““Binə”dəki aksiyanın əsl səbəbi Kəbirə Məmmədovanın 10 illik qanunsuzluğu olub”
Sahibkarlar qanunsuz pul yığımlarından bezib
22 Yanvar 2013 17:06 ProblemYanvarın 22-də hüquq müdafiəçiləri Vidadi İsgəndərli və Xaliq Bağırov yanvarın 19-da "Binə" Ticarət Mərkəzində sahibkarların keçirdikləri aksiya ilə bağlı mətbuat konfransı keçirib. Tədbirdə çıxış edən hüquq müdafiəçisi Xaliq Bağırov bildirdi ki, yanvarın 19-da hadisə baş verəndən sonra bir qrup hüquq müdafiəçisi hadisə yerinə yollanıb. Həmin vaxt aksiya iştirakçılarından 100 nəfərə yaxın sahibkar Qaradağ rayon Polis İdarəsi və 10-cu polis bölməsinə aparılıblar: "Biz orda sahibkarların qohumları ilə görüşdük və problemlərlə maraqlandıq. Məlum oldu ki, bu hadisə hec də icarə haqları ilə bağlı deyil. Sadəcə sonuncu hadisə icarə haqlarının bahalaşmasından sonra olub. Bu hadisə "Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın özbaşınalıqlarının nəticəsidir. Belə ki, "Binə" Ticarət Mərkəzi fəaliyyət göstərəndən bu günə qədər sahibkarlar artıq 12 dəfə aksiya keçiriblər. Aksiyanın əsas səbəbi də son 10 ildə sahibkarların başına gətirilən oyunlara reaksiya verilməməsidir. Sahibkarlar dinc aksiya keçirməklə problemlərini yuxarılara çatdırmaq istəyib. Lakin, Kəbirə Məmmədovanın qoçuları və hüquq mühafizə orqanları əməkdaşlarının onlara müqaviməti dinc olmayan aksiya ilə nəticələnib".
Xaliq Bağırov bildirdi ki, "Binə" Ticarət Mərkəzində 10 mindən artıq dükan və mağaza var və burada 30 min nəfər çalışır. Bundan başqa da, daha 30 min insan bu ticarət mərkəzi ilə işləyir. Bundan istifadə edən Kəbirə Məmmədova isə sahibkarlara təzyiqlər edir, onlarla istədiyi kimi davranır: ""Binə" Ticarət Mərkəzi Xəzər rayonu ərazisində fəaliyyət göstərəndə orada mağazalar sahibkarlara satılıb. Bu obyektlər sahibkarların şəxsi mülkiyyətində olsa da, qanuni sənədləşdirilməyib. Yəni, Kəbirə Məmmədova həmin obyektləri sahibkarlara xüsusi mülk kimi satıb. Ticarət Mərkəzi köçürüləndə sahibkarlara söz verilib ki, yeni tikilən bazarlarda onların obyektləri özlərinə qaytarılacaq. Amma, yeni ticarət mərkəzi istifadəyə veriləndə yenə də Kəbirə Məmmədova həmin dükanları sahibkarlara 15-30 min manata satıb. Bu prosesdə də qanunsuzluğa yol verən Kəbirə Məmmədova sahibkarların bəzilərinə ümumiyyətlə əvvəlki cərgədə yer verməyib. Həmin sahibkarlar yenidən mağazaları üçün külli miqdarda pul ödəsələr də, onlara kənarda, alver zəif olan yerlərdə pul verilib. Sonra isə sahibkarlar qanunsuz işləməyə vadar edilib". Hüquq müdafiəçisinin dediyinə görə, Kəbirə Məmmədova dükanları sahibkarlara satarkən əvvəlcə onlara alqı-satqı haqqında qəbz verib. Amma, bir müddətdən sonra həmin qəbzlər sahibkarlardan yığılıb və onlarla icarə müqaviləsi bağlanıb. İndi, Kəbirə Məmmədova hər sahibkardan mağazanın yerindən asılı olaraq ayda 1500-300 manat icarə haqqı yığır . Sahibkar qanuni mülkiyyətində olduğu halda həmin mülkünü icarə kimi işlədir. Xaliq Bağırov bildirib ki, bir müddət əvvəl sahibkarların təkidi ilə mağazalara elektrik enerjisinə görə sayğaclar quraşdırılıb. Həmin sayğaclar sahibkarlara 28 manata satılıb. Amma, bir neçə gündən sonra sayğaclar Kəbirə Məmmədovanın tapşırığı ilə yığışdırılıb və obyektlərə konkret işıq pulu haqqı qoyulub. Bu haqq isə müxtəlifdir. Yəni, kondisioneri olan mağazaya görə sahibkar ayda 80-100 manat, kondisioneri olmayan isə 50 manat işıq pulu ödəyir: "Bundan başqa, bir müddət öncə Kəbirə Məmmədovanın tapşırığı ilə mağazalara kassa aparatları qoyulub ki, sahibkarlar ayrıca vergi ödəsinlər. Kassa aparatları da sahibkarlara pulla satılıb. Bundan sonra isə sahibkarlardan hər ay 6 manat kassa aparatlarının təmiri üçün pul yığılıb. İndi sahibkarlar bilmirlər şəxsi mülkiyyətlərinin icarə haqqını ödəsinlər, yoxsa vergi versinlər. Bütün bunlar azmış kimi Kəbirə Məmmədova bir neçə gün öncə sahibkarların qanuni mülkiyyətləri olan mağazaların aylıq icarə haqqını bahalaşdırıb. Bu bahalaşma isə 2000-4000 manat arasında dəyişib. Artıq bu özbaşınalığa dözməyən sahibkarlar dinc aksiya keçirib problemlərini lazımi orqanlara çatdırmaq istəyiblər". Hüquq müdafiəçisinin dediyinə görə, iki ay öncə Kəbirə Məmmədovanın adamları bazarda sahibkarların hər birindən 150 manat alaraq ticarət mərkəzində çardaq tikiləcəyini deyib. Ötən ay isə həmin şəxslər hər sahibkardan 3500 manat tələb edib ki, guya ticarət mərkəzində təhlükəsizlik kameraları quraşdırılır.
Xaliq Bağırov deyir ki, hazırda faktla bağlı 10 nəfər barəsində Cinayət Məcəlləsinin 221.3 və 315-ci maddələr ilə cinayət işi başlanıb və onların barəsində məhkəmə qərarı ilə həbs cəzası təyin edilib. Hazırda saxlanılan şəxslərdən 3-ü öz vəsaiti hesabına vəkil tutub, 7 nəfərsə dövlət tərəfindən vəkillə təmin olunub.
Samir Əli