Saray qəsəbəsində torpaq maxinasiyası üzə çıxdı - SAXTAKARLIQ

Vətəndaşın qanuni torpaq sahəsi saxta sənədlə satılıb

Ölkədə vətəndaşların sosial müdafiəsi və mənzil şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülsə də, bəzi məmurlar bu vəziyyətdən sui-istifadə etməklə məşğuldur. Vətəndaşlar qanunla ayrılmış torpaq sahələrini almaq üçün illərlə süründürülür, nəzərdə tutulan torpaq sahələri it-bata düşür və sair. Buna səbəb isə həmin ərazilərə nəzarət edən məmurlarıın tamahı və şəxsi maraqlarıdır. Hüquqlarını bilməyən bəzi vətəndaşlar məmurlar tərəfindən hədə yolu ilə, sıxışdırımaqla  süründürülür.

İcra başçısının sərəncamı saxtalaşdırılıb

Paytaxt Bakının ən yaxın yaşayış massivlərindən olan Abşeron rayonunun Saray qəsəbəsində də bu cür problemlər yaşanmaqdadır. Qəsəbədə sakinlərin torpaq sahələri biabırçılıqla əllərindən alınıb. Bəli, qəsəbə məmurları sakinlərə ayrılan torpaq sahələrini hətta onların əlindən almaqdan belə çəkinmir. Redaksiyamıza müraciət edən Abşeron rayonunun Saray qəsəbəsi sakini Adil Hüseynovun da torpağı əlindən zorla alınıb. Dediyinə görə, o 1990-cı ildə Saray qəsəbəsindəki məscidə axund təyin olunub. Bu məqsədlə də 1993-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində, həmin məscidin yaxınlığında axundun mənzil şəraitinin 10 hektar torpaq sahəsi ayrılıb. Torpaq sahəsi Abşeron rayon icra başçısının göstərişi ilə Saray qəsəbəsi üzrə icra nümayəndəsinin 25 iyun 1993-cü il tarixli 25 saylı sərəncamı ilə Adil Hüseynova verilib. Sərəncamda göstərilir ki, "Köhnə Saray" kəndində ata-baba yurdunun bərpası ilə əlaqədar vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İcraiyyə Komitəsinin sərəncamına verilmiş 12 hektar torpaq sahəsindən Hüseynov Adil Ağahüseyn oğluna 10 hektar həyətyanı torpaq sahəsi ayrılsın və ona həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilsin. Torpaq sahəsi qanuni ayrıldığından Adil Hüseynov torpaqdan bir müddət istifadə edib. 2013-cü ilə qədər torpaq sahəsinə heç bir iddia olmayıb. Amma, elə iş də 2013-cü ildən sonra başlanıb. Yəni, torpaq sahəsinin başqa şəxsə verilməsi barədə saxta qərar çıxarılaraq ərazi Adil Hüseynovdan alınıb.

Kadastr sənədi verilən torpağı məmurlar necə satıb

Adil Hüseynov deyir ki, 2013-cü ildə həmin ərazidə ailə vəziyyəti ilə əlaqədar əlavə mənzil tikmək istəyib. Bunun üçün o bütün qanuni sənədlərini toplayıb, həyətyanı sahə üçün çıxarış almaq qərarına gəlib. Elə həmin vaxt məlum olub ki, qəsəbə məmurları adıçəkilən ərazini başqa şəxsə satıb: "Torpağın bütün sənədləri əlimdə Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə müraciət etdim. Şöbədən torpaq sahəsinin xəritəsi çıxarıldı və mənə kadastr verildi. Yəni torpaq sahəsinin mənim adıma sənədləşdirilməsi barədə peyk xəritəsi çıxarıldı. Məlum oldu ki, torpaq sahəsinə başqa iddia yoxdur, qanuni sənədlərlə ərazi mənim mülkiyyətimdədir. Kadastr sənədindən sonra sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi İdarəsinə təqdim etdim. İdarədən bildirdilər ki, torpaq sahəsinin mənim adıma olması və sahənin heç bir vergi borcunun olmaması barədə Saray bələdiyyəsindən arayış və Abşeron rayon İcra Hakimiyyətinin arxivindən torpağın mülkiyyət hüququna dair sənəd alınmalıdır. Bu məqsədlə mən Saray bələdiyyəsinə müraciət etdim. Bələdiyyə həmin arayışları mənə təqdim etdi və torpağım qanuni olduğu üçün etiraz etməmək haqqında sənəd verdi".

"Torpağımı satıb əvəzində məni bataqlığa salırlar"

Amma Adil Hüseynov sonda icra hakimiyyətinin arxivində ilgəksiz düyünə düşüb. Bunu da şikayətçi iddia edir. Deyir ki, torpaq sahəsini təsdiq edən arxiv sənədi alanda arxivdən onu  geri qaytarıblar ki, torpaq sahəsi iki şəxsə satılıb: "Məsələ ilə bağlı Saray qəsəbə icra nümayəndəsinə müraciət edəndə məlum oldu ki, icra nümayəndəsi məmurlarının məsələdən xəbərləri var və bu barədə mənə heç bir məlumat verməyiblər. İcra nümayəndəliyinin rəhbər işçiləri biləndə ki, mən bu işdən xəbərdaram, başladılar əl-ayağa düşməyə ki, məsələdən heç kimin xəbəri olmasın. Guya söz verdilər ki, torpaq sahəsi yenidən mənə veriləcək".

Amma sonradan məlum olub ki, icra nümayəndəliyinin məmurları Adil Hüseynovu aldadıblar. Bir müddətdən sonra icra nümayəndəliyi Adil Hüseynovu çağırıb ki, həmin torpaq sahəsindən əl çəksin, ona başqa yerdən torpaq sahəsi veriləcək: "Mənə deyirlər ki, orda torpaq sahəsi indi bahadı. Gəl sənə başqa yerdən torpaq verək. Mən isə razılaşmadım. Çünki onların mənə təklif etdikləri torpaq sahəsi bataqlıqdır. Nə əkinə yararlıdır, nə də tikintiyə. Mənim qanuni torpaq sahəmi saxta sənədlərlə satıblar, indi də mənə bataqqlıqda, heç kimin istəmədiyi ərazini təklif edirlər. Torpaq sahəsini külli miqdarda pul alıb başqa adama saxta sənədlə veriblər".

93-cü ildə satılan torpaq 2005-ci ildə saxta sənədlərlə satılıb

Adil Hüseynov bildirir ki, məsələ ilə bağlı dəfələrlə rayon icra hakimiyyətinə müraciət edib. Lakin, yerli məmurlar müraciətin rayonun icra başçısı Zakir Fərəcova çatmasına imkan vermir: "Şikayətlərim aşağıda cırılıb atılır, başçıya çatmasına imkan vermirlər. Bilirlər ki, iş böyüsə, onların başqa maxinasiyaları da üzə çıxacaq. Ona görə də, məni hər dəfə bir adla aldadırlar ki, şikayət etməyim". Adil Hüseynov deyir ki, onun torpaq sahəsi bu il satılıb. Lakin, saxta sənəd köhnə tarixlə rəsmiləşdirilib: "Mən araşdırıb həmin adamı tapdım. Bu şəxs ümumiyyətlə Saray sakini deyil. Ondan külli miqdarda pul alınıb mənim torpağım saxta sənədlə satılıb. Sənəd ona 2005-ci ildə verilib. Dəfələrlə tələb etmişəm ki, sənədi mənə təqdim etsin görüm bu ərazini ona kim satıb. Sənədi məndən gizlədirlər. Nə qədər tələb etsəm də, sənədi vermirlər. Nə icra nümayəndəsi sənədi mənə verir, nə bələdiyyə, nə də sənədi alan şəxs. Bilirlər ki, sənəd saxtadır və bu sənəd araşdırılsa heç bir hüquqi əsası yoxdur. Bu yolla Saray məmurları məni aldadır, get-gələ salır".

Sarayda onlarla ailə mülkündən çıxarılıb

Adil Hüseynov deyir ki, Sarayda onun kimi onlarla insan aldadılıb və torpaq sahəsi saxta sənədlərlə əlindən alınıb başqa adamlara satılıb. Hazırda onlarla ailə qanuni mülkiyyətindən çıxarılıb. Səbəb isə Saray qəsəbə məmurlarının torpaq maxinasiyası və rüşvətxorluğudur.  Vaxtilə Saray camaatına satılan, bir müddət tikinti aparılmayan torpaq sahəsi bir müddətdən sonra Saray məmurları tərəfindən qanunsuz satışa çıxarılıb. Çarəsiz qalan Adil Hüseynov məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edib. O dövlət başçısından pozulmuş mülkiyyət hüququnun bərpa olunmasını və özbaşına məmurların saxtakarlığı barədə tədbir görülməsini istəyir: "Möhtərəm prezidentimiz İlham Əliyev daim ölkə vətəndaşlarının, imkansızların hüquqlarının qorunması üçün tədbir görüb, insanların sosial rifahının yaxşılaşdırılmasına çalışıb. Cənab prezidentdən xahiş edirəm ki, Saraydakı korrupsiyalaşmış məmurlar barədə də tədbir görsün. Son ümidim prezidentədir".

Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31