Dünya hələ belə vandalizmin şahidi olmayıb

"Bütün həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır"

Ermənilər 30 il ərzində Azərbaycanın işğal altında olan ərazilərində əsil vandalizm aktı törədiblər. Ölkəmizin flora və faunasını məhv edən erməni vandalları bununla kifayətlənməyərək tarixi və mədəni abidələrimizi də yerlə yeksan ediblər. Daşı daş üstə qalmayan Azərbaycan kəndləri, şəhərləri indi əsil xarabalığı xatırladır. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martin 16-da Şuşa şəhərinə səfəri zamanı bir daha bunun şahidi olduq. Nə qədər ağrılı, acılı olsa da dünya işğaldan azad edilmiş Azərbaycan torpaqlarında erməni vəhşiliyinə  şahidlik edir. Artıq bütün dünya görür ki, işğal nəticəsində azərbaycanlılara məxsus bütün bina və məscidlərimiz dağıdılıb, məscidlərdə heyvan saxlayıblar. Bununla da bizim müqəddəs abidələrimizi təhqir ediblər. Dağlıq Qarabağın qədim azərbaycanlı kəndlərindən olan, 19-cu əsrdən bəri ermənilərin iddia etdiyi Tuğ kəndi də viran edilib. Ali baş Komandan İlham Əliyevin Şuşaya səfəri zamanı bildirilib ki, dağıdılmış mədəni abidələrdən biri də Pənahəli xanın sarayı olub. Bu saray  Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar: "Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyi də işğal zamanı ciddi ziyan görüb. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidələrini dağıdasan". Bildirilib ki, bütün həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır:  "Beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər həqiqətləri. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər".

Lakin bütün baş verənlərə baxmayaraq Şuşanın bərpası üçün bütün imkanlar səfərbər olunacaq. Dövlət başçısı qeyd edib ki, Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək: "Artıq işlərə start verilib. Bunu, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə".

Milli Məclisin deputatı Sevinc Hüseynova deyib ki, bu gün ölkəmizin qarşısında dayanan ən başlıca vəzifə işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və insanların yaşayışının təmin edilməsidir. Dövlətimiz bu istiqamətdə sistmeli tədbirlər keçirməkdədir. Görülən işlər cənab Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Dövlətimizin başçısı ardıcıl olaraq həmin bölgələrə səfər edərək görülmüş işlərlə birbaşa tanış olur. Bu baxımdan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli və Xocavənd rayonlarına, Şuşa şəhərinə səfəri böyük əhəmiyyət daşıyır. Sevinc Hüseynova bildirib ki, səfər zamanı dövlətimizin başçısı quruculuq işləri ilə bağlı yeni layihələrin təməlini atdı, həmçinin görülən və görüləcək işlərlə bağlı tapşırıqlarını verib. Eyni zamanda, cənab Prezident Hadrut qəsəbəsində   üçrəngli bayrağımızı ucaltdı və qeyd etdi ki, Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq. Hadrutun azad edilməsi ilə Şuşanın da azad edilməsi üçün yeni imkan yarandı və rəşadətli ordumuz məhz bu istiqamətdə Şuşaya doğru irəlilədi. Məhz uğurlu hərbi strategiya qələbəmizin təməlində dayanır. Millət vəkilinin sözlərinə görə, 30 ilə yaxın müddət ərzində ermənilər bu torpaqları tamamilə dağıdıb. Bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir. Amma ermənilərdən fərqli olaraq ordumuz mülki insanları qətlə yetirməyib, yaşayış məntəqələrini dağıtmayıb, humanizm prinsiplərindən yanaşıb. Hadrut qəsəbəsinin timsalında da bunu görmək olar. Bu, bizim bir xalq olaraq mənəvi kodeksimizdir. Azərbaycan Ordusundan fərqli olaraq, Ermənistan tərəfi isə azərbaycanlı mülki əhalini hərbi hədəf kimi seçiblər. Biz bu qanlı cinayətlərə 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə, 2020-ci ildə isə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə şahid olmuşuq. Azyaşlı uşaqları, qadınları, qocaları qətlə yetirmək təcavüzkar Ermənistan üçün əsas məqsədlərdən biri olub. Deputat qeyd edib ki, cənab Prezidentin Şuşaya növbəti səfəri də əlamətdar oldu: "Belə ki, bu səfərin xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində, İlaxır çərşənbədə baş tutmasının böyük əhimiyyəti var. Bu tarixi bir hadisədir. Çünki biz 28 il idi ki, Novruz bayramını qeyd edəndə həmişə arzu edirdik ki, növbəti il bayramı Qarabağda, Şuşada qeyd edək. Biz bu arzumuza çatmışıq. İlaxir çərşənbədə Şuşada bayram tonqalı yandırıldı. Eyni zamanda, səfər zamanı dövlətimizin başçısı Şuşada bərpa-quruculuq işləri ilə tanış oldu. Molla Pənah Vaqifin məqbərəsinin yenidən qurulması, məscidlərimizin bərpası bizi xalq olaraq çox qürurlandırır. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Şuşa şəhəri tezliklə dirçələcək, o cümlədən tarixi, mədəni və dini abidələrimiz bərpa olunacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31