Hərb cəbhəsində uduzan düşmən mülki insanları hədəf alır
Azərbaycan yenidən erməni təcavüzü və düşmənin işğala cəhd göstərmə taktikası ilə üzləşib
2 Oktyabr 2020 16:30 ProblemAzərbaycan yenidən erməni təcavüzü və düşmənin işğala cəhd göstərmə taktikası ilə üzləşib. Tovuz təxribatı və bu təxribata qarşı aldığı ağır sarsıdıcı zərbənin əvəzini çıxmağı qarşıya məqsəd qoyan düşmən sentyabrın 27-də, səhər saatlarında növbəti təxribata əl atdı. Əslində düşnmən təxribatı gözlənilən idi və bir neçə ay idi ki, düşmən Qarabağ cəbhəsində öz hərbi arsenalını artırır, bölgəyə əlavə silah-sursat və canlı qüvvə toplayırdı. Azərbaycan rəhbərliyinin, dövlət başçısının xəbərdarlıqları, dünyanın bir nömrəli siyasi təsisatı olan BMT tribunasından Ermənistanın yeni müharibəyə hazırlaşması barədə dünyanı məlumatılandırmasına məhəl qoyulmaması son nəticədə Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlamasına yol açdı.
Ənənəvi olaraq ermənilər yenə də əsas hədəf kimi mülki əhalini, şəhər və kəndləri seçdi ki, bu da Cenevrə konvensiyasının müddüalarının kobud şəkildə pozulması idi. Ümumiyyətlə, bu ermənilərin ən çirkin mübarizə metodlarından biridir ki, Dağlıq Qarabağ problemi meydana çıxandan düşmən məhz həmin metoddan, mülki əhalini hədəf almaqdan istifadə edib.
Elə sentyabrın 27-də də ermənilərin növbəti təxribatının qurbanı mülki əhali, Füzuli rayonunun Alxanlı kəndinin sakinləri oldu. Hərbi əməliyyatların davam etdiyi 1 həftəyə yaxın müddətdə cərəyan edən proseslər, düşmənin raket zərbələri endirdiyi obyektlər sırasında da məhz kənd və qəsəbələr, mülki insanlar, infrastruktur daha çoxluq təşkil edib. Bu da əsas etibarilə onunla əlaqədardır ki, düşmən hərb, müharibə meydanında Azərbaycanla, Azərbaycan Ordusu ilə bacara bilmir və hərbi sahədə üzləşdiyi uğursuzluğu mülki insanları hədəfə almaqla əvəzləyir. Elə bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev də oktyabrın 2-də keçirdiyi mətbuat konfransında açıq şəkildə ifadə edib. Azərbaycan Prezidentinin köməkçisi bəyan edib ki, Azərbaycan Ordusu sürətli əks hücumla düşmən mövqelərinə ağır zərbələr endirir və bütün cəbhə boyu hərbi üstünlüyü əldə saxlayır.
Bu arada onu da qeyd etmək lazımdır ki, müharibə şəraitində uğurlu informasiya siyasəti də həyata keçirmək zəruridir və bu mənada Azərbaycanın bir həftəyə yaxın davam edən hərbi əməliyyatlar zamanı uğurlu informasiya siyasəti həyata keçirdiyini müşahidə edirik. Xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinin döyüşlərin getdiyi ərazilərə səfərinin təşkil edilməsi düşmənin mülki insanlara vurduğu zərərin, kənd və qəsəbələrə endirdiyi raket zərbələrinin xarici mediada işıqlandırılması baxımından əhəmiyyətlidir. Ötən bir neçə gün ərzində bir sıra ölkələrinin KİV-lərində düşmənin mülki obyektlərə zərbə vurması barədə yer alan materiallar Azərbaycanın informasiya mübarizəsində önə çıxdığının gösrtəricisidir. Bunu şərtləndirən əsas amil isə ondan ibarətdir ki, rəsmi Bakı əsl həqiqətlərin, reallığın, erməni vəhşiliyinin üzə çıxmasında maraqlıdır. Məhz bu marağın göstəricisidir ki, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkədə fəaliyyət göstərən və hərbi əməliyyatlar başlayandan Azərbaycana gələn xarici KİV nümayəndələri üçün brifinq keçirərək onları baş verənlər barədə ətraflı şəkildə məlumatlandırdı.
Prezidentin köməkçisinin də qeyd etdiyi kimi, mövcud reallıq ondan ibarətdir ki, düşmən hərb, müharibə cəbhəsində bütün parametrləri üzrə Azərbaycana uduzur. Artıq Azərbaycanın şanlı ordusu ard-arda tarix yazır və uzun illər işğal altında olan ərazilərimizi tədricən azad edir. Bu müqəddəs savaşda Orduya, onun Ali Baş Komandanına isə birmənalı olaraq Azərbaycan cəmiyyətinin dəstəyi mövcuddur. İşğalçı Ermənistandan fərqli olaraq Azərbaycanda siyasi mövqeyi, əqidəsi və dünyagprüşündən asılı olmayaraq hər kəs düşmənə qarşı başalanan mübarəzəni təqdir edir, Azərbaycan Ordusuna dəstək verir və bu ordunun şanlı qələbə qazanacağına inanır.
Məhəmməd
Olaylar.az