Nəsrəddin Tusi küçəsi çirkab suları içində...

Zakir Hüseynov: “Artıq aprelin 16-dan binada yaşamaq mümkün deyil, vəziyyət fəlakət həddinə çatıb”

"Nəsrəddin Tusi küçəsi, 19 saylı yaşayış binasının magistral kanalizasiya xətti aprel ayının 16-dan tutulmuş vəziyyətdədir. Çirkab suları kanalizasiya xətlərinə yox, binanın zirzəmisinə dolur". Bu barədə "OLAYLAR"a Xətai rayon sakini Zakir Hüseynov deyib. Z.Hüseynovun sözlərinə görə binanın zirzəmisində çirkab sularının səviyyəsi 1.50 sm-a qalxıb: "Üfunətdən binada yaşamaq mümkün deyil. Artıq çirkli sular içməli suya qarışmaq üzrədir. Binada epidemiyanın başlanması qaçılmazdır. Məsələ ilə bağlı Xətai rayon Su Departamentinə, Qəza xidmətinə müraciətlər etmişik. Hər dəfə də gəlirlər, ya maşınları olmur, ya da ki, lyuku tapa bilmirlər. Ayın 16-dan bu yana problemin aradan qaldırılması yönündə heç bir tədbir görülmür. Əgər məsələ bu gün həll olunmazsa, sakinlər Bakı və Xətai rayon İcra Hakimiyyəti qarşısında aksiya keçirəcəklər və avtomobil yolunu bağlayacaqlar. Çox xahiş edirik ki, məsələyə aidiyyatı olan orqanlar bununla bağlı ölçü götürsünlər və Xətai rayonundakı bu rəzaləti aradan qaldırsınlar. Çünki, artıq binada yaşamaq mümkün deyil, vəziyyət fəlakət həddinə çatıb. Zirzəmiyə dolan çirkab suları binanın birinci mərtəbəsindəki mənzillərə dolmaq üzrədir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31