticələrinin yoxlanılması üçün saatlar nəzərdə tutulub. Belə şişirtmələr digər fənlər üçün də mövcuddur.
- Təhsil Nazirliyinə müvafiq ştatlara maaşa əlavə yardımların verilməsi üçün icazə almaq məqsədilə göndərdiyi cədvələ müsbət cavab veriləndən sonra həmin cədvəldə qeyd olunan ştatlarda dəyişiklik edib Qazax rayon Maliyə İdarəsinə təqdim etdiyi sənədlər.
Əslində isə Maliyə İdarəsinə Təhsil Nazirliyinin icazə verdiyi cədvəl təqdim edilməli idi.
Təhsil Nazirliyinin və digər aidiyyatı qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.