Badamdarda ölümlə üz-üzə qalan sakinlər prezidentə şikayət etdi - PROBLEM
Səyavuş Heydərovun özbaşınalıqları 15 ailənin məhv olması ilə nəticələnə bilər
9 Aprel 2013 16:58 ProblemBakının Səbael rayonu, Badamqar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 3 ünvanında yerləşən binanın sakinləri yenidən təhdidlərə məruz qalıb. Redaksiyamıza müraciət edən bina sakinləri bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, hələlik müraciətlərə cavab ala bilmirlər. Xatırladaq ki, bina taxta konstruksiyadan ibarət ikimərtəbəlidir. Bina təxminən 60-70 il əvvəl inşa olunub. Sözügedən bina o qədər də təhlükəli vəziyyətdə olmayıb. Köhnə bina olsa da, burada yaşayan sakinlər hər il öz şəxsi vəsaitləri hesabına binanı təmir edir və təhlükəli vəziyyəti qismən aradan qaldırır. Amma, keçən ilin axırlarında bina özünü məmur kimi təqdim edən Səyavuş Heydərov adlı şəxs tərəfindən qəzalı vəziyyətə salınıb və sakinlər ölümlə üz-üzə qalıb. Aidiyyəti qurumların müdaxiləsinə baxmayaraq həmin şəxs gizli yolla binada qanunsuz rekonstruksiya həyata keçirib. Nəticədə 15 nəfərdən artıq ailənin həyatı real təhlükədə qalıb. Həmin şəxs binanın birinci mərtəbəsində başqa şəxsin adına rəsmiləşdirdiyi mənzilin heç bir qurumun razılığı olmadan istinad divarlarını dəyişib və mənzili təyinatı məlum olmayan obyektə çevirmək istəyir. Binanın 9 saylı mənzilinin qeyri-rəsmi sahibi olan Səyavuş Heydərov ötən ilin dekabr ayından etibarən mənzilin hər tərəfində qanunsuz tikinti aparmağa başlayıb.O taxta konstruksiyadan ibarət olan binanın birinci mərtəbəsində qanunsuz olaraq layihədən kənar tikintilər aparılıb, binanın ikinci mərtəbəsinin birləşdirildiyi istinad divarlar birinci mərtəbədən, yəni, 9 saylı mənzildən özbaşına sökülüb, əvəzinə mənzilin başqa istiqamətində ikinci mərtəbə ilə heç bir bağlılığı olmayan istinadən divarlar çəkilib. Bununla da bina tam təhlükəliu vəziyyətə düşüb. Bundan başqa, binanın ümumi sayğacları olan yer Səyavuş Heydərov tərəfindən zəbt edilib. Nəticədə sakinlər mənzillərinin qanuni sayğaclarına baxa bilmir.
"Olaylar"ın müdaxiləsi obyekt sahibini qıcıqlandırıb
Sakinlərin sözlərinə görə, Səyavuş Heydərov hər dəfə sakinləri küçə söyüşləri ilə də təhqir edir, özünü Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək həmin qurumların adından sakinlərə hədə-qorxular gəlir. Məsələ ilə bağlı "OLAYLAR" qəzetində yazı dərc olunandan sonra isə Səyavuş Heydərov daha da qəzəblənib: "Məsələ ilə bağlı "Olaylar" qəzetində yazı dərc olunandan sonra əraziyə Səyavuş Heydərov bizə qarşı təzyiqlərini bir az da artırıb. Sakinlərə bildirib ki, qəzetdə böhtan xarakterli yazılar dərc edilib və buna görə sakinlər cavab verəcək. Deyir ki, niyə qəzetə məlumat vermisiniz? Yazı dərc olunandan sonra bir müddət mənzildə tikinti işləri dayandırıldı. Amma, bu müvəqqəti xarakter daşıyır. Səyavuş deyir ki, mənzilini nə yolla olursa olsun obyektə çevirəcək".
FHN binadakı qanunsuz iş aparılması faktını təsdiqləyib
Sakinlər deyirlər ki, yazı dərc olunandan sonra yalnız Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə gəlib məsələ ilə bağlı maraqlanıblar: " Qurum əməkdaşları hadisə yerinə baxış keçirdilər və bizimlə görüşdülər. Onlar da bildirdilər ki, mənzildə hansısa qanunsuz rekonstruksiya işlərinin aparılmasına imkan verilməyəcək. Nazirlik işçiləri mənzilin fotogörüntülərini də qeydə aldılar. Amma, bildirdilər ki, bununla bağlı birbaşa rayon icra hakimiyyəti, Mənzil İstismar Sahəsi və Bakı şəhər İcra Hakimiyyəti araşdırma aparmalı, mənzildə layihə dəyişikliyinə icazə verməməlidir".
Sakinlər deyirlər ki, məsələ ilə bağlı Səbael rayon İcra Hakimiyyəti və Mənzil İstismar Sahəsinə dəfələrlə müraciətlər edilib. Lakin, mənzildə tikinti işlərini dayandıran olmayıb: "Həmin qurumlardan hələ də cavab ala bilmirik. Mənzil İstismar Sahəsi bildirir ki, mənzildəki tikinti işləri qanunsuz aparılır, sadəcə olaraq təmir işləri gecə aparıldığından onlara müdaxilə edə bilmirlər. Biabırçı bir çavabdır. MİS deyir ki, işlər gündüz aparılsa, ona müdaxilə edə bilərlər, gecə aparılsa yox. Bu necə qurumdur? Belə çıxır ki, kim qanunsuz iş aparmaq istədisə, gecə saatlarında aparmalıdır? Səsimizi eşidən yoxdur. Artıq qərar vermişik ki, məsələ ilə bağlı etiraz aksiyası keçirək ki, səsimizi eşidən olsun. Başqa çarəmiz qalmayıb. Kimə deyirsən, məsələdən boyun qaçırır".
Sakinlər deyirlər ki, müraciətlərdən sonra Səyavuş Heydərov sakinlərə qarşı daha da amansız mövqe seçib. O hər gün binanın həyətinə gələrək sakinləri, xüsusən də qadınları küçə söyüçləri ilə təhqir edir, onları həbslə, şərləməklə hədələyir: "Səyavuş Heydərov deyir ki, onun işlərinə heç kim mane ola bilməyəcək və binanın təhlükəli vəziyyətə düşməsinə, uçmasına fikir vermir. O deyir ki, kim istəmir mənzilini təhvil versin getsin, ya da söküb aparsın. Səyavuş deyir ki, nəinki qəzetlər, heç nazirliklər də onun bu hərəkətinə mane ola bilməyəcək. Bildiyini edəcək və binadakı ailələrin hamısını şərləyəcək. Səyavuş deyir ki, hüquq mühafizə orqanlarında yüksək vəzifələrdə dostları işləyir. Həmin şəxslərin köməyi ilə sakinləri şərləyəcək, həbs etdirəcək və mənzilində istədiyi təmir işlərini aparacaq".
Çarəsiz qalan sakinlər məsələ ilə bağlı prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya müraciət edib. Sakinlər çıxış yolunu yalnız prezidentə məlumat verməkdə görür və inanırlar ki, prezident məsələyə dərhal münasibət bildirəcək və problemin həlli, Səyavuş Heydərovun özbaşınalıqlarının qarşısının alınması üçün lazımi göstəriş verəcək.
Əli