Bərdə rayon Notariat Kontorunda dəhşətli qanun pozuntusu
1 Aprel 2013 16:07 ProblemBərdə rayon Notariat Kontorunda ev alqı-satqısı zamanı dəhşətli qanun pozuntusuna yol verilib, nəticədə vətəndaş yaşadığı evindən məhrum olub. "Siyasət.Az" xəbər verir ki, bir neçə gün əvvəl bizə Bərdə rayonu Notariat Konturunun qanunsuz olaraq təsdiq etdiyi bir alqı-satqı müqaviləsi barədə məlumat daxil olub. Bizə bildirilən xəbərdə 2011-ci il sentyabrın 8-də ev alqı-satqısı zamanı Notariat Kontorunda kobud qanun pozuntusu olduğu bildirildi. Belə ki, 2011-ci ildə Notariat Kontorunda ev alqı-satqısı olarkən, Bərdə rayonu Rəsul Rza küçəsi ev 42-də yaşayan və sözügedən ünvanda daimi pasport qeydiyyatında olan R. Əliyevin razılığı və imzası olmadan Bərdə Rayon Notariat Kontorunun müdiri Mərdan Həsənzadə evin satılma sənədini təsdiqləyib və nəticədə həmin vətəndaş 13 il daimi pasport qeydiyyatda olduğu və yaşadığı evindən məhrum edilib. Belə ki, işləri ilə əlaqədar evə gec-gec gələn R Əliyev bir gün gəldiyində yaşadığı evin satıldığını görüb. Və evin satıldığını bildiyi günlərdə Bərdə rayon Məhkəmə İcraçıları həmin evi boşaldaraq alıcı şəxsə təhvil verib. Bizə müraciət edən həmin vətəndaş daimi pasport qeydiyyatında olduğu evinin geri qaytarılmasını və ona orada yaşamaq hüququnun verilməsini, həmin qanunsuz müqavilə sənədinin ləğv edilməsini və qanunsuz sayılmasını tələb edərək bu qanunsuzluğu işıqlandırmağımızı və həmin vətəndaşa yardım etməyimizi xahiş edib. Vətəndaş R. Əliyev evin onun razılığı olmadan və bildirilmədən satıldığı üçün həmin adıçəkilən mənzilin geri qaytarılmasını və imza atmadığı həmin qanunsuz müqavilə sənədinin etibarsız sayılmasını qəti şəkildə rəsmi qurumlardan haqlı olaraq tələb edir. R. Əliyev bu barədə Bərdə rayon məhkəməsinin sədri Agarza Səmədovun adına rəsmi şikayət və iddia ərizəsi ilə müraciət edib. Vətəndaşın bildirdiyinə görə, hal-hazırda həmin iddia sənədi Bərdə rayon məhkəməsindədir və işə baxılması gözlənilir. Biz də Bərdə rayon məhkəməsindən işə qərəzsiz və obyektiv baxılmasını xahiş edirik. Və bu barədə Bərdə rayon məhkməsindən məlumat əldə etməyə çalışacağıq. Eyni zamanda da həmin məhkəmə proseslərində iştirak edəcək və məsələni olduğu kimi, obyektiv şəkildə təkrarən işıqlandıracağıq. Proses hal-hazırda nəzarətimizdədir və bu barədə əldə etdiyimiz bütün məlumatları ölkə ictimaiyyətinin diqqətinə çatdıracağıq. Məsələdə adikeçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Notariat Kontorunda ev alqı-satqısı olarkən həmin yaşayış evində rəsmi qeydiyyatda olan həmin şəxsin razılıq imzasının niyə alınmadığının səbəbini də Bərdə rayonu Notariat Kontorundan öyrənməyə çalışacağıq. Hər halda hüquqdan azacıq anlayan hər bir kəs bilir ki, mülkiyyət hüququ Konstitusiya ilə qorunur və heç kim qanunsuz olaraq yaşadığı evindən məhrum edilə bilməz. Yəqin ki, Bərdə rayonu Notariat Kontorunun rəisi Mərdan Həsənzadənin bu qanunsuzluğa niyə yol verdiyinə dair bir cavabı olacaq. Bu barədə şəxsən Mərdan Həsənzadənin də mövqeyini öyrənib dərc edəcəyik. Eyni zamanda bütün bu olanları aidiyyatı olan yuxarı orqanların diqqətinə çatdıracağıq....