“Azərenerji” rəhbəri Novxanıda 100 ailəni bir məmura qurban verdi -Dəhşətə gələcəksiniz
Yüksəkgərginlikli xətti məmurun həyətindən çıxarıb camaatın evinə atıblar
5 İyun 2012 15:14 Problem"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Novxanı qəsəbəsində əməlli-başlı özbaşınalıqlar edir. Qurum əməkdaşlarının qanunsuzluqlarını artıq dinc əhali həzm edə bilmir. Sakinlər "Azərenerji" əməkdaşlarının saymazlığı nəticəsində ölümlə üz-üzə qalıblar. Amma bu təhlükəli hadisə nə "Azərenerji" rəhbərliyini, nə də onların yerlərdəki "başbilənlər"ini narahat etmir. Nəticədə qəsəbənin yüzlərlə ailəsi real ölümün pəncəsindədir.
"Yağışlı havalarda bizi həyətimizdə tok vurur"
Bu barədə redaksiyamıza müraciət edən Abşeron rayonu, Novxanı bağlar massivinin sakinləri bildirib . Sakinlər bildirirlər ki, artıq 10 gündən artıqdır ki, həmin ərazidə yaşayan ailələr hər an ölümünü gözünün qabağına alıb. Sakinlərin dediyinə görə, səbəb "azərenerji" ASC-nin ərazi üzrə xidmət rəisinin özbaşına hərəkət etməsidir. Belə ki, xidmət rəisi hansısa məmurun göstərişi ilə burada yaşayan ailələrin hamısı üçün təhlükə yaradıb. Xidmət rəisi 6 min voltluq yüksək gərginlikli elektrik xəttinin sakinlərin həyətlərindən keçirib. Sakinlərin dediyinə görə, əvvəllər həmin ərazidən yüksək gərginlikli elektrik xətti keçməyib və xəttin təhkim zolağı başqa ərazidən olub. Amma, "Azərenerji"nin xidmət rəisinin məmurlardan sifariş alması bu xəttin təhkim zolağını dəyişdirib: " Elektrik xətti bizim evlərdən xeyli aralıdan keçirdi. Həmin xəttin təhkim zolağını yüksək rütbəli məmur zəbt edib inşa etdirdiyi villanın həyətyanı sahəsinə əlavə etdi. Təxminən iki ildən artıqdır ki, təhkim zolağı həmin məmur tərəfindən zəbt olunub və yüksək gərginlikli elektrik hətti məmurun həyətindən keçirdi. Bu yaxınlarda həmin məmur xidmət rəisi ilə razılığa gəlib ki, həmin xəttin marşrutu onun həyətindən yığışdırılsın. Xidmət rəisi əvvəlcə bzimlə bu barədə danışanda etiraz etdik və təhlükəli xəttin bizinm evlərə və ailələrə təhlükə olduğunu bildirdik. Bir müddət bu söhbət belə də qaldı və xəttin zolağı dəyişdirilmədi. Amma, on gün əvvəl heç kimə xəbərdarlıq edilmədən xətt bizim evlərin üstünə dəyişdirilib. İndi qorxudan gecələr də evdə yata bilmirik. Bir tərəfdən radiasiya, digər tərəfdən isə yüksəkgərginlikli xəttin altında yaşamaq təhlükəsi. Uşaqlarımızı həyətə buraxa bilmirik, küləkli havada nə həyətə, nə də küçəyə çıxa bilmirik ki, xətt qırılıb həyətə düşər. Yağışlı havalarda ümumiyyətlə həyətə çıxmırıq. Çünki, xətdə yüksək gərginlik olduğundan yağışlı havada nəmişlik toku çəkir və həyətdə oturduğumuz yerdə cərəyan adamı titrədir".
Dayanıqlı enerji, yoxsa real ölüm?
Sakinlər deyirlər ki, əvvəlcə xidmət rəisi vətəndaşları aldadıb ki, xəttin həyətlərdən keçməsinə narazılıq etməyək. Əvvəlcə məhəllələrdə bununla bağlı qazıntı işlərinə başlananda sakinlər etiraz edib və xəttin məhəllədən keçməsinə icazə verməyiblər. Amma, prosesi həyata keçirmək üçün xidmət rəisi və "Azərenerji"ASC-nin məmurlarından biri camaatı aldadıb: "Bizə dedilər ki, guya bu xətt məhəllədən keçməyəcək. Guya, "Azərenerji" rəhbəri Etibar Pirverdiyevin göstərişi ilə əhaliyə verilən elektrik enerjisinin dayanıqlığı artırılır və buna görə də xətt məhəlləyə gətirilir. Biz də inandıq dedilər ki, guya yaşayış massivi tam kabelləşdirilir ki, küləkli havalarda burada mənzillərə verilən elektrik enerji xətlərində açılma olmasın, əhali fasiələsiz elektrik enerjisi ilə təmin edilsin. Həqiqətən də bizdə belə bir problem var. Hava küləkli və yağışlı olanda məftillər köhnə olduğundan elektrik enerjisinə tab gəvtirmir və xətlərdə tez-tez açılmalar olur. Ona görə də, sakinlər sevindilər ki, Etibar Pirverdiyev camaatın halına yanır, əhalinin problemlərini həll etmək, rifahını yasxşılaşdırmaq istəyir. Amma, sonradan məlum oldu ki, bu "Azərenerji" rəhbərliyi və onun yerlərdəki məmurlarının fırıldağıdır. Biz də bu fırıldağın qurbanına çevrildik. Hazırda 10 gündən artıqdır ki, həyatımıızı təhlükəyə atıblar. Hansısa bir məmurun onlara verdiyi rüşvətə görə yüzlərlə ailə təhlükədə qalıb. Heç kimə də müraciət edə bilmirik. Əvvəlcə bizi belə vədlərlə aldatdılar ki, guya bizim işıqlarımızı yaxşılaşdırırlar. Amma, sonradan bunların iç üzü açıldı".
Pirverdiyevin adamları vətəndaşlara "atıb"
Sakinlərin dediyinə görə, həmin şəxslər xəttin marşrutunu məhəlləyə dəyişəndən sonra yoxa çıxıblar: "Əvvəlcə xətti çəkib dedilər ki, transformator gətirəcəklər və həmin transformator vasitəsilə bizə fasiləsiz enerji verəcəklər. Bu bəhanəni bizə inandırmaq üçün məhəllədə traktorla yer də hazırladılar ki, sakinlər etiraz etməsinlər. Amma, bu yerin bizim üçün bir "torba" olduğunu bilmirdik. Elə hazırlanan yer də olduğu kimi qaldı, cavabdeh şəxslər də yoxa çıxdı. O gündən etibarən həmin cavabdehlərdən heç kimi tapa bilmirik. Məcburiyyət qarşısında qalıb susmuşuq. Çünki, şikayətlərə heç kim reaksiya vermir. İşıq idarəsinə də müraciət etmişik, "Azərenerji"yə şikayət məktubu göndərmişik. Amma, hələ bir cavab yoxdur. "Azərenerji" rəhbəri Etibar Pirverdiyev ümumiyyətlə bizi qəbul edib dərdimizi dinləmək istəmir. Çünki, bu təhlükəli vəziyyətdə o deyil, bizik. Ona görə o problemin nə qədər ciddi olduğunu bilmir" .
Pirverdiyevin dəstəsi xalqı dövlətə qarşı qoymaq istəyir
Sakinlər deyirlər ki, yüksək gərginlikli elektrik xəttini "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin göstərişi ilə dəyişdiriblər. Bu barədə ərazidə işləyənlər deyib. Onlar deyiblər ki, guya xətt həyətindən keçən məmur Etibar Pirverdiyevin yaxın dostudur. Həmin imarət sahibi xəttin həyətindən yığışdırılmasını Etibar Pirverdiyevdən xahiş edib və cənab Pirverdiyev də buna görə, həmin xəttin başqa ərazidən çəkilməsinə göstəriş verib: "Belə çıxır ki, Etibar Pirverdiyev bir məmur dostunun xahişinə yüzlərlə ailəni ölümə qurban vermək istəyir. Biz isə imkansız və biçarə olduğumuzdan səsimizi qaldıra bilmirik. Artıq qərar vermişik ki, problemə diqqət çəkmək üçün etiraz aksiyası keçirək. Çünki, başqa çıxış yolumuz yoxdur. Aksiya keçirməsək problemə maraq göstərən olmayacaq. Etibar Pirverdiyevin dostları yaxşı yaşamalıdı deyə biz qırılmalı, məhv olmalıyıq, Bu insanlar bizim və ailəmizin həyatını düşünmək istəmir. Məmurun ailəsi ailədi, bizimki yox, Bu xətt demək olar ki, onlarla ailənin yaşayışını iflic edib. Etibar Pirverdiyev xalqı dövlətə qarşı çıxarmaq istəyir. Ona görə beklə təxribat xarakterli hərəkətlər edirlər. Bizi dövlətə qarşı çıxara bilməzlər. Sadəcə problemlərlə boğmaq istəyirlər. Çarəmiz kəsilib. Məcburuq ki bu barədə Prezidentə və Mehriban xanım Əliyevaya məlumat verək və problemin həllində birləşək".
Sakinlər məsələ ilə bağlı prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Samir