“Edem” MMC tikinti şirkətinin maxinasiyaları - PROBLEM
12 Aprel 2013 15:25 ProblemÖlkədə fəaliyyət göstərən tikinti şirkətlərinin mənzil sahiblərinə qarşı fırıldaqçılıqla məşğul olması adi hal alıb. Artıq demək olar ki, əksər tikinti şirkətləri sakinləri aldadır, onlardan müqavilədən kənar qanunsuz pullar alırlar. Əvvəlcə mənzilləri satmaq üçün müştərilərə şirnikləndirici vədlər verməklə onları "tora" salan şirkət rəhbərləri mənzilləri satandan sonra müqavilədə göstərilən şərtlərə və verilən vədlərə əməl etmir. Paytaxtın Nərimanov rayonu, Həsənoğlu küçəsində inşa olunan 4 saylı binada da bu cür vəziyyət yaranıb. Redaksiyamıza müraciət edən bina sakinləri bildirir ki, yaşayış kompleksini inşa edən "Edem" MMC şirkəti mənzil sahiblərindən açıq-aşkar rüşvət alır, onlarla bağlanan müqavilə şərtlərinə əməl etmir. Sakinlər deyirlər ki, şirkət rəhbərliyi mənzilləri satdıqdan sonra mənzil sahiblərindən heç bir əsas olmadan pullar alır: "Şirkət binanın bütün xidmətlərini əlində saxlayıb.
Evini sənədləşməyə göndərən hər sakin şirkətə 1000 manat ödəməlidir
Binanın təhlükəsizliyi və kommunal xidmətləri də "Edem" MMC şirkətindən asılıdır. Bütün bunlardan istifadə edən şirkət işçiləri isə sadəcə əllərində olan imkanları maksimum pul qazanmağa sərf edirlər. Sakinlər bildirirlər ki, binada yaşayan sakinlər mənzilləri üçün çıxarış da ala bilmirlər. Bunun üçün "Edem" MMC şirkəti onlardan 1000 manat rüşvət tələb edir. Əvvəl elə bildik ki, həmin 1000 manata mənzilin çıxarışı və şəhadətnaməsi həll olunur. Amma, sonradan bildik ki, bu şirkət tərəfindən tətbiq edilən rüşvətdir. Yəni, hər mənzilin sahibi şirkətə 1000 manat verəndən sonra mənzilin sənədləri ev sahibinə verilir ki, o həmin sənədləri sənədləşmə üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təqdim etsin. Amma bizimlə bağlanan müqavilədə göstərilir ki, şirkət evin çıxarışını verməkdə borcludur. Dəfələrlə bununla bağlı şirkət rəhbərliyinə müraciət etsək də, şirkət rəhbərliyi bizə reaksiya verməyib".
Binada bir avtomobil qarajı 20 min manata satılır
Sakinlər deyir ki, bir müddət əvvəl çıxarışı özləri almaq üçün "Edem" MMC şirkətindən lazım olan sənədləri istəyiblər. Cavab çox konkret və qısa olub. Şirkətdən bildiriblər ki, sənədləri almaq üçün hər mənzil sahibi binanın komendantına 1000 manat ödəməlidir. Əks halda sakinlər qanuni yolla aldıqları mülkü özəlləşdirə bilməzlər. Yəni, şirkət həmin sənədləri 1000 manata satır: "Müqavilədə isə bu göstərilməyib. Müqavilədəki şərtlərin demək olar ki, heç birinə əməl edilmir. Məsələn, "Edem" MMC şirkəti ilə imzaladığımız müqavilədə göstərilir ki, binadan mənzil alan sakinlər binanın zirzəmisində avtomobil qarajı ilə təmin olunmalıdır. Amma, şirkət bunu etmir. Avtomobili olan bina sakinlərinə məcburi qaraj satır. Özü də nə az, nə də çox, 20 min manata. Qaraj almayan şəxslər isə hədələnir, təzyiqlərə məruz qalır. Bir müddət əvvəl öz maşını ilə binanın həyətinə daxil olan sakin iki azyaşlı uşağı ilə birlikdə təzyiqlərə məruz qalıb ki, o mütləq binanın zirzəmisindən qaraj almalıdır. Həmin vaxt binanın İntiqam adlı komendantı həmin sakinə yaxınlaşaraq bildirib ki, bir də maşınla həyətə daxil olduğu təqdirdə avtomobilin şinlərini kəsəcək. Həyətdə həmin vaxt avtomobil sahibi ilə komendant arasında mübahisə də yarandı. Həmin vaxt İntiqam sakini ağır söyüşlərlə təhqir etdi və hədələdi ki, bir də avtomobili həyətdə saxlasa, onu daha ağır təzyiqlər gözləyəcək. Komendant bildirdi ki, binanın həyətində heç kim avtomobil saxlaya bilməz. Avtomobil saxlamaq üçün məcburən qaraj alınmalıdır".
Sakinlər deyirlər ki, komedantın özbaşınalığı barədə binanın ofis rəhbəri Rüfət adlı şəxsə şikayət edib. Amma, şikayətlər heç bir nəticə verməyib:"Rüfət müəllimə dedik ki, komendantın özbaşınalığı barədə tədbir görsün və şirkət rəhbərinə bu barədə məlumat versin. Amma, gözlədiyimizin əksi ilə qarşılaşdıq. Rüfət bizə daha ağır təhqirlər yağdıraraq bildirdi ki, lazım olsa təkərlərini də kəsərik, hələ o yana da keçərik". Dedi ki, 20 000 manat verib qaraj almayan sakin binanın həyətində avtomobil saxlaya bilməz. Bina rəhbərliyi əməlli-başlı reketlik edir. Onların bu hərəkətlərinə heç kim son qoymur. Şikayət edən sakinləri isə ölümlə hədələyirlər, şantaj edirlər. Avtomobilləri cızırlar, təkərləri cırırlar və sair".
Sahə müvəkkili də sakinlərin şikayətinə baxmır
Sakinlər deyirlər ki, bir il əvvəl həyətdə belə bir hadisə olub. Sakinlərdən biri avtomobili həyətdə saxlayıb mənzilinə gedib. Yarım saatdan sonra mənzil sahibi avtomobilinin yanına gələndə maşını pis vəziyyətdə görüb. Binanın həyətində avtomobil bir neçə yerdən çızılıb, avtomobilin qabaq şüşəsinə "maşını burda saxlama" yazılıb. Məsələ ilə bağlı avtomobil sahibi məsələ ilə bağlı sahə müvəkkilinə müraciət edib. Lakin heç bir nəticə olmadı. Sahə müvəkili komendanta qarşı heç bir tədbir görmədi. Sahə müvəkkili bizə deyir ki, kim avtomobilinin təhlükəsiz olmasını istəyir, qaraj alsın".
Sakinlər deyirlər ki, "Edem" MMC şirkəti binadan külli miqdarda kommunal xidmət pulu yığsa da, sakinlərə heç bir normal xidmət göstərmir. Binanın xidmətləri olduqca bərbad vəziyyətdədir: "Liftləri qırıqdır. Bloklar işıqlandırılmır. Amma hər ay məcburi qaydada pul yığırlar. Aldığı mənzildə otaqların sayından asılı olaraq hər bir sakin otaq üçün 15 manat işıqpulu verməyə məcburdur".
Əli