Rəcbərlilərin mülkiyyət problemi ilə bağlı məhkəmə çəkişməsi bitmək bilmir

Ali Məhkəmə mülkiyyətçilərin kassasiya şikayətini təmin etdi

Hacıqabul rayonunun Rəncbər kənd sakinlərinin mülkiyyət hüquqlarının pozulması ilə bağlı məhkəmə çəkişmələri davam edir. Martın 4-də Ali Məhkəmənin Mülki Kollegiyasında hakim Ələsgər Əliyevin sədrliyi ilə məsələ ilə bağlı daha bir proses keçirilib. Bu barədə redaksiyamıza  Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov məlumat verib. Prosesdə məhkəmə Hacıqabulun Rəncbər kənd mülkiyyətçilərin kassasiya şikayətini təmin edib. Sahib Məmmədov bildirib ki, mülkiyyətçilər 3 ildir ki, pozulmuş hüquqlarını bərpa edə bilmirlər: "Belə ki, Hacıqabul rayonunun Rəncbər kəndinin bir qrup sakininin mülkiyyətində olan torpaq sahələri 2007-ci ildə "Azəriqaz" IB tərəfindən zəbt olunub. Mülkiyyətdə olan və kənd təsərrüfatı məqsədi ilə istifadə olunan torpaqlar həmin vaxtdan de-fakto (faktiki olaraq) özgənikiləşdirilmişdi. Torpaqların dövlət ehtiyacları üçün istifadəyə götürülmasinə baxmayaraq mülkiyyətçilərə əvvəlcədən hər hansı xəbərdarlıq olunmamışdı. Bu baxımdan mülkiyyətçilərə məxsus  torpaqların özəgənikiləşdirilməsi və ya yüklü edilməsi (servitud) barədə hər hansı qərar yoxdur". Sahib Məmmədov bildirib ki, əvvəllər də Rəncbər Kolxozunun istifadəsində  torpaq sahələri mülkiyyətçilərə  Hacıqabul Rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 1998-ci il tarixli 01№-li qərarı əsasında verilib. Torpaq sahələrinin mülkiyyətə verilməsinə dair müvafiq Dövlət Aktı və reystr çıxarışları var. Torpaqlar zəbt olunarkən həmin sahələr əkin altında olub.

Şirkətin tikinti strukturuna aid texnika xəbərdarlıq etmədən həmin sahədə tikinti işlərinə başlayıb. Sonradan mülkiyyətçilər müəyyən edib ki, burda "Şahdəniz yatağından hasil olunan qazın Hacıqabul Qaz-Kompressor Stansiyasına nəql olunması üçün Azərbaycan Dövlət Neft Şirkəti Tərəfindən tikilən Səngəçə-Hacıqabul Qaz Boru Kəməri tikilir.

Torpaq sahələrində bu kəmərin tikintisinə  2007-ci ilin fevral ayında başlanıb. Hazırda tikinti başa çatıb və həmin kəmər istismar olunur. Bununla belə kəmərin keçdiyi zolaqda və mühafizə zonasında  mülkiyyətçilərə  hər hansı təsərrüfat işlərinin görülməsinə icazə verilmir və ümumiyyətlə bu heç mümkün də deyil. Torpaqların bir hissəsi zəbt olunub.

06 iyun 2010-cu ildə bir qrup mülkiyyətçi Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının yardımı ilə Hacıqabul rayon məhkəməsinə "Xüsusi Mülkiyyətdə olan torpaq sahələrində dövlət ehtiyacları üçün tikinti işlərinin aparılması və həmin torpaqlardan istifadə imkanının məhdudlaşdırılması ilə bağlı  kompensasiyaların ödənilməsinə dair" iddia verib: "Kəmər keçən zolaq və daş döşənmiş yol da daxil olmaqla iddiaçıların üst-üstə 345 660 kvadrat metr torpaq sahəsi zəbt olunub. 14 nəfər mülkiyyətçi üçün üst-üstə 309 755 manat (387 500 ABŞ dolları kompensasiya tələb olunur". Sahib Məmmədov deyir ki,

iddia ilə bağlı Hacıqabul rayon məhkəməsi 1 ildən artıq davam edən məhkəmə prosesindən sonra iddiaçılara xəbər vermədən 30 sentyabr 2011-ci ildə qətnamə qəbul edərək iddianı rədd edib. Qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilib. Şirvan apellyasiya Məhkəməsi 25 sentyabr   2012-ci il tarixində qətnamə qəbul edərək Hacıqabul rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Bundan sonra Ali Məhkəmənin Mülki kollegiyasına iddaçılar tərəfindən  kassasiya şikayəti verilib. Ali Məhkəmənin mülki kollegiyası 04 mart 2013-cü il tarixində iddaçıların kassasiya şikayətinə baxaraq onu təmin edib. İş yenidən Şirvan apellyasıya məhkəməsinə qaytarılıb. Məhkəmə Kollegiyası keçirilən ekspertizanın qüsurlu olmasına dair şikayətdə göstərilənləri əsaslı hesab edib. Proses davam edir.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31