“Fuad LTD” və “Kamran” MMC-nin aldatdıqları payçılar yenidən etiraz aksiyası keçirəcək - AKTUAL PROBLEM

Bu gün hüquq müdafiəçisi Ələkbər Məmmədov vətəndaşları aldadaraq onların külli miqdarda vəsaitini mənimsəyən "Fuad LTD"MMC və "Kamran" MMC şirkətlərindən zərərçəkmişlərlə birlikdə növbəti mətbuat konfransını keçirdi. Əvvəlcə vətəndaşları aldadan "Fuad LTD"MMC şirkətinin özbaşınalıqları barədə danışan Ələkbər Məmmədov bildirdi ki, şirkətlə bağlı 3 maddə ilə cinayət işinin başlanmasına baxmayaraq, MMC-nin təsisçi və direktoru hələ də həbs edilməyib və özbaşınalığını davam etdirir: "Bununla bağlı biz dəfələrlə Abşeron rayon Polis Şöbəsi və rayon prokurorluğuna şikayət etsək də, həmin qurumlar şirkətin direktoru barədə tədbir görmürdü. Əksinə onu müdafiə edirdilər. Şikayət ərizələrinə isə belə cavab verirdilər ki, guya işdə cinayət tərkibi yoxdur. Amma, biz Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəndən sonra faktla bağlı 3 maddə-dələduzluq, vəzifə səlahiyyətlərindən sui- istifadə və vergidən yayınma maddələri ilə cinayət işi başlandı. Hazırda iş istintaqda olsa da, şirkətin rəhbəri və hazırda azadlıqda olan Qasım Məmmədov istintaqı yayındırmağa cəhd edir. Belə ki, iş üzrə 500-dən artıq ailə var və zərərçəkmişlər kollektiv olaraq Baş Prokururluğa müraciət edib. Amma, hazırda istintaqda cəmi 7 nəfərin şikayəti əsas götürülüb, dəymiş zərər isə 107 min manat göstərilib. Əslində isə dəymiş zərər 2 milyon 500 min manatdır. Qasım Məmmədov isə yenidən dələduzluq edərək vətəndaşların ödədikləri pulların malliyə arayışlarını məhv edərək cəmi 7 adamın sənədlərini istintaqa təqdim edib. Şirkət rəhbəri bununla yanaşı, istintaqa saxta siyahı da təqdim edib".
***
Ələkbər Məmmədov bildirir ki, cinayət işi başlanandan sonra Abşeron rayon icra başçısı Zakir Fərəcov həmin mənzillərin tikintisinin başa çatdırılıb sakinlərə təhvil verilməsini öz üzərinə götürüb. İcra başçısı vətəndaşlar və icra hakimiyyəti nümayəndələrindən ibarət 15 nəfərlik araşdırma komissiyası da yaradıb. Komissiyanın araşdırmaları zamanı məlum olub ki, vətəndaşlara həqiqətən də 2 milyon 500 min manat zərər dəyib və aldadılan vətəndaşlar 7 nəfər deyil. Komissiyanın qərarından sonra Zakir Fərəcov tikintisi yarımçıq qalmış binanın inşasının başa çatdırılmasını rayon icra hakimiyyətinin təmir-tikinti idarəsinə həvalə edib. Tapşırığa görə, iyunun 1-dən departament binanı təhvil almalı və tikinti işlərini davam etdirməlidir. Amma, buna  baxmayaraq, 10 gündür "Fuad LTD" MMC-nin rəhbəri Qasım Məmmədov binanı departamentə təhvil vermir.
Sakinlər deyirlər ki, hazırda Qasım Məmmədov payçıları çağırıb onlardan əlavə pul tələb edir. Bildirir ki, binanın inşasını icra hakimiyyəti davam etdirsə də, mülk bölgüsünü o aparacaq və əlavə pul verməyən vətəndaş binadan ev almayacaq.
Tədbirdə çıxış edən payçı, "Kamran"MMC tikinti şirkəti tərəfindən aldadılan Nofəl Quliyev isə bildirdi ki, şirkətin aldatdığı ailələr hələ də mənzillə tam təmin edilməyiblər: "Bir qrup insan evlə təmin edilsə də, 26 nəfər hazırda evsizdir. Əslində mənzillə təmin olunmayanlar 80 ailədən artıqdır. Amma onların əksəriyyəti gizlədilir. Hazırda 26 nəfər evini və ya pulunu tələb edir. Prezident Administrasiyası məsələyə müdaxilə edəndən sonra bizə ev veriləcəyini bildirdilər. Mənə də müqavilə verdilər və mənzilin yerini göstərdilər. Amma səhəri gün məni çağırıb müqaviləni aldılar ki, sənin müqavilən səhv düşüb. O vaxtdan sonra nə evimi qaytarırlar, nə də pulumu". Payçılar bildirdilər ki məsələ ilə bağlı iyunun 12-də Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirəcəklər.
Samir
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31