Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində ekoloji terror həyata keçirib

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində ekoloji terror həyata keçirib

Bu danılmaz faktdır ki, Ermənistanın Azərbaycan ərazilərini işğala məruz qoyması təkcə insanlarımız, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnməyib, eyni zamanda işğal altında olan ərazilərdəki təbii sərvətlər, fauna və floraya da ciddi ziyan dəyib, məhv edilib. Sentyabrın 27-dən etibarən həyata keçirilən əks-hücum əməliyyatları işğal altında olan ərazilərimizin azad olunması ilə yanaşı, eyni zamanda həmin ərazilərdə ətraf mühitə dəyən ziyanın hesablanması üçün də əlverişli imkan yaratdı.   Bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri Camal Quliyev və Gülnar Qəhrəmanova  tərəfindən işğalın Dağlıq Qarabağ və ətraf rayonların fitosanitar vəziyyətinə təsiri barədə araşdırma aparılıb. Araşdırmada qeyd edilir ki, bitki mühafizəsinin əsas problemlərindən biri də müxtəlif vasitələrlə fərqli zoocoğrafi ərazilərdən təsadüfən yeni əraziyə keçmiş invaziv zərərli orqanizmləri tədqiq etmək və ehtiyac olduğu təqdirdə lazımi mübarizə tədbirləri tətbiq etməkdən ibarətdir. Bu məqsədlə respublikamızın müxtəlif rayonlarına daxil olan fərqli ekosistemlərdə vaxtaşırı monitorinqlər aparılır və bitki sağlamlığı istiqamətində lazımi tədbirlər həyata keçirilir. Təəssüf ki, uzun illər erməni işğalına məruz qalan ərazilərimizdə bu cür tədbirlər planı həyata keçirmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasında karantin zərərvericiləri, xəstəlik və alaq otlarının yayılması haqqında 02.01.1997-ci ilə aid hesabatda göstərilən məlumatlar işğaldan əvvəlki son illərə aiddir.

Araşdırmada diqqətə çatdırılır ki, işğaldan öncə işğal altında olan ərazilərimizdə Kolorado kartof böcəyi, filloksera, komstok yastıcası, sitrus ağqanadlısı, sürünən kəkrə, qızılsarmaşıq kimi karantin tətbiq edilən zərərli orqanizmlər qeydə alınıb.  Ağdərə rayonunda 292 ha, Xocavənd rayonunda 114 ha, Xocalı rayonunda 293 ha, Şuşa rayonunda isə 39 ha sahədə Kolorado kartof  böcəyinin yayıldığı müəyyən edilib (ümumi 738 ha). Bundan başqa, Qubadlıda 8 ha, Zəngilanda 0,1 ha, Ağdamda 2 ha, Füzulidə 15,1 ha ərazidə Kolorado böcəyinə rast gəlinib. Filloksera zərərvericisi Ağdərə rayonunda 3000 ha, Xocalı rayonunda 600 ha, Xocavənd rayonunda 3750 ha ərazidə qeydə alınıb (ümumi 7350 ha). İşğal altında olan Ağdam rayonunda isə 2834 ha ərazini əhatə edən üzüm sahəsində zərərvericinin yayıldığı məlumdur.

Komstok yastıcasına Ağdərə rayonunda 45 ha, Xocavənd rayonunda 6 ha, Xocalıda 14 ha ərazidə rast gəlinib (ümumi 65 ha). İşğala məruz qalmış digər rayonlarımızdan Ağdamda 32 ha, Zəngilanda 8 ha, Tərtərdə 5 ha, Füzulidə 6,9 ha sahədə komstok yastıcası aşkar edilib.

Ərazidə həşəratlarla yanaşı, kənd təsərrüfatı sahələrinə ciddi ziyan vuran və karantin tətbiq edilən qızılsarmaşıq, sürünən kəkrə kimi alaq otları da qeydə alınıb.

Qızılsarmaşığa Ağdam rayonunda 601,5 ha, Zəngilan rayonunda 72 ha, Laçın rayonunda 121 ha, Füzuli rayonunda 1003 ha, Ağdərə rayonunda 1500 ha, Xocavənd rayonunda 2400 ha, Xocalıda 1400 ha, Şuşada isə 200 ha ərazidə rast gəlinib.  Bundan başqa, Ağdam rayonunda 300 ha ərazidə sürünən kəkrə də yayılıb. Lakin işğala məruz qalan ərazilərimizdəki fitosanitar vəziyyət haqqında sonralar heç bir məlumat toplamaq mümkün olmayıb. Qeyd olunan zərərli orqanizmlərin vaxtaşırı monitorinqinin və onlara qarşı fitosanitar tədbirlərin aparılmaması onların kütləvi artımına və areallarının işğal olunmayan digər Azərbaycan ərazilərinə doğru genişlənməsinə səbəb olub.

Digər tərəfdən  həmin ərazilərdə həyata keçirilən hərbi əməliyyatlar zamanı tətbiq edilən dağıdıcı vasitələr, yaşıllıqların, meşə və kənd təsərrüfatı sahələrinin yandırılaraq və ya digər üsullarla məhv edilməsi, kənd təsərrüfatına yararlı ərazilərə çirkab sularının axıdılması, aqrosenozların yerində narkotik xassəli bitkilərin əkilməsi, müəyyən məqsədlər üçün meşələrin qırılaraq daşınması və s. həmin ərazilərin flora və fauna tərkibinin dəyişməsi fonunda zərərli orqanizmlərin də növ tərkibinin və populyasiya sıxlığının dəyişməsinə səbəb olub.

Ekoloji terror - konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə, bilərəkdən vurulan ziyandır.

Qeyd edilir ki, Ermənistan tərəfindən həyata keçirilən ekoloji terrorlardan biri də işğala məruz qalmış Azərbaycan torpaqlarında məqsədyönlü şəkildə törədilmiş yanğınlar və deqradasiyadır.  E. Suleymanov və O.N. Arasın verdiyi məlumata görə, işğal edilən Yuxarı Qarabağ ərazisində 1,3 milyon ha əkin sahəsi, 7000 kənd təsərrüfatı müəssisəsi tərk edilmək məcburiyyətində qalıb. Bundan əlavə, regionda 649,000 ha əkinə yararlı yüksək məhsuldarlığa sahib ərazi, 199 min ha əkin sahəsi və 62 min ha uzunmüddətli əkin sahəsi istifadə edilirdi.  

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 %-ni təşkil edir. Təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə  külli miqdarda ziyan dəymişdir. Belə ki, Kəlbəcər, Laçın, Zəngilan, Xankəndi (Şuşa rayonu da daxil olmaqla), Xocavənd, Ağdərə meşə təsərrüfatlarının 261 min ha-dan artıq sahəsi qırılaraq məhv edilmişdir. Orada yetişən çox qiymətli palıd, fıstıq, vələs, ağcaqayın, ayı findığı, qoz, Şərq çinarı kəsilərək Ermənistan ərazisinə daşınmışdır. 25-26 %-i meşə olan işğal altındakı torpaqların məhv edilməsi, həm də regiondakı heyvan və bitki növlərinin zərər görməsi deməkdir. Aparılan hesablamalara görə, meşə sahələrinin təqribən 8-10 %-i məhv edilib. Məlumdur ki, 261 min ha meşə, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, hündürlüyü 45 m, diametri 6-8 m-dək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və  digər təbiət abidələri işğal olunmuş ərazilərdə qalmışdır. Böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyəti həmin ərazilərdə məskunlaşmış ermənilər tərəfindən məhv edilib.

Ermənistan ordusunun əsgərləri və orada məskunlaşan gəlmə əhali tərəfindən mütəmadi olaraq qəsdən törədilmiş yanğınlar nəticəsində 100 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olub, torpağın üst münbit qatı yararsız hala düşüb. Müxtəlif vaxtlarda ermənilər işğal etdikləri ərazilərin  geniş hissəsində (Xocavənd, Ağdam, Qubadlı, Zəngilan) yanğınlar törətmişdir. Qeyd edək ki, yanğınlar zamanı ətraf mühitə təxminən 300 milyon manat  məbləğində ziyan dəyib. Yanğın nəticəsində torpağın üst qatı və bitki örtüyü, ərazidə olan qiymətli ağac və kollar məhv olmuşdur. Orada olan fauna və floradan əsər-əlamət qalmamış, təbiətə xeyli ziyan vurulub. Belə yanğınlar ekoloji tarazlığın pozulmasına, heyvanat aləminin və bitki örtüyünün tələf edilməsinə, atmosferin çirklənməsinə səbəb olub.

Lakin törədilən yanğınların fəsadları bununla bitmir. Belə ki, təbii ekosistemlərin və aqrosenozların məhv edilməsi orada məskunlaşan zərərli orqanizmlərin qida bitkilərinin müxtəlifliyinin artmasına təkan verən amillərdəndir. Biçənəklərin və əkin sahələrinin yandırılması bir çox təhlükəli zərərvericilərin, xüsusən də ev siçanı, çöl siçanı, adi çöl siçanı, qırmızıquyruq qum siçanı, kiçik Asiya qum siçanı, boz siçan, boz siçovul və s. kimi siçanabənzər gəmiricilərin, Mərakeş çəyirtkəsi, Asiya çəyirtkəsi, İtaliya çəyirtkəsi kimi sürü halında köç edən zərərvericilərin kütləvi şəkildə sərhədboyu yaşayış ərazilərinə doğru yayılmasına və xüsusilə taxıl sahələrinin kütləvi məhvinə səbəb olmuşdur. Gəmiricilər kənd təsərrüfatına ziyan vurmaqla yanaşı, insanlara və kənd təsərrüfatı heyvanlarına da bir çox xəstəlikləri yoluxdurub. Qeyd edək ki, son illər işğal altında olan ərazilərdən ölkə ərazisinə Mərakeş çəyirtkəsinin və siçanabənzər gəmiricilərin miqrasiyası fitosanitar vəziyyəti mürəkkəbləşdirən başlıca amillərdən olub. Rəşadətli ordumuz tərəfindən işğal altında olan ərazilərimizin azad edilməsi həmin sahələrdə fitosanitar sabitliyin təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə şərait yaradıb.  

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31