"Binə”də sahibkarların soyulması davam edir - GÜNDƏM

Kəbirə Məmmədova aksiyadan sonra ticarətçilərə qan uddurur

"Binə" Ticarət Mərkəzində sahibkarlara qarşı təzyiqlər davam edir. Ticarət Mərkəzinin rəhbəri sahibkarların bir qisminin həbs edilməsindən istifadə edərək onlara qarşı daha da aqressivləşib. Bunu ticarət mərkəzində olarkən sahibkarlar bildirdilər. Onların dediyinə görə, 19 yanvar aksiyasından sonra ticarət mərkəzində sahibkarlara qarşı daha amansız mübarizə aparılır. Sahibkarlar deyirlər ki, ticarət mərkəzinin rəhbərliyi tərəfindən göndərilən adamlar sahibkarları obyektlərini əllərindən almaqla qorxudur: "Hər gün bir neçə nəfər bizə hədə-qorxu gəlir. Deyirlər ki, aksiya keçirmək istəyənlərin obyektləri əllərindən alınacaq, malları yandırılacaq, sahibkar özü də şərlənib həbs ediləcək. Artıq bazar mühasirəyə alınıb. Xarici, bahalı maşınlarla hər gün onlarla idmançı görkəmli şəxslər sıralara daxil olur, sahibkarlar hədə-qorxu gəlirlər ki, bir də aksiyaya çıxan olmasın".

Bazar etirazçılara görə yandırılıb?

Sahibkarlar deyirlər ki, iki gün öncə bazarda baş verən yanğının da ticarət mərkəzinin rəhbərliyi tərəfindən törədildiyi deyilir. Sahibkarlar deyirlər ki, hadisədən bir gün qabaq həmin sıradakı sahibkarların etiraz etməsi barədə məlumat yayılıb. Elə həmin gün bazarın müdiri Kəbirə Məmmədovanın adamları orada olub, sahibkarlarla danışıblar. Səhəri gün isə yanğın başlayıb: "Deyilənə görə, həmin yanğını da Kəbirə Məmmədovanın adamları törədib. Çünki həmin şəxslər sahibklarlarla görüşəndə onlara hədə-qorxular gəliblər, amma sahibkarlar bu hədələrə fikir verməyiblər. Yəni, danışıqları nəticə vermədiyindən onlar bu üsula əl atıblar".

Sahibkarlar deyirlər ki, həmin gün etiraz edənlər 19 yanvar aksiyasında həbs edilənlərin azadlığa buraxılmasını istəyiblər. Kəbirə Məmmədova isə bildirib ki, guya o həmin şəxsləri bağışlasa da, törətdikləri cinayətlərə görə onlar cəza alacaqlar. Sahibkarlar da buna etiraz olaraq aksiya keçirmək qərarı veriblər. Kəbirə Məmmədova isə onların səsini qoluzorlularla almaq istəyib: "Həbs olunan sahibkarlar həmin sırada fəaliyyət göstərirlər. Onların qohumları və sırada olan sahibkarlar da həbs olunanların azad olunmasını, sahibkarların pozulmuş hüquqlarının bərpasını istəyirlər. Kəbirə Məmmədova isə onları həbsdə saxlatdırmaqla qalan sahibkarları qorxu içində saxlamaq niyyətindədir. Buna görə də, günahsız sahibkarların azadlığa çıxmasına imkan vermir. Nəticədə də səhər saatlarında etiraz edən sahibkarların mağazalarında yanğın olub. Kimi deyir ki, guya qısaqapanmadan olub, kimi deyir ki, bilərəkdən yandırılıb və sair. Hazırda araşdırmalar davam edir. Amma, hələ ki, bir nəticə yoxdur. Obyektləri yanan sahibkarlar da hazırda işsioz qalıb, mağazaları şəxsi vəsaitləri hesabına təmir etdirirlər".

Kəbirə Məmmədova 150 manatlıq aparata görə 500 manat tələb edir

Hazırda bazarda daha bir problem yaranıb. Bunu da sahibkarlar deyirlər. Onların dediyinə görə, Kəbirə Məmmədova guya sahibkarları vergiyə cəlb edir. Amma, bu prosesdə də qanunsuzluğa yol verilir. Belə ki, Kəbirə Məmmədova sahibkarların qanuni mülkiyyətindən aylıq icarə haqqı aldığı vaxtda, indi də əlavə vergi alır. Amma, bu da qan uni aparılmır: "Kəbirə Məmmədova yenə də bizim qanımızı içir. Kassa aparatlarının mağazalara quraşdırılmasına görə, hər sahibkardan 500-700 manat rüşvət alır. Elə bil ki, biz ona yalvarmışıq ki, bizim obyektə kassa aparatı quraşdır. Özü pul yığmaq üçün, öz qanunsuzluqlarını ört-basdır etmək üçün kassa aparatı quraşdırır ki, vergini biz ödəyək, o ödəməsin. Əlavə də hələ aparatların quraşdırılmasına ikiqat artıq pul istəyir. Biz kassa istəmirik, əgər Kəbirə Məmmədovaya lazımdırsa quraşdırsın".

Sahibkarlar deyirlər ki, kassa aparatının hər biri 150-200 manatdır, ən bahası isə 250 manatdır ki, həmin aparatlardan yaxınlıqdakı "Sədərək" Ticarət Mərkəzində də quraşdırılıb. Amma, Kəbirə Məmmədova Çin istehsalı olan, keyfiyyətsiz və ucuz aparatları alıb sahibkarlara 2-3 qat, hətta 5 qat baha satmaq istəyir. Özü də Kəbirə Məmmədova tapşırıq verib ki, heç bir sahibkar özü aparat ala bilməz, aparatlar "Binə" Ticarət Mərkəzi tərəfindən sifariş verilməlidir. Kassa aparatını başqa yerdən alan sahibkar cərimə olunacaq. Bu da Kəbirə Məmmədovanın tapşırığıdır.

"Sədərək"də 250 manata quraşdırılan kassa aparatları "Binə"də 700 manata

Sahibkarlar deyirlər ki, həmin kassa aparatları barədə onlar başqa ərazilərdən maraqlananda məlum iolub ki, aparatlar 250 manatdan baha deyil: "Bizim yanımızda ən çox alver edən "Sədərək" Ticarət Mərkəzində də kassalar quraşdırılıb. Amma, aparatların alınmasında ticarət mərkəzinin rəhbərliyi heç bir rol oynamır. Ticarət Mərkəzinin rəhbərliyi obyekt sahiblərinə sadəcə məsləhətlər verib ki, yəni  bahalı aparat alınmasın, normal işləyən, ucuz aparatlar alınsın. Ordakı sahibkarlar deyirlər ki, aparatları özləri seçiblər. Əksinə, başqa yerdə 270-300 manata satılan aparatları "Sədərək" Ticarət Mərkəzinin rəhbərliyi topdan satış qiymətinə-250 manata gətirib satıcılara təklif edib. Bu isə məcburi deyil. Əgər sahibkar bundan imtina edirsə, ona heç bir təzyiq edilmir və özü başqa yerdən kassa aparatı alıb gətirir. Amma, Kəbirə Məmmədova ucuz kassa aparatlarını sahibkarlara məcburi 3 qat baha satdırır". Sahibkarlar deyirlər ki, Kəbirə Məmmədovanın 500 manata təklif etdiyi kassa aparatları 170-200 manatdan baha deyil. Amma, o həmin aparatların guya xaricdən gətirildiyini bəhanə edərək sahibkarları aldadır: ""Sədərək" Ticarət Mərkəzində quraşdırılan kassa aparatlarını Kəbirə Məmmədova 700 manata satır. Amma, "Sədərək"də həmin aparatlar sahibkarlara 250 manata satılıb. Kəbirə isə keyfiyyətsiz aparatları bizə 500 manata deyir".

Bəli, bu gün "Binə" Ticarət Mərkəzində sahibkarlar bu cür susdurulur, onlara yenidən təzyiqlər olunur. Yenə də sahibkarlara qanunsuz rüsumlar yığılır, rüşvət alınır. Əlaqədar qurumlar isə hələ də susur. Amma belə getsə sahibkarlar susmayacaqlar, özlərinin dediyi kimi.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31