73 yaşlı məhbus 10 ildir pensiya ala bilmir
Cəzaçəkmə müəssisələrində məhbuslara “açıq qapı günləri” keçiriləcək
4 Aprel 2013 17:34 ProblemAçıq Cəmiyyət İnstitutu Yardım Fondu "İnsan hüquqları və idarəetmə" qrant proqramı çərçivəsində, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə cəzaçəkmə müəssisələrində məhkumlara hüquqi yardımlar göstərir. Bu barədə "OLAYLAR"a hüquq müdafiəçisi Sahib Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə cəzaçəkmə müəssisələrində "açıq qapı" günlərinə start verilib. Tədbirlərə Azərbaycanın tanınmış hüquqşünasları və vəkilləri dəvət olunub: "Artıq iki ildir ki, bu tədbiri keçiririk. Bu il də həmin tədbirlər davam etdirilir. Əsas məqsəd pis rəftara məruz qalan varsa, onlara hüquqi yardım göstərməkdir. Amma, bir ildir ki, bizim əsas fəaliyyətimiz məhkumların bir neçə əsas problemlərini həll etməkdir. Məhkumların hazırda bir neçə əsas problemi var. Bu problemlər məhkumların ailələrinin sosial yardımlar almasında problemlər, sosial problemləri, məhkumların özlərinin pensiya problemləri və sair. Bu gün 7 minə yaxın məhkum varsa onların sənədləri qaydasında deyil. Pensiya yaşına çatanda onlarda problemlər olur. Məsələn, cəzaçəkmə müəssisəsində məhkum var ki, 73 yaşı var, amma 10 ildir ki, pensiya ala bilmir. Səbəb isə onun şəxsiyyət vəsiqəsinin olmamasıdır. Dövlət Sosial Müdafiə Fondu və Daxili İşlər Nazirliyi bu məsələyə ciddi yanaşmır. Təsəvvür edin ki, həmin məhkum seçkilərdə iştirak edib səs verə bilir, amma pensiya ala bilmir".
Sahib Məmmədov bildirir ki, bununla bağlı həmin tədbirlər çərçivəsində məhkumlara kömək olunacaq. Bundan başqa, tədbirlər çərçivəsində məhkumlara vaxtından əvvəl azad olunma, əfv barədə məlumatlar veriləcək, bununla bağlı onlara seminarlar keçiriləcək .