Xaçmazda baş həkim tərəfindən amansızlıqla döyülən xəstə prezidentə müraciət etdi
18 Aprel 2013 14:26 ProblemXaçmaz rayon sakini, epileptik nevroz xəstəliyindən əziyyət çəkən 2-ci qrup əlil Niyaz Mehrəliyev Xaçmaz rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən xüsusi amansızlıqla döyülüb. Bu barədə "OLAYLAR"a zərərçəkmişin özü müraciət edib. Niyaz Mehrəliyev deyib ki, o dövlət tərəfindən pulsuz verilməli olan dərmanları tələb etdiyi üçün döyülüb: "Mən 2-ci qrup əliləm. Uzun illərdir ki, epileptik, nevroz xəstəliyindən əziyyət cəkirəm və dispanserdə qeydiyyatdayam. 47 yaşım var, 3 övlad atasıyam. 44 manat təqaüd alıram. Xaçmaz rayon xəstəxanası isə mənə iynə-dərman verməkdən imtina edir. İki il öncə xəstəxanadan dərman tələb etsəm də, Xaçmaz rayon xəstəxanasının baş həkimi Bəhram Şahverdiyev və onun tapşırığı ilə bir neçə həkim məni tibb müəssəsinin dəhlizində vəhşicəsinə döydülər. Bundan sonra məndə daha ciddi fəsadlar baş qaldırdı. 2 ildir müraciət etmədiyim orqan qalmayıb. Heç kim məni eşitmək belə istəmir".
Baş həkim və onun tabeçiliyində olan həkimlər tərəfindən döyülən Niyaz Mehrəliyev çarəsiz qalıb prezident İlham Əliyevə müraciət edib. 2-ci qrup əlil prezidentdən kömək istəyir və həkimlərin ona qarşı törətdikləri özbaşınalıqların qarşısının alınmasını, onların cəzalandırılmasını xahiş edir.