Bakının Səbail rayonunda bir küçənin sakinləri ölümlə üz-üzə qalıb - PROBLEM
Mikayıl Müşfiq küçəsində piyada keçidinin olmaması hər gün ölümlə nəticələnir
13 May 2013 19:27 ProblemBakının Səbail rayonu, Mikayıl Müşviq küçəsinin sakinləri ölümlə üz-üzə qalıblar. Bina sakinləri hər an real təhlükə qarşısındadırlar. Bu barədə redaksiyamıza Mikayıl Müşviq küçəsi 4 saylı binanın sakinləri müraciət ediblər. Sakinlər bildirirlər ki, onlar 4 ildən artıqdır ki, bu cür real təhlükə ilə üzləşirlər. Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciətlər olunmasına baxmayaraq, sakinlərin müraciətlərinə reaksiya verilmir.
Sakinlər bildirirlər ki, problemlə 2009-cu ildən üzləşiblər. Həmin il bina istifadəyə verilib və mənzil sahibləri həmin binaya köçüblər. Sakinlər binaya köçəndən bu günə qədər qorxu içərisində yaşayırlar. Səbəb isə binanın qarşısındakı avtomobil yollarını keçə bilməmələridir: "4 ildir ki, bu binada yaşayırıq. Bina 3 yol qovşağılnın mərkəzində yerləşir. Həmin ildən etibarən onlarla müraciətlər etmişik ki, binanın qarşısında avtomobil yolunu keçmək üçün ya yeraltı, ya da yolüstü keçid inşa olunsun. Hər yerə yazmışıq, bütün aidiyyəti qurumlar məsələdən xəbərdardır. Amma, heç bir tədbir görülmür. 4 ildir müraciətlərimiz cavabsızdır. İlk əvvəl Nəqliyyat Nazirliyinə müraciət etdik. Aylarla gözlədik heç bir cavab gəlmədi, sonra Bakı şəhər İcra Hakimiyyətinə və Səbail rayon İcra Hakimiyyətinə müraciət etdi. Bu qurumlardan da bizə heç nə demədilər. Bu günə qədər gözləyirik, amma Nəqliyyat Nazirliyi bizi saymır. Nə müraciətimizə cavab verilir, nə də iş görülür. Heç kim bina sakinlərinin həyatı barədə düşünmür". Sakinlər deyirlər ki, şəhərin lazımsız istiqamətlərində onlarla piyada keçidləri inşa olunur, amma, lazımlı yerə müraciət edəndə də baxmırlar. Sakinlər deyirlər ki, problemin həll olunmaması hər gün demək olar ki, bir bədbəxt hadisə ilə nəticələnir. Elə bu hadislərdən biri də mayın 13-də günorta saatlarında baş verib. Sakinlərin dediyinə görə, həmin gün günorta saatlarında binanın qarşısında avtomobil yolunu keçən nənə və azyaşlı nəvəsini avtomobil vurub. Piyadalardan biri, azyaşlı aldığı xəsarətdən hadisə yerindəcə keçinib, digər piyada isə ağır bədən xəsarətləıri ilə xəstəxanaya yerləşdirilib. Hazırda sağ qalan piyadanın vəziyyətinin ağır olduğu bildirilir. Bina sakinlərinin dediyinə görə, 4 il ərzində günaşırı bu cür hadisələrlə üzləşirlər. Hər gün yol qəzaları, hər gün bədbəxt hadisələr və cavabsız qalan şikayətlər. Mövzunu davam etdirəcəyik.
Samir