“Bərdə” Elektrik Şəbəkəsi vətəndaşlara qanunsuz borc yazır - PROBLEM
Şəbəkə rəhbəri məcburi köçkünlərə verilən elektrik limitini mənimsəyir
28 Yanvar 2013 12:36 ProblemBərdə Elektrik Şəbəkəsinin rəhbərliyi rayon ərazisində yaşayan məcburi köçkünlərə qanunsuz borc yazır. Bu barədə "OLAYLAR"a Bərdədə məşkunlaşan məcburi köçkün Elməddin Ələkbərli məlumat verib. Şikayətçinin dediyinə görə, 2012-ci ildə Bərdədə məcburi köçkünlər üçün tikilən 195 nəfərlik qəsəbədə ona da ev verilib. Həmin vaxtdan etibarən qəsəbədəki mənzillərin elektrik enerjisi haqqını Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi ödəyir. Amma, buna baxmayaraq şəbəkə rəhbərliyi məcburi köçkün ailələrinə borc yazır: "Şəbəkə rəhbərliyi hər ailəyə yalandan 500, 1500, 2000 manat borc yazır ki, guya biz sərfiyyatdan artıq istifadə etmişik. Amma, əslində bizə düşən limiti tam istifadə edə bilmirik. Bizə verilən aylıq elektik enerjisi limitini şəbəkə kartımıza yükləmir. İlin sonunda isə deyir ki, guya hər evin külli miqdarda borcu var".
Elməddin Ələkbərli bildirir ki, Bərdə Elelktrik Şəbəkəsi bu üsulla məcburi köçkünlərə qarşı özbaşınalıqlar edir. Onun sözlərinə görə, şəbəkə rəhbərliyi rayonda bütün vətəndaşlara qarşı bu cür qanunsuz borclar yazmaqla onlardan külli miqdarda pul yığır.