Bakının avtobus dayanacaqları kimə məxsusdur?

Bakıda avtobus dayanacaqlarının taksi sürücüləri və şəxsi avtomobil sürücüləri tərəfindın "işğalı" davam edir.  

Milli.Az xəbər verir ki, Day.Az saytı bir neçə dəfə bu mövzuya toxunub. Minik avtomobilləri ucbatından sərnişinlər avtobusları yolun hərəkət hissəsində gözləməli olurlar. Avtobus sürücüləri isə məcbur qalaraq yol hərəkəti qaydalarını pozur, avtobusu yolun hərəkət hissəsində saxlayaraq sərnişinləri mindirib-düşürdürlər.
Samirə adlı oxucunun məlumatına görə, belə bir hal metronun "Əhmədli" stansiyasının yanında da müşahidə olunur.
"Dayanacaqdan əsər-əlamət qalmayıb. Dayanacağın düz qarşısında avtomobillər park edilir. Adamlar yolun ortasında avtobus gözləyirlər", - oxucu qeyd edib.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. Əsədov aşağıdakıları deyib:  "Avtobus dayanacaqlarının taksi və şəxsi avtomobillərdən azad edilməsi üçün mütəmadi tədbirlər həyata keçirir. Heç bir sürücünün dayanacaq ərazisini parkinq kimi istifadə etmək hüququ yoxdur. Belə hallar aşkarlandıqda yol polisi müfəttişi həmin sürücü cərimə formasında inzibati məsuliyyətə cəlb edir. Mən müvafiq şöbəyə məlumat verəcəm ki, həmin ərazini nəzarətdə saxlasınlar".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31