Erkən nikaha girənlərin üzləşdiyi daha bir problem - AKTUAL
12 İyun 2012 17:49 ProblemCənub bölgəsində-Lənkəran, Cəlilabad, Masallı, Yardımlıda erkən nikah problemi baş alıb gedir. Bu barədə "OLAYLAR"a məlumat verən Şəffaflıq Azərbaycan təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva bildirib ki, 14-15 yaşında qızlar kəbinlə ərə verilir. Bir neçə ildən sonra isə bu ailələrin bir qismi dağılır: "Çoх hallarda kişi Rusiyaya işləməyə gedir və qayıtmır. Qadın iki-üç uşaqla tək qalır. Rəsmi nikahı olmadığına görə məhkəmə yolu ilə aliment də ala bilmir. Bu qadınlar ünvanlı sosial yardım üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edirlər ki, bu da ciddi bir problemdir. Bu vəziyyət bir tərəfdən ünvanlı sosial yardım vasitəsinin yükünü ağırlaşdırır, digər tərəfdən isə bu cür ailələrdə olan uşaqların ataları heç bir məsuliyyət daşımırlar". Təşkilat direktorunun sözlərinə görə, erkən nikah problemini yaradan valideynlər övladlarının gələcəyini fikirləşməlidirlər. Çünki qızlarının ailəsi dağıldıqdan sonra onlar nə ev, nə də aliment əldə edə bilmirlər. R.Səfərəliyevanın fikrincə, QHT-lər yerlərdə valideynlərin, gənc qızların maarifləndirilməsi istiqamətində işlər görür: "Hesab edirəm ki, Əmək və Əhalininn Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Уşaq Problemləri üzrə Dövlət Komitəsi bu problemi aradan qaldırmaq üçün birgə cəhd göstərməlidirlər. Görülən maarifləndirici tədbirlər əsasən qızlar üçün nəzərdə tutulur. Amma istərdim ki, valideynlər üçün də bu cür tədbirlər görülsün. Telekanallarda hüqüqşünasların, qadınların hüquqlarını müdafiə edən QHT-lərin iştirakı ilə davamlı verilişlər olsun ki, valideynlər bu problemin gətirdiyi bəlaları dərk edə bilsinlər".