“Unibank” daha bir mənzili qanunsuz ələ keçirdi - ŞİKAYƏT

9 nəfərlik ailə küçələrdə gecələyir

Bakıda "Unibank" bir qrup şəxslə əlbir olaraq vətəndaşın qanuni mənzilini əlindən alıb. Bu barədə redaksiyamıza Cəlilabad rayon sakini Gülşən Adıgözəlova müraciət edib. Xanım mülkiyyətçi mənzilinin qanunsuz olaraq satıldığını iddia edir. Bildirir ki,  "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" adlı qondarma Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) mənzil sahibinin iştirakı olmadan onun evini hərraca qoyaraq 3 qat aşağı qiymətə satışa çıxarıb: "9 nəfərlik ailə üzvümüz var. Ailə-uşağın qeydiyyatda olduğu dədə-baba evi onlardan xəbərsiz hansısa küçədənkeçmə bir MMC tərəfindən hərraca çıxarılır, heç birinin qolu-imzası olmadan guya satılır. Bu saxta kağızla bizə psixoloji təsir göstərmək istəyirlər ki evimizdən xoşluqla əl çəkək, çünki Unibankda evimiz girovdadır, bu bank bizə 50 faizlik (!) kredit verib, reketsayağı sayğac qoşaraq ödədiyimiz pulları da faizə çıxıb. Unibank adlı ASC çalışır ki, 75 min qiyməti olan evimizi 26700 qiymətilə öz ixtiyarına keçirsin. Yüzlərlə evi "Unibank" bu yollarla ələ keçirib, heç bir qanuni əsası olmadan kimsəsiz-adamsız ailələri küçəyə töküb".  

Qanunsuz və xəbərsiz hərrac, 9 nəfərlik ailə evdən çıxarıldı

Gülşən Adıgözəlova bildirir ki, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" adlı MMC-nın Hərracın yekunları barədə saxta Y-875 nömrəli protokol tərtib edərək ailə üzvlərinin iştirakı olmadan onların yaşadıqları mənzilin satışa çıxarılması barədə qanunsuz olaraq hərrac keçirib: " "Unibank"ın nümayəndələri yalandan deyirlər ki, guya bizə çağırış vərəqəsi göndərilib, guya biz, yəni o evdə pasport qeydiyyatında olan vətəndaşlar gəlməmişik. Amma hamısı yalandır. Qanunla 3 dəfə çağırış vərəqəsi göndərilməliydi, əgər gəlməsəydik, hansısa tədbiri keçirmək olardı. Gətirsinlər, poçt kağızlarını göstərsinlər, hara biz qol çəkmişik. Bu adamlar elə özlərinə arxayındırlar ki, hətta çağırış vərəqələrini də saxtalaşdıra bilərlər. Amma bir iş var ki, orda bizim imzalarımızı saxtalaşdıra bilməzlər. Hərrac guya 14 may 2012-ci il, saat 11-də keçirilib, amma necə olur ki, biz o hərracın yekunları barədə 2013-cü ilin 14 yanvarında xəbər tuturuq? Çox qəribədir. Əslində isə 14 may 2012-ci ildə heç bir hərrac-zad keçirilməyib, sadəcə Unibank bizim onlarda girov olan evimizi ələ keçirə bilmədiyini görüb bu cür ucuz yola əl atıb. Onlar bilməlidirlər ki, biz öz evimizdən əl çəkməyəcəyik, dəbə-baba evimizi onlara vermək fikrimiz yoxdur, Bizi başqaları ilə qarışdırmasınlar. Əgər dövlət orqanlarını pulla almalarını düşünürlərsə, xarici dövlətlərə müraciət edəcəyik, daha adekvat addımlara gedəcəyik".

Suraxanı məhkəmə icraçıları da "Unibank"la birgə  quldurluq edir

Şikayətçi iddia edir ki, bu prosesdə onlara Suraxanı rayon Məhkəməsinin İcra Şöbəsi dəstək verir: "Suraxanı rayon Məhkəməsinin İcra şöbəsinin nə haqla, hansı əsasla bu protokolda adı hallandırılıb? Sadəcə "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" adlı MMC Unibank ASC-nin öz qondarma bufer zonasıdır, bu təşkilatın saxta kağızları ilə vətəndaşların onlarla evini əlindən alıblar. Bu cür çirkin oyunlara son qoymaq lazımdır. M.Müşfiq küçəsi, №2A ünvanda yerləşən həmin MMC-nin fəaliyyəti araşdırılmalıdır". Gülşən Adıgözəlova deyir ki, MMC-nin mənzili satışa çıxarması barədə heç bir qurumun möhürü yoxdur. Adı çəkilən 3 təşkilat bu sənədlərdə heç bir dövlət idarəsinin möhürü, olmadan saxta yolla vətəndaşları evindən qovur: "Orta əsrlərdə qaçaq-quldurlar tüfəng-bıçaqla əhalinin malını əlindən alırdılar, indiki zəmanədə isə Unibank kimi ASC-lər öz möhürləri ilə xalqı qorxuzub malını mənimsəyirlər. Oyuncaq qurumlar əlbir olub xalqa min cür kombinasiyalar qurur, belə neqativ hallara qarşı reaksiya vermək lazımdır. Biz tələb edirik ki, müvafiq qurumlar sələmçi başkəsənləri yox, bizi müdafiə etsin".

75 min manatlıq ev 26 min manata qiymətləndirilib sahibindən alınıb

Gülşən xanım deyir ki,  "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" adlı MMC M.Müşfiq küçəsi, №2A ünvanda yerləşir. Unibank bu qurumla əlbir olaraq onlarla, bəlkə də yüzlərlə evləri vətəndaşların əlindən məcburi alıb: "Unibank-ın Problemli Məsələlər üzrə Şöbəsinin işçilərinin hərəsinin 10-a yaxın evi və maşını var. Xahiş edirəm ki, Milli Təhlükəsizlik Nazirliyi bu məsələni araşdırsın. Kütləvi şəkildə xalqın evlərini əlindən almaqla məşğuldurlar, niyə bu genosidi dayandırmırsınız? Rusların, sovetlərin bizə verdiyi evlər Amerikan bankçılığı tərəfindən yenidən əlimizdən alınır. Azərbaycan tarixinin ən qara səhifələri yazılır, xalq qara günlər yaşayır. 75 min manat qiyməti olan ev necə 26 min manata adamın əlindən alına bilər?   Xahiş edirik ki, Hüquq-mühafizə orqanları sənədə hüquqi qiymət versinlər. "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" adlı MMC kimdir ki, hərrac keçirsin və vətəndaşın iştirakı olmadan evini tutub əlindən alsın? Hansı qanunvericilikdə bu yazılıb? Dövlət qanunları bunlar üçün qanundur, ya yox? Öz aləmlərində yaşayırlar, amma başa düşmürlər ki, pul hər şeyi həll etmir. Evdə 9 nəfər vətəndaş yaşaya-yaşaya, heç birinin iştirakı, razılığı, imzası olmadan 75 minlik ev hərraca çıxarılır, 26 minə satılır? Sonra da bu sənədi gözümüzə soxub deyirlər ki, vəssalam, ev artıq bizimdir! Azərbaycan qanunvericiliyinə görə, vətəndaşın özü olmaya-olmaya onun evi hərraca çıxarıla bilməz".

Gülşən Adıgözəlova problemin ictimailəşdirilməsini və onların hüquqlarının bərpa edilməsini xahiş edir.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31