İsmayıllıda torpaq üstə qan töküldü - PROBLEM
Fazil İsayev: “Şikayət edəndə deyirlər get kimə istəyirsən de”
12 İyun 2012 14:12 Problemİsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən Kökəltmə Birliyi (el arasında belə deyilir) ərazisində Şuşa, Ağdam və Kəlbəcər qaçqınları ilə yerli sakinlər arasında insident baş verib. Nəticədə rayon sakini Afət İsayev xəstəxanalıq olub. Rayonda baş verən prosesi öyrənmək məqsədilə İsmayıllı rayonunun İsmayıllı kəndində olduq. Hadisə barəsində məlumat verən "Fazil" fermer təsərrüfatının sədri Afət İsayevin atası Fazil İsayev bildirdi ki, 20 ildir onun təsis etdiyi "Fazil" fermer təsərrüfatına aid olan torpaqlara və örüş yerlərinə Şuşa qaçqını Fərman Mərzalı oğlu Tarayev və Ağdam qaçqını Mahir Kərim oğlu Vəliyev qanunsuz olaraq müdaxilə edir və özlərinə məxsus 700 baş qoyunu və 30 baş malı həmin ərazilərə salıb otarırlar. Bununla bağlı rayon rəhbərliyinin, İsmayıllı rayonunun deputatı Novruz Aslanın, prokuror Rahib Kazımovun qəbulunda olub. Ancaq bu günə kimi problem öz həllini tapmayıb. "Fazil" kəndli fermer təsərrüfatı "Kökəltmə Birliyi"-nin ərazisində yerləşir. Təsərrüfatda iri və xırda buynuzlu mal-qara bəslənilir. Bütün bunlar isə qanun çərçivəsində həyata keçirilir: "Mən özüm uzun müddət Kökəltmə Birliyində işləmişəm. Sonradan torpaq islahatı zamanı kolxoz və sovxozlar ləğv olunan zaman 7 ailədən ibarət "Fazil" Kəndli Təsərrüfatını yaratmışam. İndi bu birliyə mənim oğlum Afət rəhbərlik edir. Onu deyim ki, birliyi yaradan zaman 1997-ci ildə mən rayon rəhbərliyinin müvafiq sərəncamı ilə təsərrüfat üçün torpaq sahəsinin ayrılmasına nail oldum. O zaman rayon icra başçısı Vaqif Rəhimovun göstərişi ilə İsmayıllı kəndi ərazisində 23 ha örüş sahəsi bizim balansımıza verildi. Sonradan 60 ha Qoşakənd bələdiyyəsindən torpaqları 99 illik müqavilə əsasında təsərrüfatın balansına qatdıq". Baş verən proseslərin təfərrüatı barəsində məlumat verən Fazil İsayev deyir ki, torpaqlarımız erməni təcavüzkarları tərəfindən işğal olunan zaman respublikanın bütün bölgələrində olduğu kimi İsmayıllı rayonunda da qaçqınların yerləşdirilməsinə başlanıldı. O zaman Kökəltmə Birliyində boş yerlər olduğu üçün Şuşa, Kəlbəcər və Ağdamdan olan qaçqınları da həmin ərazidə yerləşdirdilər. Həmin ərazidə yerləşdirilən 7 qaçqın ailəsinə hər zaman diqqət və qayğı ilə yanaşdığını bildirən F.İsayev onu da dedi ki, 4 aylıq əmək haqqını onlara verib. Qeyd etdi ki, bununla yanaşı Şuşa şəhərindən qaçqın düşən ana və qızına evində uzun müddət baxıb. Onlara öz şəxsi evində yer ayırıb. Bir müddətdən sonra Kökəltmə Birliyində məskunlaşan 7 ailədən ibarət olan qaçqınlar Fazil İsayev üçün ciddi problem olub. Belə ki, sözügedən qaçqınlar F.İsayevə məxsus olan 23 ha ərazinin müəyyən qismini ələ keçirməklə yanaşı onun təsərrüfatına aid olan bütün torpaq sahələrindən istifadə etmək qərarına gəliblər. 2010-ci ilə qədər F.İsayev qaçqınlara müəyyən güzəştlər etsə də qaçqınlar bundan sui-istifadə edib prosesin dərinləşməsinə gətirib çıxaran addımlar atıblar: "Həmin qaçqınlar Birlikdə xırdabuynuzlu mal-qara saxlayır. Məndə iribuynuzlu mal-qara olduğu üçün onlara örüş yerindən istifadə etmələri üçün müəyyən güzəştlər edirdim. Bir müddətdən sonra gördüm ki, onlar mənim ərazimdə öz heyvanlarımı otarmağa imkan vermirlər. Mən bununla bağlı rəhbərliyinə müraciət elədim. Dedim ki, bu torpaqlar "Fazil" Kəndli Təsərrüfatına məxsusdur. Qaçqınlar isə bizə imkan vermir ki, biz orda öz heyvanlarımızı otaraq. Orda mənə dedilər ki, o torpaq sənindir. Ora heç kimin girməyə ixtiyarı yoxdur. Bir müddətdən sonra problemin həll olunmadığı görüb rayon polis idarəsinin rəisi Nizamı Qocayevin qəbulunda oldum. N.Qocayev də torpaqların mənə aid olduğunu bildirdi. Dedi ki, məsələ ilə bağlı hadisə yerinə işçi qrupu göndərəcək. İşçi qrupu gəldi. Məsələ ilə maraqlandı və bildirdi ki, torpaqlar F.İsayevə məxsusdur. Ancaq problem bununla bitmədi. "Mən İsmayıllı rayon prokurorunun yanında da oldum. Prokuror mənə dedi ki, get ərazini hasarla. Prosesin məhkəmə zallarına qədər gedib çıxdığını bildirən F.İsayev onu da dedi ki, İsmayıllı rayon məhkəməsi də torpaqların "Fazil" Kəndli Təsərrüfatına məxsus olduğu barəsində qərar çıxarıb. Sonradan bu qərarı Şəki Apelyasiya Məhkəməsi də təsdiq edib. Ancaq buna baxmayaraq qaçqınlar məhkəmə qərarlarına məhəl qoymayaraq ərazidən istifadə etməklə yanaşı bizə qarşı hücuma keçdilər. Təsərrüfatın heyvanlarının əraziyə daxil olmasına imkan vermədilər. Qanlı hadisə də bunun üstündə baş verdi: "Həmin gün oğlum Afət ərazidə idi. Bir də gördük ki, həmin bu qaçdınlar (Taroyev Fərman, Sükürov Teymur və onların yaxın qohumları) əraziyə gələrək heyvanları örüş sahəsindən çıxarmağa başladılar. Biz buna etiraz edəndə dedilər ki, gedin kimə deyirsiniz deyin. Sonradan biz bu problemi söhbət əsnasında yoluna qoymaq istəyəndə qaçqınlardan biri Mahir və onun həyat yoldaşı Arzu Vəliyeva dəyənəklə Afəti baş nayihəsindən dəyənəklə vurdu. Afət aldığı xəsarətdən yerində huşsuz vəziyyətdə qaldı. Sonradan biz polisə zəng elədik. Polis əməkdaşları hadisə yerinə gəlib Afəti xəstəxanaya çatdırdılar". Sonda dövlət başçısı İlham Əliyevə müraciət edən Fazil İsayev dedi ki, dövlət başçısından problemin həll olunması üçün hümanist addım atacağına ümid edir.
Ayxan