“Binə” Ticarət Mərkəzinin rəhbəri sahibkarları təxribata sürükləyir
21 Yanvar 2013 16:49 ProblemYanvarın 19-da "Binə" Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar yenidən aksiya keçirdilər. Sahibkarların verdiyi məlumata görə, onlar həmin gün mağazaları açmayıblar, ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq bu addımı atıblar. Sahibkarlar dəfələrlə bu barədə "Binə" Ticarət Mərkəzinin rəhbərliyinə etiraz etsələr də , bazar rəhbəri Kəbirə Məmmədova onların bu etirazına reaksiya verməyib və sahibkarları şərləməklə qorxudub. Çarəsiz qalan sahibkarlar da sonda Binə Ticarət Mərkəzinə gedən magistral yolun Şıx qəsəbəsi ərazisindən keçən hissəsini bağlayıb. Avtomobillərin ticarət mərkəzi istiqamətinə hərəkəti məhdudlaşdırılıb. Kəbirə Məmmədova da buna görə yenə də polisləri və şəxsi qoluzorlularını həmin əraziyə cəlb edərək sahibkarlara təzyiqlər ediblər. Sahibkarları bu dəfə aldada bilməyən Kəbirə Məmmədova çarəsiz qalıb hadisə yerinə gəlib və sahibkarları danışıqlara dəvət edib. Amma, danışıqlar görüntü xarakteri daşıdığından problemin həlli deyil, başqa addım atılıb. Sahibkarların bir neçəsi həbs edilib və məhkəməyə cəlb olunub.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılmış, istintaq aparılır.
Məlumata görə, faktla bağlı 10 nəfər sahibkar saxlanılıb və onlar məhkəmə qarşısılna çıxarılıblar. Hadisə nəticəsində polis və sahibkarlardan xəsarət alanlar olsa da, Kəbirə Məmmədovanın səyi nəticəsində xəsarət alan sahibkarlar gizlədilib, qarşı tərəfə xəsarət yetirdiyi üçün 10 sahibkar saxlanılıb. Hazırda faktla bağlı araşdırmalar aparılsa da, aksiyanın yaranmasına səbəb olan şəxslər məsuliyyətə cəlb edilməyib. Çünki, bu hadisəyə birbaşa Kəbirə Məmmədova və onun adamları səbəbkardır. İcarə haqlarının artırılması, sahibkarlara törədilən maneəçiliklər, Kəbirə Məmmədovanın özbaşınalıqlarına tabe olmayan və haqqını tələb edən sahibkarlar xanım "bazarkom" tərəfindən şərlənir. Bu birinci hadisə deyil, artıq dəfələrlə təkrarlanıb. Kəbirə Məmmədova hansısa himayədarına arxalanaraq ticarət mərkəzində əməlli-başlı at oynadmaqla məşğuldur. Onun bu hərəkətlərinə narazılıq edənlərin isə aqibəti məlumdur.
"Binə"dəki hadisələrin tam səbəbləri niyə araşdırılmır?
Kəbirə Məmmədova "Binə" Ticarət Mərkəzinə rəhbərlik etməyə başladığı gündən bu günə qədər sahibkarlara qan uddurur. Bu danılmaz faktdır və Kəbirə Məmmədova özü də bunu bilir. Amma, bu günə qədər bu sahibkara "dur!" deyən olmayıb. Nəticədə yenə də bu proseslər davam edir. İş o yerə çatdı ki, artıq sahibkarların səbr kasası doldu və onlar etiraz aksiyasını daha radikal həyata keçirməyə başladılar. Kəbirə Məmmədovanın özbaşınalıqları artdıqca, sahibkarların da əsəbləri daraldı və nəticə belə alındı. Kəbirə Məmmədova sahibkarları təxribata sürüklədi və onları həbs etdirdi. Yenə də sonda xanım "bazarkom" suçsuz kimi qələmə verildi. Görəsən niyə? Hüquq mühafizə orqanları əməkdaşları etiraz aksiyasını keçirənləri, hüquqlarını bərpa etməyə çalışanları həbs edir, amma, onları bu həddə çatdıranlara "gözün üstə qaşın var" demir. Soruşmaq lazımdır ki, sahibkarlar niyə bu vaxta qədər bu cür təxribat xarakterli hərəkətlər etməyib? Onları bu cür təxribatlara kim və kimlər vadar edib? Əslində bu gün məhkəmə qarşısında onlarla sahibkar deyil, birbaşa Kəbirə Məmmədova durmalıdır. Ona görə ki, bu hərəkətlər Kəbirə Məmmədovanın qanunsuzluğundan yaranıb. Maraqlı sual yaranır ki, Kəbirə Məmmədova sahibkarların qanuni mülkiyyəti olan obyektlərə necə icarə haqqı tətbiq edə bilər. Şəxsi mülkiyyətçi olan bu sahibkarlar əslində həmin obyektlərinin yalnız kommunal xərclərini ödəməklə fəaliyyət göstərməlidirlər. Bu xərclər isə Kəbirə Məmmədovaya deyil, birbaşa aidiyyəti dövlət qurumlarına qanuni qəbzlə ödənilməlidir. Məsələn, obyektin qaz xətti varsa, sərfiyyat haqqı "Azəriqaz" İstehsalat Birliyinin tabeçiliyində olan aidiyyəti icra qurumuna, elektrik enerjisinə görə istifadə olunan enerji haqqı "Bakıelektrikşəbəkə"yə, su sərfiyyatına görə isə "Azərsu" ya ödənilnməlidir. Həmin qurumlaer isə bu prosesdə şəffaflığı təmin etmək üçün birbaşa obyekt sahibi ilə müqavilə bağlamalı və həmin obyektləri sayğacla təmin etməlidirlər. Bununla da sahibkarların ödənişləri bitməlidir. Amma, bu gün şəxsi maraqlarını güdən Kəbirə Məmmədova həmin pulları iki-üç qat artıq sahibkarlardan tələb edir və alır. Narazılıq edən sahibkarlar isə Kəbirə Məmmədovanın saxladığı xüsusi təyinatlı qoluzorlular tərəfindən döyülür, şərlənir, obyekti qanunsuz olaraq əlindən alınır, onun bazar ərazisində qanuni obyektinə girişi əngəllənir.
Sahibkarlar "Binə"dən "Sədərəy"ə axışır
"Binə" Ticarət Mərkəzi ilə bərabər həmin ərazidə məhşur "Sədərək" Ticarət Mərkəzi də fəaliyyət göstərir. Amma, həmin ticarət mərkəzində sahibkarlara qarşı bu cür təzyiqlər olunmayıb. Bu gün "Binə" Ticarət Mərkəzindən də məhşur olan, xüsusi müştəriləri ilə tanınan "Sədərək" Ticarət Mərkəzində sahibkarlar tam normal, istədikləri kimi alver edib, normal fəaliyyət göstərir. Burda nə sahibkarların sıxışdırılması, nə onlara qarşı hansısa haqq verilməsi prosesi yoxdur. Elə buna görə də, "Binə"dəki sahibkarların demək olar ki mütləq əksəriyyəti bu bazarı tərk edib "Sədərək" Ticarət Mərkəzinə üz tutur, orda istədikləri obyektləri ala və icarəyə götürə bilirlər.
"Binə" də yüzlərlə insanı zəhərləyənlər niyə həbs olunmadı
Məsələn, bir müddət əvvəl "Binə" ticarət mərkəzində kütləvi zəhərlənmə hadisəsi olmuşdu. Həmin vaxt məlum oldu ki, zəhərlənməyə Kəbirə Məmmədova şərait yarasdıb. Yəni, elektrik enerjisinə görə külli miqdarda pul ödəyən sahibkarlar bu məbləği verməkdən imtina etmişdilər. Elə buna görə də həmin gün sahibkarlara təzyiq vasitəsi kimi ticarət mərkəzinin işıqları kəsilmişdi ki, onlar alver edə bilməsinlər. Nəticədə sahibkarlar şəxsi vəsaitləri hesabına aldıqları generatorlardan istifadə etmiş və kütləvi zəhərlənmə hadisəsi baş vermişdi.
Bu hadisədən sonra da faktla bağlı cinayət işinin başlanmasına baxmayaraq, yüzlərlə indsanın zəhərlənməsinə səbəb olan faktlar ortaya çıxmadı və hadisə ört-basdır edildi.
İndi də bu hadisə. Artıq hamıya məlumdur ki, Kəbirə Məmmədova uzun illərdir ki, sahibkarlara divan tutur və onlara istədiyi təzyiqləri edir. Bu üsulla Kəbirə xanım sahibkarları təxribata sövq edir və onları şərləyərək həbs etdirir. Amma, bu prosesin nə vaxta qədər davam edəcəyi məlum deyil.
Samir