Xarici sirkətlər sabitliyə təhlükə yaradır - PROBLEM
Onlar azərbaycanlı işçiləri bilərəkdən narazı salırlar
19 Mart 2013 14:18 ProblemAzərbaycan ictimaiyyəti ölkədə çalışan xarici şirkətlərdə işləyən yerli fəhlələrin maaş azlığına, tibbi sığortanın olmamasına etiraz olaraq aksiya keçirməsinə dair xəbərlərə öyrəncəlidir. Bu cür xəbərlər demək olar ki, hər həftə yayılır. Azərbaycanlı işçilərin narazılığı obyektiv reallığı əks etdirir. Son 20 ilin siyasi aksiyalarına işçi təbəqəsi maraq göstərməyib. Bu baxımdan onların hansısa siyasi qüvvələrin təhriki ilə aksiyaya əl atmasını demək olmaz. Dəfələrlə Azərbaycan Həmkarlar Konfederasiyasının rəhbərliyi səviyyəsində də məsələyə münasibət bildirilib və qeyd olunub ki, fəhlələr haqlıdırlar. AHK-nin qurultayında qurumun rəhbəri Səttar Mehbalıyev bildirib ki, xarici şirkətlərin çoxunda azərbaycanlılara qarşı ayrı-seçkilik edilir. Onun sözlərinə görə, azərbaycanlı işçilərə köhnə yeməklər verilir. Əmək haqları da əcnəbi işçilərlə müqayisədə çox aşağıdır. Azərbaycanda fəaliyyət göstərən əksər transmilli şirkətlərdə çalışan əcnəbi və yerli işçilərə olan münasibətdə ciddi nöqsanlar var. Bu məsələ dəfələrlə gündəmə gətirilsə də, geniş müzakirələr açılsa da öz həllini tapmır. Artıq hər kəsə bəllidir ki, xarici şirkətdə çalışan əcnəbilərə daha yüksək, yerli işçilərə isə olduqca az maaş ödənilir. Bu yanaşmanın məntiqi nəticəsidir ki, eyni işdə çalışan və eyni əmək şəraitində işləyən əcnəbilər yerli vətəndaşa yuxarıdan aşağı baxırlar. Fəhlələrin durumunu araşdıran QHT ekspertlərinin sözlərinə görə, hətta əcnəbi işçilər əmək haqqının aşağılığına görə yerliləri ələ salmaqdan çəkinmirlər. Bir çox şirkətlərdə əmək haqqının verilməsində problemlər var. Əmək haqqlarının müəyyən edilməsində ikili yanaşma, qeyri-obyektivlik ən ciddi nöqsan kimi qeyd olunur. Eyni işi görən azərbaycanlı fəhlə və ya mühəndis əcnəbi həmkarından dəfələrlə aşağı maaş alır. Xarici ölkələrdə şirkətlər gəlirlərinin bir hissəsini işçi kollektivinin problemlərinin həllinə yönəldirlər. Amma Azərbaycanda fəalliyyət göstərən əcnəbi şirkətlər bunu nəzərlərinə belə almırlar. Onlar Azərbaycanda öz qanunlarını tətbiq edirlər. Əsas işlərində də əcnəbi işçilərə üstünlük verirlər. Yerli işçilərin sosial hüquqları qorunmur, onların çoxunun tibbi sığortası yoxdur. Azərbaycanda fəaliyyət göstərən əksər transmilli şirkətlərdə həmkarlar təşkilatları yoxdur. Çünki onlar həmkarlar təşkilatlarının yaradılmasında maraqlı deyillər. Məhz bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən əksər yerli və xarici şirkətlərdə həmkarlar təşkilatlarının olmaması işçilərin əmək və sosial hüquqlarının pozulması ilə nəticələnir. Xarici şirkətlərdə həmkarlar təşkilatlarının olmamasının nəticəsidir ki, Azərbaycanda işçilərin kütləvi şəkildə əmək və sosial hüquqlarının pozulması davam edir. Çünki işçinin pozulmuş hər hansı əmək və sosial hüquqlarının bərpası ilə bağlı danışıq apara biləcək qurum mövcud deyil. Xarici şirkətləri yalnız Azərbaycanda qazanacağı pullar maraqlandırır. Əcnəbi şirkətləri nə çalışdıqları ölkənin ekoloji durumu, nə insanlarının rıfahı maraqlandırmır. Amma Azərbaycan insanı sahibsiz deyil. Müstəqilliyin ilk illərində iqtisadiyyatı zəif olan Azərbaycan dövləti əcnəbi şirkətləri ölkəyə investisiya qoymağa dəvət etdi. O zaman gənc dövlətimiz hələ şərtlərini diqtə edəcəck səviyyədə deyildi. SSRİ-nin iflası və Ermənistanın təcavüzü nəticəsində iqtisadiyyat dağılmışdı. Ölkə iqtisadiyyatının dirçəlməsi üçün xarici şirkətlərin fəaliyyətinə ehtiyac vardı. Bu gün Azərbaycan iqtisadi baxımdan güclü dövlətdir. İqtisadi inkişaf səviyyəsinə görə, Avropada lider dövlətlərdən olan Azərbaycan artıq ölkədə fəaliyyət göstərən xarici şirkətlərlə sərt tonda danışmalıdır. Azərbaycan dövləti xarici şirkətlərə normal iş şəraiti yaradıb. Bunun əvəzində xarici şirkətlər ölkə vətəndaşlarına qarşı ayrı-seçkilik tətbiq etməməlidir. Azərbaycanlı işçilər də əcnəbi fəhlə və mühəndislər qədər əmək haqqı almalı, onların da istirahət hüququ təmin edilməlidir. Azərbaycanlı fəhlələr də əcnəbilərə tətbiq olunan güzəştlərdən bəhrələnməlidir. Xarici şirkət bilərəkdən azərbaycanlı işçiləri narazı salırsa, onları etiraz aksiyasına çıxmağa vadar edirsə, deməli, bu, məqsədli şəkildə edilir. Azərbaycanda çalışan şirkətlərin çoxu Avropa və Amerika şirkətləridir. Vaxtaşırı Qərb ölkələri XİN və səfirliklərinin "Azərbaycanda sabitliyin pozulacağına dair" xəbərdarlıqları eşidilir. Kim bilir, bəlkə xarici şirkətlərin özbaşınalıqları, Azərbaycan qanunlarına saymaz münasibəti də elə o qurumlardan qaynaqlanır?
Ərhun Abbas