Masallını zəbt edən mafioz qrup sahibkarın ailəsini təhdid edir - PROBLEM

Reketlik edən məcburi köçkünün yeni cinayət əməlləri üzə çıxdı

Masallı rayonunun Qəriblər kəndində icra nümayəndəliyinin inzibati binası və vətəndaşların torpaq sahəsini zəbt edən, Cəbrayıl rayonundan olan məcburi köçkün Qurban Həşimov və onun himayədarları  "Turan" firmasının rəhbəri  Səbirə Mirzəyevanın ailə üzvlərini təhdid edir. Rayon ərazisini zəbt etməklə məşğul olan Həşimov və onun himayədarları "Turan" Firmasının rəhbərini və onun ailəsini müxtəlif üsullarla hədələyir və kooperativin 20 illik istifadəsində olan torpaq sahəsindən əl çəkməyi tələb edir. Bu barədə redaksiyamışa müraciət edən Masallı rayon Qəriblər kənd sakini, "Turan" kooperativinin rəhbəri Səbirə Mirzəyevanın həyat yoldaşı Vahid Mirzəyev deyir.  Onun sözlərinə görə, araşdırmalar zamanı Qurban Həşimovun digər cinayət əməlləri də üzə çıxıb.

Mafioz qrupun konkret cinayət əməlləri

Bu faktları üzə çıxaran Vahid Mirzəyev və onun ailə üzvləri Qurban Həşimovun himayədarları tərəfindən hədələnir. Vahid Mirzəyevin araşdırmaları zamanı məlum olub ki, Qurban Həşimovun adına Masallıda və digər rayonlarda bir neçə ticarət və xidmət obyektləri var. O himayədarlarına arxalanaraq rayon ərazisində istədiyi yerə göz dikir və oranı zəbt etməklə ələ keçirir: "Məsələn, hazırda Qurban Həşimovun adına Masallıda istirahət zonasında iki istirahət guşəsi və hektarlarla torpaq sahələri var. Bu istirahət mərkəzləri Masallıdakı "Turan" və "Uludağ" İstirahət və Əyləncə Mərkəzləridir. Həmin mərkəzlərdən biri-"Uludağ" İstirahət və Əyləncə Mərkəzi hazırda da Qurban Həşimovun öz nəzarətindədir. "Turan" İstirahət Mərkəzi isə onun adına rəsmiləşdirilib".
Bundan əlavə, Qurban Həşimov Masallı-Yardımlı yolunun 11-ci kilometrliyindəki Yardmlı Yol Evini də zəbt edərək oranı mənimsəmək istəyib. Məcburi köçkün adından  və himayədarlarından sui-istifadə edən Qurban Həşimov məmurlara hədə-qorxular gələrək bu ərazidən çıxmayacağını, təzyiqlər olacağı təqdirdə özünü yandıracağını bildirib. Məsələyə Nəqliyyat və Daxili İşlər nazirliyi müdaxilə edəndən sonra Qurban Həşimov bu qurumlar qarşısında şərt qoyaraq onlardan müəyyən şərtlər tələb etməklə binanı tərk edib.
Vahid Mirzəyev deyir ki, bununla yanaşı, Qurban Həşimov  Masallı rayonunun Qəriblər kəndi ərazisində Masallı rayon İcra Hakimiyyətinin Qəriblər kənd icra nümayəndəliyinin binası və binanın ətrafında 1,05 hektar ərazini saxta sənədlərlə özününkiləşdirmişdi. Maraqlı fakt odur  ki, torpaq sahəsi məmurlar tərəfindən təşkil edilən qanunsuz hərraca çıxarılıb və Qurban Həşimovun guya həmin hərracda qalib gəlməsi barədə qərar qəbul edilib. Qurban Həşimov heç bir yerdə işləmədiyi halda Əmlak Məsələləri Dövlət Komitəsinin bəzi yüksək rütbəli məmurları onun guya komitənin 26 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsində (SMD) işləməsi barədə saxta arayışlar tərtib edib və onun adına aylıq maaşlar yazılıb. Bundan sonra isə 26 saylı SMD-nin Əmək Kollektivi Şurasının səxta qərarı hazırlanaraq torpaq sahəsinin Qurban Həşimovun adına sənədləşdirilməsinə razılıq qərarı verilib və torpaq sahəsi üçün qanunsuz hərrac keçirilib. Torpaq sahələrini 20 ildən artıq istifadə edən "Turan"Kooperativinin isə bu hərracdan məlumatı olmayıb. 

***

İki pulsuz ev alan məcburi köçkün Masallını zəbt etməklə məşğuldur

Şikayətçinin dediyinə görə, Qurban Həşimov aidiyyəti qurumlara sığınacaq yerinin olmaması barədə məlumat versə də, onun yalanları üzə çıxıb. Məlum olub ki, Qurban Həşimov məcburi köçkün adından istifadə edərək bir çox əraziləri zəbt edib: "Araşdırmalarımız zamanı məlum oldu ki, Qurban Həşimova  məcburi köçkün kimi Beyləqanda Haramı düzü adlanan ərazidə, prezidentin sərəncamı ilə məcburi köçkünlər üçün inşa edilən 7 saylı qəsəbədə bir neçə ev verilib. Buna baxmayaraq Qurban Həşimov Masallı rayonunda vətəndaşların torpaq sahələrini və inzibati binaları zəbt edir. Araşdırmalar zamanı məlum oldu ki, Qurban Həşimova himayədarlığı birbaşa Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov və komitənin şöbə müdiri Möhma Heraçiyev edib. Həmin şəxslər adıçəkilən 1 hektar torpaq sahəsinin vətəndaşların və bələdiyyənin  mülkiyyətində olmasına baxmayaraq saxta sənədlərlə Qurban Həşimovun adına rəsmiləşdirib. Həmin torpaq sahələrinin bələdiyyə və vətəndaşların mülkiyyətində olması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 17-10/1168 saylı 08.12. 2009-cu il tarixli məktubu, komitənin Masallı şöbəsinin 04.02.2009-cu il tarixli aktı, Qəriblər bələdiyyəsinin 25.02.2009-cu il tarixli məktubu, Reyster Xidmətinin Masallı rayon şöbəsinin 23.02.2009-cu il tarixli aktı və 27.02.2009-cu il tarixli məktubu  var. Amma, Rüstəm Şahbazovun yaxın qohumu olan, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Cəlilabad Ərazi İdarəsinin rəisi Qalib Xudaverdiyev komitənin şöbə müdiri Möhma Heraçıyevlə birləşərək Əmlak Məsələləri Dövlət Komitəsində saxtakarlıq edib həmin torpaq sahəsini satıb". Səbirə Mirzəyeva bildirir ki, torpaq islahata gedərkən Qəriblər ərazisində 181,83 hektar
saxlanılıb ki, həmin əraziyə Qurban Həşimova satılan ərazi aid edilməyib. Dövlət mülkiyyətində saxlanılan torpaq sahələrinin 170,50 hektarı Viləşçay su dəryaçasının, 8,89 ha Viləş çayının, 2,44 ha isə Masallı-Yardımlı yolu ətrafındakıdır. Qalan torpaq sahələri isə bələdiyyə mülkiyyətindəki örüş və vətəndaşlara verilən pay torpaq sahələridir. Bu faktlar rayonun peyk xəritəsində də əksini tapıb.
Məsələ ilə bağlı məhkəməyə müraciət edən Vahid Mirzəyev sonda məhkəmədən ədalətli qərar çıxarılmasına nail olub. Əvvəlcə  Xətai rayon məhkəməsi iddianı tam təmin etməyib. Məhkəmə araşdırması zamanı hərracın qanunsuz keçirilməsi təsdiqini tapsa da, hakim Leyla Talıbova hərracın nəticələrini ləğv etməyib. Qərarla razılaşmayan iddiaçı sənəddən Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsində iş obyektiv araşdırılıb və sübutlar təsdiqini tapdığı üçün məhkəmənin qərarı ilə Əmlak məsələləri Dövlət Komitəsinin həmin torpaq sahəsi ilə bağlı keçirdiyi qanunsuz hərrac və Qurban Həşimovun adına verilən iki şəhadətnamə ləğv edilib və torpaq sahələri əvvəlki vəziyyətinə qaytarılıb. 

Mafiya üzvləri şikayətçinin ailəsini təhdid edir

Amma, buna baxmayaraq qarşı tərəf hələ də sahibkarın ailə üzvlərinə qarşı təhdidlərini dayandırmır. Qurban Həşimovun himayədarları Vahid Mirzəyev və onun ailə üzvlərinə qarşı təzyiqlər edərək şikayətləri geri götürməyi və torpaq sahəsindən əl çəkməyi tələb edir. Vahid Mirzəyev deyir ki, məcburi köçkünün himayədarları bildirir ki, onlar yenidən hansı yolla olursa-olsun həmin torpaq sahələrini zəbt edib mənimsəyəcək: "Məhkəmə qərarının olmasına baxmayaraq Qurban Həşimov Masallı rayon İcra Hakimiyyətinə dalbadal şikayət ərizələri yazaraq icra nümayəndəliyinin həmin ərazidən çıxarılmasını tələb edir , mənim və ailə üzvlərim barədə şantaj xarakterli məlumatlar yaymaqla məşğul olur. Qurban Həşimov hazırda həmin torpaq sahəsini hasara alıb, ərazidəki icra nümayəndəliyinə girişi qadağan edib.
Ailə üzvlərinə təhlükədən ehtiyatlanan Vahid Mirzəyev ailəsinin təıhlükəsizliyi məqsədilə məsələ ilə bağlı milli təhlükəsizlik naziri Eldar Mahmudov və daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciət hər iki nazirlikdə nəzarətə götürülüb.  Vahid Mirzəyev həmçinin Qurban Həşimov və onun himayədarlarının korrupsiya cinayətləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və digər aidiyyəti qurumlara edib.

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31