Gənclərin sosial müdafiəyə daha çox ehtiyacı var - AKTUAL

İşsiz gənclər “topaz”a üz tuturlar

Son zamanlar Azərbaycan gəncliyinin mahiyyəti tamamilə dəyişməkdədir. Bir qisim gənclər bütün gücünü elmə verərək savadlı, bacarıqlı mütəxəssis kimi millətə, dövlətə xidmət yolu seçib. Bir çox gənclərimiz var ki, öz gücləri hesabına dünyanın ən məhşur universitetlərində oxuyur və ölkəmizi layiqincə təmsil edirlər. Təəssüflər olsun ki, belə xoş sözləri bütün gənclərimizə şamil etmək qeyri-mümkündür. Kifayət qədər gənclərimiz var ki, onlar üçün yaradılmış şəraitdən istifadə edərək öz gələcək həyatlarını qurmaq əvəzinə günlərini çayxanalarda, interklublarda keçirməyə üstünlük verirlər. Araşdırmalar göstərir ki, son illərdə gənclərin ən çox üz tutduğu məkan ölkədə fəaliyyət göstərən "topazlar"dır ki, bu da gənclərimizə əlavə problem yaradır. Eyni zamanda, bəzi gənclərimiz lazımi səviyyədə təhsil almadıqlarından asanlıqla müəyyən qüvvələrin təsiri altına düşə bilirlər. Belə gənclər xüsusən radikal dini cərəyanlar, xarici ölkələrin məxfi orqanları, eləcə də müxtəlif siyasi dairələrin əlində vasitəyə çevrilir. Azərbaycanda gənclərdən siyasi məqsədlər üçün istifadə halları artıq ənənəyə çevrilib. Son illərdə ölkədə keçirilməyə cəhd edilən bütün aksiyalarda müxalifət gənclərdən yararlanmağa cəhd edib. O da aydındır ki, müxtəlif sosial-iqtisadi problemlərlə üzləşən gənclər belə addımlar atmağa meyilli olurlar. Odur ki, ölkədə gənclərin istirahəti, asudə vaxtlarının səmərəli keçirilməsi, sağlamlığı və təhsili ilə bağlı mövcud problemlərin çözülməsi bir saylı vəzifə kimi qarşıda durmalıdır. Bəs, Azərbaycanda necə, aidiyyati qurumların məsələyə yanaşma tərzini məqbul hesab etmək olarmı?

Sirr deyil ki, ölkədə bir sıra sosial problemlər mövcuddur ki, onların həlli qanunvericiliyin təkmilləşdirilməsi, yaxud yeni sahəvi qanunların qəbulundan keçdiyindən uzun müddət tələb edir. Əslində isə bir çox sosial problemlər var ki, onların həlli elə də çətin məsələ deyil. Təəssüf ki, bəzi qurumlar müxtəlif bəhanələrlə sözegedən məsələlərin həllini yubadır, sünii şəkildə bürokratik əngəllər yaradırlar. Ən çox bəhanə gətirilən səbəblərdən biri gənclərin normal həyat tərzini təmin etmək məqsədilə qəbul ediləcək qanunların böyük həcmdə maliyyətutumlu olması ilə bağlıdır ki, bu bəhanə əsas götürülsə, gərək sosial problemlər illərlə həll olunmamış qalsın. Ancaq bu kimi məsələlərin çox sadə həlli yolları da var. Məsələn, vətəndaşların keçmiş sovet banklarında qalmış əmanətlərinin qaytarılması ilə bağlı uzun müddət müzakirələr aparılsa da, dövlət başçısının bir fərmanı ilə məsələ həllini tapmış oldu. İndi xeyli müddətdən bəri həllini gözləyən sosial problemlərdən biri gənc ailələrin sosial müdafiəsi ilə bağlıdır. Artıq neçə illərdən bəri müxtəlif dövlət qurumları sözügedən məsələnin yaxın müddətdə həll olunacağını bildirsələr də indiyə qədər heç bir real addım atılmayıb. Yaxud, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli kreditlərin verilməsi o qədər müzakirə predmeti olub ki, artıq vaxtilə gənc dediyimiz kəsim indi nəvələri üçün ipoteka krediti almağa çalışır. Eləcə də, məşğulluq, təhsil, səhiyyə ilə bağlı olan digər problemlər var ki, hazırki şəraitdə gənclərimiz həmin problemləri təkbaşına həll etmək iqtidarında deyillər. İşləməyən, aylıq gəliri olmayan gənc təhsil haqqı, səhiyyə, idman xərclərini necə ödəyə bilər? Məlumdur ki, bəzi "işbazlar" regionlarda açılan olimpiya komplekslərinə giriş üçün elə məbləğ təyin ediblər ki, həmin idman komplekslərinin qapısı illərlə bağlı qalır.

***

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun layihəsi çox güman ki, parlamentin müzakirəsinə çıxarılacaq. Artıq bununla bağlı parlament rəhbərliyinin müsbət mövqeyi və razılığı ortalıqdadır. Komitə sədri qeyd edib ki, bu məsələnin həlli olduqca önəmlidir: "Önəmlidir ona görə ki, cəmiyyət dövlətin ilk təşkilatıdır, cəmiyyətin də ilk təşkilatı ailədir. Ailədə əgər mühit yaxşıdırsa, deməli, cəmiyyətdə də mühit yaxşıdır. Ona görə biz istəyirik ki, gənc ailəni bünövrəsindən möhkəm quraq". Maraqlıdır, böyük həcmdə maliyyə tutumu tələb edən bu qanunda gənclərin sosial müdafiəsi ilə bağlı məqamlar əksini tapıb? Millət vəkilinin bildirdiyinə görə, nəzərdə tutulan birinci məqam ondan ibarətdir ki, imkanı məhdud, imkansız gənc ailələrin müəyyənləşdirilməsi mexanizmi tapılıb ortaya qoyulsun. Necə edək imkansız ailələr bu sosial müdafiədən daha çox yararlana bilsinlər: "Yəni, burada əsas məqam bu ailələrə faizsiz kreditin verilməsidir. Ola bilər 20 il olsun, ola bilər 30 il. İkincisi, nikaha girən sosial durumu ağır olan ailələrə ipoteka kreditinin verilməsi məsələsidir. Məhz bu kreditlə onlar gedib ev ala bilər. Üçüncüsü, bu iki nəfərdən birinə, nikaha girənlərin ikisindən birinə kvota ayırmaq- iş yeri yaratmaq məsələsidir. Bu da ciddi məsələdir ". Komitə sədrinin dediyinə görə, digər məqam bu qrup insanların sosial- psixoloji adaptasiyası məsələsidir: "Təbii ki, ailə qurularkən başqa bir mühit yaranır. Ayrı-ayrı ailələrdən olan insanlar yeni bir ailə yaradırlar və burada da insanların xarakterinin uyğunluğu, necə deyərlər, min dənə məsələ var . Odur ki, sosial hüquqi yardım xidməti, sosial psixoloji xidmət olmalıdır. Həmçinin, nikaha girməmişdən öncə bir aylıq xüsusi kursları keçmək, ər-arvadlıq münasibətləri necə olur, necə qurulur, adam-adamı necə yola verər, necə olar ki, boşanmaların sayı azalsın, bunların hamısı təbii ki, həmin sənəddə ehtiva olunmalıdır. Bu baxımdan, biz qanun layihəsində düşünüb bunun formasını tapacağıq, ehtiva edəcəyik. Dünya ölkələrinin də qanunları əlimizdə var və bu qanunun maliyyə tutumu olduğuna görə, biz bunu bir az yubadırıq. Amma mən düşünürəm ki, bunu gələn yaz sessiyasında ortaya qoya biləcəyik".

Maraqlı məqam ondan ibarətdir ki, ən çox sosial müdafiəyə ehtiyacı olan gənclərin hüquqlarını müdafiə edəcək qanunun qəbulu onun maliyyətutumlu olması səbəbindən yubadılır. Yəni, Azərbaycan kimi iqtisadı baxımdan inkişaf etmiş gənc ölkə vətəndaşlarının sosial müdafiəsi üçün maliyyə mənbəyi axtarır. Belə halda, məşğulluq, mənzil və digər bu kimi problemlərlə tez-tez üzləşən gənclər sosial müdafiələrini necə təmin edə bilərlər?

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31