Dəm qazı faciəsi... - AKTUAL

Eyyub Hüseynov: “Qaz idarələrinin təqsiri üzündən baş verən faciələrlə bağlı kiminsə məsuliyyətə cəlb olunduğunu görməmişəm”

Azərbaycanda hər il soyuq aylarda onlarla, bəlkə də yüzlərlə insan dəm qazından faciəli halda dünyasını dəyişir. Bu bəla artıq Azərbaycanda adi hala çevrilib. Əvvəllər bu cür hallara ildə bir-iki dəfə rast gəlinirdisə, son bir neçə ildə dəm qazının qurbanı olanların sayı durmadan artır. Hətta soyuq aylarda hər gün dəm qazından boğulma və zəhərlənmə halları ilə bağlı məlumatlar alırıq. Bəs görəsən bu faciələrin qarşısını necə almaq olar? Bu bəla Azərbaycanda hansı amildən baş verir və aidiyyəti qurumlar necə tədbir görür. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki,dəm qazından zəhərlənmələr əsasən üç amillə bağlıdır: "Birinci səbəb qaz cihazlarının standartlara uyğun olmamasıdır. Ölkədə satışa çıxarılan avadanlıqların guya hamısı baxışdan keçirilib. Lakin hamımız bilirik ki, bu sahədə böyük xaos var. Kim harda, hansı malı istəyir, satır. Əlbəttə, bu özbaşınalıqların hamısı kobud desək, istehlakçıların başında çatlayır. Bundan başqa, əhali qaz cihazlarından düzgün istifadə etmir. Xaricdən gətirilən qaz cihazlarının əksəriyyətində nəzərdə tutulub ki, dəm qazı boru ilə bayıra çıxmalıdır. Lakin əhali onu düzgün quraşdırmır və qaz evin içinə dolur. Kustar üsulla hazırlanan qaz cihazları da bu xoşagəlməz hadisələrin yaranma səbəblərindəndir". 

Standart sobalara icazəsiz müdaxilə halları olur 

Eyyub Hüseynovun dediyinə görə, qazdan zəhərlənmə və boğulma hallarını yaradan səbəblərdən biri də bu prosesdə əhalinin özbaşına müdaxiləsidir. Belə ki, əhali kustar üsulla hazırlanan, standartlara cavab verməyən sobalardan istifadə edir. Bu da sonda xoşagəlməz hadisələr və faciələrlə nəticələnir: "Əhali bilməlidir ki, dövlətin gömrük sərhədlərindən keçən sobalar, qaz işlədicilərinin hamısı dövlətin standartlarına uyğundur. Lakin Azərbaycanda qaz infrastrukturu köhnəlib, qaz lazımi təzyiqdə deyil. Bu məna da sobaların işləmə standartı ilə Azərbaycanda verilən təzyiq düz gəlmir. Belə olan halda istehlakçılar qaz sobasını alandan sonra onun işləyib-işləmədiyini görüb, təsadüfi insanları çağırıb, orada dəyişiklik aparır. Bununla da yeni partlayışlara səbəb yaranır". Ekspert məsləhət görür ki, qaz təchizatçıları sobalarda rekanstruksiya işlərini aparmağı öz üzərilərinə götürsünlər.

İstehlakçılar qaz sobalarının çıxışına diqqət yetirməlidir

Çölə çıxarılan yanmış qazın tüstüsü və ya havasının ötürülməsində də problemlərin olduğunu deyən AİB sədri bildirib ki, istehlakçılar Bakıda bəzi məqamlara, hətta hava iqliminə də diqqət yetirməli, ona uyğun hərəkət etməlidirlər. Çünki, Bakı küləklər şəhəridir. Sobaların mənzildən xaric olan borusu küləyə qarşı olarsa və bu boru qorunmazsa,  o zaman həmin boru küləyin təsirindən tüstünü və dəm qazını içəri vurur. Bu da sonda həmin xoşagəlməz hadisələrlə nəticələnir: "Ona görə də çölə çıxan borulara diqqət yetirilməlidir. Birmənalı şəkildə qazı uşaqların nəzarətindən kənarda qoyub yatmaq olmaz. Qaz mütləq nəzarət altında olmalıdır. Onu da bilməlidirlər ki, boğulma ani baş verir. Ona görə də adarant deyilən zəhərli maddələr qarışdırırlar ki, qazın axması iylə, qoxulu ilə hiss olunsun. Çox təəssüf ki, bu bəzən epizodik olur. Bəzən qarışdırılır, bəzən isə yox. Biz burada artıq təchizatçının müəyyən məsələsi üzərinə gəlib çıxırıq. Təəssüf ki, əhali ilə təchizatçı arasında bağlanan müqavilə şərtlərində təchizatçı öz üzərinə heç bir məsuliyyət götürmür. Məsələn, qazın fasiləsiz verilməsi məsələsi. Bazarda inhisarçı qurum olan təhcizatçının üzərinə qazı fasiləsiz vermək məsuliyyətini verir. Lakin infrastruktur köhnəldiyindən, qaz təchizatçılarının məsuliyyəti tam aydın olmadığından bəzən fasilərlərlə olur. Mütləq öncədən xəbərdarlıq sistemi yaradılmalı, təchizatçının üzərində müəyyən məsuliyyət dayanmalıdır. Müəyyən partlayışlar, onun sonrakı aqibəti, günahkarların tapılması və cəzalandırılması baxımından ictimaiyyətdə heç bir fikir dolanmır. Yaxşı olar ki, bu məsələlər önə çəkilsin".

Bu sahədə istehlakçı da ehiyatlı olmalıdır

Eyyub Hüseynov bildirir ki, baş verən qaz partlayışları, qazdan boğulma və zəhərlənmə hadisəsinə təchizatçı ilə yanaşı, istehlakçı da cavabdehdir: "Bu məsələdə hər iki tərəfin məsuliyyəti bərabərdir. Amma qanunvericilik bazasında da problemlər var. İstehlakçıların qanunvericilik bazasının təkmilləşməsi haqqında qanunvericilik mütləq dəyişilməli və istehlakçının hüququ yüksək səviyyədə qorunmalıdır. Istehlakçının hüququna, əmlakına olan qəsdlərə qarşı müəyyən məsuliyyət qoyulmalıdır. Amma qaz təhcizatçıları tərəfindən bu məsuliyyət yoxdur. Gözləyirik ki, yeni bir müəssisə yaranacaq, bütün tüstü çəkən bacalar təmizlənəcək".

Dəm qazı bəlasına görə məsuliyyət daşıyan yoxdur

Eyyub Hüseynov bildirir ki, baş verən bu cür bədbəxt hadisələrə heç bir qurumun məsuliyyət daşımaması dəm qazından boğulma hallarını azaltmaqdansa, daha da artırır: ""Azəriqaz" İstehsalat Birliyi bilərəkdən uzun müddətdir ki, əhali ilə bağladığı, əksər hallarda bağlamadığı müqavilələrin şərtlərinə lazımi bir bəndi daxil etmir: qaz fasilələrlə verilərsə və nəticədə qəza olarsa, buna kim cavabdehdir? "İstehlakçıların hüquqlarını müdafiəsi haqqında" qanunun 8-ci maddəsində qeyd olunur ki, bazarda inhisarçı olan qurum - "Azəriqaz" İstehsalat Birliyi istehlakçını fasiləsiz xidmətlə təmin etməlidir. Qaz elə bir xidmət sahəsidir ki, onun verilməsində fasilə olarsa, bu faciəli nəticələrə gətirib çıxara bilər".

Qaz idarələri vətəndaşları təhlükə ilə üz-üzə qoyur

AİB sədri qaz istismarı idarələrinin istədikləri vaxt istehlakçıların qazını kəsərək müəyyən qaynaq işləri gördüklərini, həmçinin kiməsə qaz çəkdiklərini deyir: "Bu düzgün deyil və yolverilməzdir. Qanunlarda boşluqlar var.  Qaz istismarı idarələri əhalinin gözündən düşüb. İndiyə qədər bu idarələrin təqsiri üzündən baş verən faciələrlə bağlı kiminsə məsuliyyətə cəlb olunduğunu görməmişəm. Bu sahədə məlumatsız olan əhali isə sonda faciələrin qurbanına çevrilir".Eyyub Hüseynov bu məsələdə dövlətə yardımçı olmaq üçün aidiyyəti qurumlara təkliflər verdiyini də bildirdi. Onun sözlərinə görə, rəhbərlik etdiyi Azad İstehlakçılar Birliyi istehlakçılar arasında genişmiqyaslı maarifləndirmə tədbirləri keçirmək üçün təkliflərini təqdim edib: "Bu gün 20 mindən çox üzvümüz var, 30 regional təşkilatımız var. Biz bu vəziyyəti dəyişməkdə şirkətə, dövlətə yardımçı olmağa hazırıq".

Samir Əli   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31