Göyçayda bank işçisi qadının mənzilini əlindən alıb
Rayonun polis rəisi və məhkəmə sədrinin adı rüşvətxorluqda hallanır
15 Aprel 2013 16:55 ProblemGöyçay rayonunda vətəndaş bank işçiləri tərəfindən aldadılaraq əmlakı əlindən alınıb. Bu barədə rayon sakini Səidə Babayeva redaksiyamıza müraciət edib. Onun sözlərinə görə, yaşadığı Göyçay rayonunda "Zamin Bank"ın Göyçay filialının müdiri Fərzəliyev İlqar Fərzəli oğlu və Şıxəliyev Tural Sərdar oğlu tərəfindən aldanıb: "Onlar məni aldadaraq evimi ipoteka müqaviləsi ilə girova qoyublar. Həmin ev ucuz qiymətə satılıb. Bundan əlavə mən Turalın əvəzinə banka həm də 5500 (beş min beş yüz) manat pul ödəmişəm. Həm pulum, həm də evim əlimdən çıxıb. Bank müdiri Ilqar Fərzəliyev məni hədələməklə evi 20 000 (iyirmi min) manata öz işçisinin adına alıb. Mənə isə 12 500 (on iki min beş yüz) manat pul verib. Hansı ki, evin dəyəri 40 000 (qırx min) manat civarında olub. Mən evi ipoteka qoymasam da İlqar Fərzəliyev iddia edib ki, mən könüllü evi ipotekaya qoymuşam". Qadın iddia edir ki, o ev həmin bank işçiləri tərəfindən qanunsuz alınıb və o buna məcbur edilib: "Mənə məxsus mənzil hərrac yolu ilə deyil, şantaj yolu ilə alınaraq satılıb. Bu barədə Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm, cinayət işinin başlanması rədd edilib. Göyçay rayon məhkəməsinə müraciət etdikdən sonra məhkəmə cinayət işinin başlanması ilə bağlı qərar qəbul edib. Təkrar olaraq Göyçay RPŞ cinayət işinin başlanmasını rədd edib. Təkrar olaraq Göyçay RPŞ işə yenidən baxılması ilə bağlı şikayəti təmin etsə də bu dəfə də eyni qərar qəbul olunub. Göyçay rayon prokurorluğuna rəsmi şikayət etdikdən sonra 27 mart 2013-cü il tarixdə yenidən Göyçay RPŞ-yə cinayət işinin başlanması ilə bağlı tapşırıq verilib. Nəzərinizə çatdırım ki, bütün işləri 4 dəfə eyni şəxs-rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı Sadiqov İlqar Məmmədəli oğlu araşdırıb və eyni məzmunlu qərarlar qəbul edib. Bütün bunların səbəbi bank müdirinin cinayəti ört-basdır etməsi üçün xərclədiyi külli miqdarda pullardır ki, mənim şikayətim təmin edilməyib". Şikayətçi xanım rayon məhkəməsinin ondan pul tələb etdiyini və rüşvət aldığını bildirir. Onun dediyinə görə, məhkəmələr ondan rüşvət alandan sonra onun xeyrinə qərar çıxarıb. Pul verməyəndə isə şikayəti rədd ediblər: "Mənə kömək göstərmək istəyən hakim Elxan Babayev ilk dəfə məndən aldığı 700 (yeddi yüz) manat rüşvətin müqabilində mənim xeyrimə qərar qəbul etsə də növbəti dəfə pul vermədiyim üçün Göyçay RPŞ-nin cinayət işinin rədd olunması qərarından verdiyim şikayəti təmin etməyib. Çünki qarşı tərəf daha imkanlı və daha nüfuzlu tərəfdir. Hakim Elxan Babayevə pulu Göyçayda hamının tanıdığı, özünün pul yığanı (adını çəkmək istəmirəm) vasitəsilə vermişəm. Mən artıq Göyçay ərazisində aparılan araşdırılmalara inanmadığım səbəbindən mənə qarşı olan dələduzluq cinayətinin ört-basdır edilməsini mətbuat vasitəsi ilə aidiyyatı orqanlara çatdırıram".
Samir Güləliyev