Hövsanda 7 nəfərlik ailəni bıçaqlayan reket dəstə kimə arxayındır?- PROBLEM
Hakim Şahin Rüstəmov və Camal Ramazanov pulla qərar çıxarır?
8 İyun 2012 18:55 Problemİyunun 8-də Bakı şəhər sakini, Yeni Azərbaycan Partiyasının qurucularından olan Arif Rüstəmov ailə üzvlərinin bir qrup reket xuliqanlar tərəfindən təqib olunması barədə mətbuat konfransı keçirdi. Bildirdi ki, 2003-cü ildə Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük adlanan ərazidə qızı Nigar Rüstəmova üçün ev tikib. Mənzilin tikildiyi ərazi bataqlıq olduğundan Arif Rüstəmov həmin ərazini şəxsi vəsaiti ilə qurudub təmizlədib və ondan sonra həmin ərazidə mənzil inşa edib. Mənzilin və torpaq sahəsinin qanuni sənədlərinin olduğunu deyən şikayətçi iddia edir ki, mənzil tikiləndən sonar cəmi bir il burada rahat yaşaya biliblər. Bir ildən sonra Suraxanıda maklerliklə məşğul olan Rüstəm Rüstəmov və oğlu Pərvaz Rüstəmov torpaq sahəsinin onlara məxsus olması barədə qanunsuz tələb irəli sürüb. Suraxanı rayon Polis İdarəsinin əraziyə təhkim olunan sahə müvəkkili Azər Nəsirovla əlbir olan bu şəxslər ailəyə dalbadal təzyiqlər etməyə başlayıb. Ata-oğul rüstəmovlar ailəyə bildiriblər ki, evin və torpağın qanuni sənədlərinin olmasına baxmayaraq torpaq sahəsi onlara məxsusdur və burada heç kəs ev tikə bilməz. Arif Rüstəmov deyir ki, torpağın onlara aid olması barədə heç bir sənəd yoxdur, amma, reket ata-oğul onlardan əl çəkməyib. Qanuni sənədlər Arif Rüstəmovun ailə üzvlərinin adına olmasına baxmayaraq dələduz maklerlər onlardan əl çəkməyib. Sahə müvəkkili Azər Nəsirov da maklerlərlə əlbir olduğundan onlarla birləşib ailəni incitməyə başlayıb: "Mənə bildirirlər ki, bu torpaq sahəsi Sovet dönəmindən əvvəl guya onların babalarının olub. Çarəsiz qalıb onlara 5000 manat verib razı saldım. Bildirdilər ki, həmin puldan sonra onlar bir də bizim ailəni narahat etməyəcəklər. Amma məsələ bununla bitmədi.Bir müddətdən sonra onlar yenidən bizim evə basqın edərək məndən əlavə 8 min manat da istədilər. Bildirdilər ki, guya Rüstəmin yoldaşının qardaşı, hazırda narkotika satarkən həbs olunan polis-polkovniki Nəbi Bayramov bu məbləğlə razılaşmır və əlavə də ona 8 min manat verilməlidir. Bizə dedilər ki, Nəbi Bayramova bu məbləğ çatmasa mənim ailəmi məhv edəcəklər." Məsələ ilə bağlı Arif Rüstəmov Suraxanı rayon Polis İdarəsinə müraciət edir. Rüstəmovlar və Nəbi Bayramov polisə dəvət olunsa da, onlar idarəyə gəlməkdən imtina edir. Çünki, Nərimanov Rayon Polis İdarəsinin əməliyyat müvəkkili olan Nəbi Bayramov polislə məsələni razılaşdırmaq istəyir: "Şikayət edib geri qayıtdım. Evə çatanda arxamca Rüstəm və Pərvaz evimizə soxuldu. Rüstəm bıçaqla, Pərvaz isə dəmir parçası ilə 7 nəfərlik ailəyə hücum edərək onları döyüb bıçaqlamağa başlayıb. Hadisə nəticəsində Arif Rüstəmov, həyat yoldaşı, Həvva Həsənova, qızı Nigar Rüstəmova və oğlu Tural Rüstəmov ağır bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Suraxanı rayon məhkəməsində prokuror təqsirləndirilən şəxslərə həbs cəzası verilməsini istəsə də, məhkəmə Pərvaz Rüstəmova 1 il 6 ay, Rüstəm Rüstəmova isə 3 il 6 ay şərti cəza verib. Qərarla razılaşmayan zərərçəkənlərin apellyasiya şikayətinə isə qəribə qərar verilib. Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar ləğv edilib və günahkar şəxslər heç bir səbəb olmadan azadlığa buraxılıb. Hakim xuliqanlıq maddəsini döymə və yüngül xəsarət maddələrilə əvəzləyib. Məsələ ilə bağlı zərərçəkmişlərin mətbuat konfransından sonra Baş Prokurorluq kassasiya protesti, zərərçəkmişlər isə Ali Məhkəməyə kassasiya şikayəti verib. Hazırda iş Ali Məhkəmədədir.
Arif Rüstəmov deyir ki, təqsirləndirilən şəxslər artıq Ali Məhkəmədə də qərarın qüvvədə saxlanılmasını danışıb: "Bir neçə gün öncə Rüstəm və Pərvaz mənim qarşıma çıxıb bildirdilər ki, iş Ali Məhkəmənin cinayət kollegiyasının sədri Şahin Yusifovla danışılıb və qərar qüvvədə saxlanılacaq. Bildirdilər ki, qərarı alandan sonra mənim ailə üzvlərimin hamısını öldürəcəklər. Mən mətbuat vasitəsilə president İlham Əliyevə müraciət edib ondan kömək istəyirəm. Bildirirəm ki, əgər qərar onların xeyirinə çıxsa və mənim ailə üzvlərimin başına bir iş gəlsə, səbəbkar hakim Şahin Yusifovdur".
Samir