Piratçılıqla Mübarizə üzrə Komissiya yaradılacaq
23 Aprel 2012 14:04 Problem"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında" qanunun qəbulundan sonra piratçılıqla mübarizədə yeni mərhələ başlayacaq. "Azadinform" xəbər verir ki, bu fikirləri Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı keçirilən konfransda söyləyib.
K.İmanov əlavə edib ki, qanun qəbul edildikdən sonra kompyuter proqramları da daxil olmaqla qanuni şəkildə yaradılan müəllif hüququ obyektləri, audiovizual əsərlər, fonoqramlar və tərkibində əqli mülkiyyət hüququnun obyektləri olan digər malların nüsxələrinin hər birinə xüsusi ardıcıllıqla nömrələnən nəzarət markaları vurulacaq. Onun sözlərinə görə, nəzarət markaları yapışdırılmayan nüsxələr pirat sayılacaq və onların kommersiya məqsədilə yayılması qadağan ediləcək. K.İmanov deyib ki, sözügedən qanun Milli Məclisin komitə iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub. Agentlik sədr deyib ki, bu sahədə hüquqpozmalarla bağlı cəza sanksiyalarının sərtləşdirilməsi və hüquqların təminatının gücləndirilməsi məqsədilə Cinayət, İnzibati Xətalar, Cinayət Prosessual və Mülki Prosessual məcəllələrinə dəyişikliklərin edilməsi üçün MHA-nın Baş Prokurorluq, Ədliyyə və Daxili İşlər nazirlikləri ilə razılaşdırılan təkliflərinə Nazirlər Kabinetində baxılır. Onun sözlərinə görə, hüquqpozmaların qarşısının alınmasında dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları, biznes strukturları, QHT-lər, müəllif cəmiyyətləri və müəllif (hüquq sahibləri) arasında koordinasiyanı təşkil etmək məqsədilə Nazirlər Kabinetinin qərarı ilə Piratçılıqla Mübarizə üzrə Komissiyanın yaradılacağı gözlənilir. Bununla əlaqədar müvafiq qərar və Komissiyanın Əsasnaməsinin layihələri aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq baxılması üçün Nazirlər Kabinetinə təqdim edilib.
K.İmanov xatırladıb ki, MHA-nın müvafiq dövlət orqanları ilə birlikdə həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizdə 2005-ci illə müqayisədə 2011-ci ildə piratçılığın səviyyəsi kitab nəşri sahəsində və audio-video məhsul bazarında 20 faiz, proqram təminatında 8 faiz aşağı düşüb.