Məcburi köçkünlərin mülkiyyəti siyahıya alınır
19 Mart 2013 11:56 ProblemBir neçə aydır ki, Azərbaycanın məcburi köçkün rayonlarından olan sakinlərin işğal ərazisində qalmış şəxsi mülkiyyətinin siyahıyalınması prosesi gedir. Məcburi köçkünlər arasında məsələ müxtəlif şəkildə dəyərləndirilir. Bir qisim insan elə hesab edir ki, siyahıyaalınmadan sonra onların ermənilər tərəfindən talan olunmuş əmlakları pul şəklində özlərinə qaytarılacaq.Məsələni Ermənistandan təzminat tələb ediləcəyi kimi qəbul edənlər də var. Modern.az saytı bununla bağlı araşdırma aparıb. Nəticədə tamam başqa məqam ortaya çıxıb.
"Ermənistanın işğalçılıq siyasəti nəticəsində azərbaycanlı məcburi köçkünlərin şəxsi mülkiyyətinin qeydiyyatı martın 20-də başa çatır".
Bunu Modern.az saytına açıqlamasında deputat, Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin sədri Xanhüseyn Kazımlı deyib.
Milli Məclisin üzvü bildirib ki, bu məsələ ilə bağlı 1990-cı illərin əvvəllərində də iş aparılıb: "Biz bunu davam etdiririk. Buna böyük zərurət var. İndi qiymətləndirməni dünya standartlarına uyğun şəkildə aparmağı qərarlaşdırmışıq. Belə olacağı təqdirdə nəticəni bütün dünya qəbul edəcək. Bu məsələ çox vacibdir və hesab edirəm ki, biz bu istiqamətdə işlər həyata keçirməliyik.
Biz bu məsələ ilə bağlı bir arxiv yaratmalıyıq. Gələcəkdə bu arxivə böyük ehtiyac duyulacaq. Ona görə də hər bir məcburi köçkün ailəsinin talan olunan mülkiyyəti barədə mütləq siyahıyaalınma getməlidir.
Hesab edirəm ki, bununla bağlı yalnız məcburi köçkün rayonlarında deyil, Ermənistanla sərhəd bölgələrdə erməni vəhşiliyinin vurduğu zərər də qiymətləndirilməlidir".
Deputat yaradılacaq arxivin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olmasının əleyhinədir: "Məncə bunu arxiv işləri ilə məşğul olan bir quruma həvalə etmək lazımdır. Hətta təklif edərdim ki, bu arxiv müstəqil bir qurum kimi fəaliyyət göstərsin".
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov isə bu məsələ ilə bağlı hər hansı bilgiyə malik olmadıqlarını söyləyib