İsmayıllı olayı... - GÜNDƏM

Rayonda nə baş verib

Yanvarın 23-də axşam saatlarında İsmayıllıda gərgin anlar yaşanıb. İsmayıllı rayonundakı "Çıraq" otelinin sahibi Şahmərdanov Emil Məhərrəm oğlunun avtomobili sərxoş vəziyyətdə idarə edərək, avtoxuliqanlıq törətməsi yerli sakinlərin etirazına səbəb olub. Sakinlər onun sahibi olduğu oteli və maşınını yandırıblar. Daha sonra onlar icra başçısının evinə yürüş ediblər. İcra başçısının evinin yandırılmasının qarşısı alınıb. Yerli sakinlərin məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov və onun yaxın dostlarının xoşagəlməz hərəkətlərinə məruz qalan İsmayıllı sakinləri axşam saatlarında nazirə məxsus olduğu bildirilən "Çıraq" otelini yandıraraq külə döndəriblər. Sakinlər bildiriblər ki, nazirin oğlu Vüqar Ələkbərov və onun dostları sərxoş halda rayonda sadə insanlara sataşaraq, onların ünvanına təhqirəmiz ifadələr səsləndiriblər. Mübahisə zəminində nazir oğlunun dostu ismayıllıların ünvanına söyüş söyüb və sakinlərə qarşı əxlaqsız davranışlar edib. Bundan qəzəblənən İsmayıllı sakinləri nazirə məxsus olduğu bildirilən "Çıraq" otelinə hücum çəkiblər. Orada nazirin oğlunun "Hummer" markanlı avtomobili də yandırılıb. 

***

Məlumata görə, sakinlər İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərova məxsus villanı da yandırmaq cəhdində bulunublar. Həyətdə olan maşınlar, motosikletlərə də od vurulub. Polis qüvvəsi səfərbər edilsə də, sakinlərin qarşısını almaq mümkün olmayıb. Aksiyada 5 mindən çox sakinin iştirak etdiyi bildirilir. Sakinlər icra başçısının istefa verməsini tələb ediblər. Əldə olunan son məlumata görə, hadisə ilə bağlı DİN Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyev idarənin rəisi general-mayor Yaşar Əliyevin tapşırığı ilə İsmayıllıya yola düşüb.

***

Aksiyalara yanvarın 24-də gündüz saatlarında da cəhd edilib. Belə ki, insanlar rayon İcra Hakimiyyətinin inzibati binasının ətrafında toplaşaraq etiraz edib, icra başçısı Nizami Ələkbərovu istefa verməyə çağırıb, bununla bağlı şüarlar səsləndiriblər. Aksiyada iştirak edən yerli sakinlərin bildirdiyinə görə, aksiya iştirakçılarından saxlanılanlar var. Təxminən 15-20 sakinin Polis Şöbəsinə aparıldığı qeyd olunur. Aksiyaya müdaxilə edən polis qüvvələri ilə sakinlər arasında qarşıdurma yaranıb. Mingəçevir şəhərinin polis rəisi Azər Muradov sakinlərin qarşısında çıxaraq qanunsuz hərəkətləri dayandırmağa çağırıb. Bundan sonra sakinlər polis əməkdaşlarına daş atıblar. 

***

Baş verən hadisələrə aydınlıq gətirən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov bildirib ki, rayonda iki şəxs arasında insident yaranıb, onların maşınları toqquşub. Daha sonra isə hadisələr xoşagəlməz istiqamətdə davam edib: "Amma indi, şükür Allaha, hər şey normaldır. Rayonda hər şey öz axarında davam edir. Rayon rəhbərliyi də rayondadır, hər şey öz qaydasındadır". İcra başçısı insidentdə iştirak edən çəxslərin onun qardaşı oğlu olması məsələsinə də aydınlıq gətirib: "Qətiyyən. Onlar nə qardaş oğludur, nə də digər yaxınlıq var. Biri işçidir, digəri isə vətəndaşdır. Mən onların heç birini tanımıram. Onlardan biri İsmayıllı sakinidir, otelin meneceri isə, deyəsən, Bakı sakinidir. Birinci otelə hücum olub, sonra isə hansısa qeyri-sağlam qüvvələr onları mənim evimə yönəldiblər. Hazırda istintaq gedir. Məsələni istintaq qurumları araşdırır, ona görə də biz dəqiq deyə bilmərik. Otelin meneceri və daha bir nəfər başqa vətəndaş olub".

Polis rəisi məlumatları təkzib edir

Günün səhər vaxtlarında (dünən) İsmayıllı rayon Polis İdarəsinin növbətçi hissəsindən rayonda vəziyyətin gərgin olduğunu deyiblər. İsmayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev rayonda baş verən kütləvi aksiya ilə bağlı açıqlama verib. Polis rəisi bildirib ki, İsmayıllıda sakinlərin aksiyası artıq başa çatıb. Onun sözlərinə görə, etiraza İsmayıllı rayonundakı "Çıraq" otelinin sahibi Şahmərdanov Emil Məhərrəm oğlunun avtomobili sərxoş vəziyyətdə idarə edərək, avtoxuliqanlıq törətməsi səbəb olub: "Onun maşını elektrik dirəyinə vurması qəzanın baş verdiyi ərazidə yaşayan sakinlərin etirazına səbəb olub. Sakinlər ona etirazlarını bildiriblər. "Çıraq" otelinin sahibi isə buna əks reaksiya verib. İnsident böyüyüb, sakinlər onun sahibi olduğu oteli və maşını yandırıblar. Daha sonra isə onlar icra başçısının evinə yürüş ediblər. İcra başçısının evinin yandırılmasının qarşısı alınıb. Lakin həyətdə kiçik bir yanğın törədilib". Polis rəisi bildirib ki, sakinlərlə aparılan təbliğat işi nəticəsində onlar aksiyanı dayandıraraq, dağılışıblar: "Bu konkret insidentə olan etirazdır". N. Qocayevin sözlərinə görə, hadisə nəticəsində bir polis və bir yerli sakin yaralanıb: "Polis nəfəri etirazçıların atdığı daşla başından xəsarət alıb. Artıq Emil Şahmərdanov və insident zamanı onunla birgə olmuş şəxs saxlanılıb". N.Qocayev hadisədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlunun adının hallandırılmasının yanlış olduğunu bildirib: "Füzuli Ələkbərovun oğlu nəinki həmin hadisə zamanı, ümumiyyətlə, bu gün rayonda olmayıb. Onun adının bu hadisədə hallandırılması doğru deyil".

İcra başçısı təcili müşavirə keçirib

İsmayıllı rayonunda keçirilən aksiya, onun baş vermə səbəbləri ilə bağlı Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, Polis Şöbəsinin rəisi Nizami Qocayev və rayonun digər rəhbər şəxsləri iştirak ediblər. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rəfael Əhmədov rayondakı son vəziyyətlə bağlı mətbuata açıqlama verib. O, icra başçısı Nizami Ələkbərovun rayonu tərk etməsi haqda yayılan xəbərlərə aydınlıq gətirib. Nizami Ələkbərovun hazırda iş otağında olduğunu deyən R.Əhmədov bildirib ki, icra başçısı hazırda rayonun ağsaqqallarını qəbul edir,  görüşlər keçirir: "Hazırda rayon ərazisində sakitlikdir. İcra başçısının rayondan çıxması haqda yayılan xəbərlər doğru deyil. Başçı hal-hazırda öz otağındadır. Sakinlərlə, rayon ağsaqqalları ilə görüşür, onları dinləyir. Deputat Novruz Aslanov da İsmayıllıdadır. Sakinlərlə görüş keçirir". Aksiyada saxlanılanların olduğunu təsdiq edən R.Əhmədov aksiyaların yenidən davam edəcəyi haqda xəbərsiz olduğunu deyib. İsmayıllı rayon Mərkəzi Xəstəxanasından daxil olan məlumata görə, baş verən etiraz aksiyası zamanı yaranan qarşıdurmada xəsarət alanlar var. Belə ki, aksiya iştirakçılarından bir nəfər bıçaqlandığına, bir neçə nəfər isə digər bədən xəsarəti aldığına görə xəstəxanaya yerləşdirilib. Adının çəkilməsini istəməyən həkimin verdiyi xəbərə görə, aksiya zamanı bıçaqlanan şəxs əməliyyat olunub. Xəsarət alan digər şəxslər isə həkim nəzarətindədir.

Hüquq mühafizə orqanlarından rəsmi açıqlama

İsmayıllı rayonunda keçirilən aksiya, onun baş vermə səbəbləri, xəsarət alan və saxlanılan şəxslər barədə İsmayıllı rayon Polis Şöbəsi rəsmi açıqlama yayıb. Rayon Polis Şöbəsinin rəis müavini Şöhrət Cəfərovun bildirdiyinə görə açıqlamada qeyd olunur ki, İsmayıllı şəhərində fəaliyyət göstərən "Çıraq" otelinin müdiri, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Şəmsəddinov Emil Məhərrəm oğlu sərxoş vəziyyətdə idarə etdiyi 90-NR-485 dövlət nömrə nişanlı "Chevrolet Camaro" markalı idman tipli minik maşını ilə yanvarın 23-də axşam saat 21:30 radələrində İsmayıllı şəhərinin Nizami küçəsi ilə hərəkətdə olarkən qəza törədib. Emil Şəmsəddinov avtomobilini əvvəlcə yolun kənarındakı səkiyə, sonra isə işıq dirəyinə çırpıb. Baş verən hadisə zamanı xəsarət alan olmasa da sürücü Emil Şəmsəddinov və onun avtomobilindəki dostu, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Məmmədov Elməddin Lazım oğlu ilə birgə maşından düşərək yolun kənarında dayanmış 31-BD-817 dövlət nömrə nişanlı "VAZ 21074" markalı minik avtomobilinə ayaqla bir neçə zərbə vuraraq onu əziblər. Sonra həmin şəxslər taksi fəaliyyəti ilə məşğul olan "VAZ 21074"ün sürücüsü 1985-ci il təvəllüdlü Bəkirov Ramil Əlimurad oğlunu döyüblər. Sürücü R. Bəkirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rəis müavini bildirib ki, onlar arasında baş verən bu insident şəhər əhalisinin sıx toplaşdığı yerdə baş verdiyi üçün əraziyə xeyli sayda adam toplaşıb. Emil Şəmsəddinov orada toplaşan 200-ə yaxın İsmayıllı sakinini nalayiq söyüşlərlə təhqir edib. Sonradan Emil Şəmsəddinov ümumilikdə İsmayıllı əhalisinin ünvanına kobud və təhqiramiz ifadələr söyləyib. Qısa vaxt ərzində ümumilikdə 3 minə yaxın rayon sakini əraziyə toplaşaraq sahibkar Emil Şəmsəddinovun müdir işlədiyi "Çıraq" otelinə tərəf hərəkət edərək obyekti daş-qalaq edib. Sonra insanlar hasardan aşaraq otelin həyətinə keçiblər və darvazanı aşırıblar. Darvazanın aşması nəticəsində İsmayıllı rayonunun Günəşli qəsəbə sakini 1983-cü il təvəllüdlü Nəsirov Emin Bəxtiyar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Otelin həyətinə daxil olan kütlə oradakı 31-AA-088 dövlət nömrə nişanlı "Chevrolet Niva", 90-NR-485 dövlət nömrə nişanlı "Chevrolet Camaro" və 10-ZZ-485 dövlət nömrə nişanlı "Hummer" markalı minik avtomobillərini yandırıblar. Sonra onlar otelin sındırılmış pəncərələrindən içəri daxil olaraq ikimərtəbəli oteli yandırıblar. İğtişaş iştirakçıları İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərovun evinə basqın ediblər. Onlar mənzilin həyətindəki 10-NX-700 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı minik maşınını, iki ədəd dördtəkərli motosikleti və istirahət guşəsini yandırıblar. Hadisə zamanı İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları - 1980-ci il təvəllüdlü Əsgərov Səfa Ədalət oğlu, 1989-cu il təvəllüdlü Lətifov İmran Vahid oğlu və 1986-cı il təvəllüdlü Kərimov Rauf Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ilə əlaqədar olaraq "Çıraq" otelinin müdiri Emil Şəmsəddinov və istirahət etmək üçün onunla birgə rayona gələn Elməddin Məmmədov həbs edilib. Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır. Aksiya iştirakçılarından isə heç kim polis əməkdaşları tərəfindən saxlanılmayıb. Dörd saat davam edən aksiyanın dinc yolla sakitləşdirilməsi üçün tədbirlər görülüb və gecə saat 02:30 radələrində insanlar evlərinə gediblər. Hadisə yerinə İsmayıllı, Göyçay, Şamaxı, Qəbələ rayonlarından polis əməkdaşları, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və daxili qoşunların briqadaları cəlb edilib. Aksiya başa çatdıqdan sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general mayoru Cavanşir Məmmədovun rəhbərliyi ilə İsmayıllı rayon Polis Şöbəsində müşavirə keçirilib.

***

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi də yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı rayonunda baş vermiş hadisələrlə bağlı təxminən eyni məzmunlu məlumat yayıb. Məlumatda o da qeyd olunur ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, istintaq aparılır. Son anda əldə etdiyimiz məlumata görə, hazırda rayonda sakitlikdir, adi həyat tərzi davam etməkdədir. Hakim Yeni Azərbaycan Partiyası isə hesab edir ki, radikal müxalifət və onun mətbuatı hər bir hadisədən hakimiyyətə qarşı istifadə etmək və bu hadisələri də məxsusi şəkildə öz xeyrinə yozmaq istəyir. "İsmayıllıda baş verən hadisədən sui-istifadə edərək bunu bütovlükdə hakimiyyətə qarşı yönəltməyə cəhd etmək, əlbəttə, tamamilə müxalifətçiliyin radikallığının təzahürlərindən biridir", - bu barədə Trend-ə millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, əlbəttə, İsmayıllıda baş verən hadisədən, ümumiyyətlə, istənilən hadisədən, istəyir, lap təbii hadisə olsun, çay daşsın və s., müxalifət hökumət əleyhinə istifadə etmək istəyir. "Amma İsmayıllıda proses nəzarətdədir və orada baş verən hadisə də araşdırılır. Hesab edirəm ki, orada olan hüquq-mühafizə orqanlarının nümayəndələri məsələni tam obyektiv şəkildə ictimaiyyətə çatdıracaqlar və ilkin açıqlamalar da verilib", - Qurbanlı bildirib.

O hesab edir ki, müxalifət mətbuatı bu hadisəni ümumiləşdirərək özünə reytinq qazanmaq üçün istifadə etmək istəyir. "Hesab edirəm ki, müvafiq qurumların gün ərzində açıqlamaları hər şeyin obyektiv şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək. Amma hadisənin dərin qatlarına gedəndə bəlli olur ki, narazı olanlar heç də müxalifətin düşündüyü kimi hakimiyyətə, bütövlükdə Prezidentin apardığı siyasətə qarşı yox, hansısa yerlərdə baş vermiş qanun pozuntusuna və ya baş vermiş hadisəyə qarşıdır", - Qurbanlı vurğulayıb. 

"İsmayıllıda iki nəfərin avtomobil qəzası nəticəsində yaranmış mübahisəsini siyasiləşdirmək olmaz. Bu, heç də siyasi məsələ deyil". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov bildirib. Ələkbərov deyib ki, yol qəzasını törədən və sonra mübahisə edənlərin, ümumiyyətlə, onunla heç bir qohumluq əlaqəsi yoxdur. Rayonu tərk etdiyi barədə məlumatın da həqiqətəuyğun olmadığını deyən Ələkbərov bildirib ki, o, hadisə baş verən andan rayonda olub və oranı tərk etməyib. İstefasının tələb edilməsinə münasibət bildirən icra başçısı qeyd edib ki, ona bu səlahiyyəti ölkə Prezidenti verib. İcra başçısı bildirib ki, o, 5-10 nəfərin tələbi ilə istefaya getməyəcək. Nə vaxt ölkə Prezidenti işdən azad edərsə, o zaman vəzifəsini tərk edəcək. Ələkbərovun sözlərinə görə, rayon sakinlərini təhqir edən şəxslər cəzasını alacaq. Onlar artıq həbs edilib və qanun qarşısında cavab verməli olacaqlar.
 

Alim

P.S.Yazının hazırlanmasında müxtəlif kütləvi informasiya vasitələrinin materiallarından istifadə olunub.
 











 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31