Bakı qışa hazır deyil! - PROBLEM

Kommunal sektorda islahat vaxtı çatıb

Artıq çoxdan gözlənilən qar da yağdı. Ötən ilin noyabr ayından ölkədə qış mövsümünə keçidə start verilsə də indi Bakıya qar yağması ilə əlaqədar işığa, qaza, suya və istiliyə olan təlabat artıb. Bəs  kommunal sektor qışa necə hazırlaşıb? Məlumat üçün qeyd edək ki, hələ 2012-ci ilin noyabr ayında Azərbaycanın kommunal xidmət sahələri  qışa yüksək səviyyədə hazırlıqlartı ilə bağlı yağlı bəyənatlar yaydılar. Birmənalı fikir ondan ibarət idi ki,  Azərbaycan hökuməti əhalinin kommunal sektordakı təlabatını tam ödəməyə hazırdır. Konkret olaraq  "Azəriqaz" İstehsalat Birliyi  yorulmadan bəyan edirdi ki, payız-qış mövsümündə abonentlər keyfiyyətli və fasiləsiz təbii qazla təmin ediləcək. Yaxşı xatırlayıram ki, o vaxt qurumun saytında yerləşdirilən məlumatlarda  paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri barədə ətraflı məlumatlar yerləşdirilirdi. Bu məlumatlar deməyə əsas verirdi ki, qış mövsümündə nəinki Bakı sakinləri, hətta region əhalisi "qaz vurub, qazan dolduracaq". Çünki həmin vədlərdə hətta istehlakçıların normativ təzyiqlə, keyfiyyətli və fasiləsiz təbii qaz təminatı üçün əlavə imkanların yaradılmasından danışılırdı. Amma fakt odur ki, hələ havalar soyumamış mənzilllərə verilən qazın təzyiqi aşağı düşdü və indi də ölkə ərazisinda qaz təchizatı ilə bağlı eyni vəziyyət davam etməkdədir. Mənzillərin istilik sistemi ilə təchizatına gəlincə, "Azəristiliktəchizat" da tam hazır olduğunu vurğulayırdı.  Tarif Şurasının qərarı ilə istilik verilişlərinin hər kvadratmetrə görə 5 qəpikdən 15 qəpiyə qaldırılmasını tədqir edən "Azəristiliktəchizat" bu sahədə müəyyən irəliləyişlərin olacağını vəd edird. Lakin üstündən bir müddət keçməmiş xidmət sahəsinin rəsmi şəxsləri bildirdilər ki, paytaxtin istiliklə təchiz edilməməsində əsas  problem əksər binalarda boru xətlərinin kəsilərək götürülməsidir. Onların yenidən bərpasına isə uzun zaman və vəsait lazımdır. "Azərenerji" ASC-nin məlumatında isə bildirilirdi ki, cəmiyyətin tərkibinə gərginliyi 6 ədəd su elektrik stansiyası (SES), 13 istilik elektrik stansiyaları (İES) daxildir. Bu il daha bir sıra yeni stansiya və yarımstansiyaların, elektrik verilişi xətlərinin tikintisi və mövcud obyektlərin əsaslı yenidənqurulması işlərinin yekunlaşması gözlənilir. Bu isə ölkə əhalisinin fasiləsiz elektrik enerjisi ilə təminatı deməkdir. Paylayıcı şəbəkə olan "Bakıelektrikşəbəkə" isə qışda elektrik təchizatında problemlərin olmayacağını dəfələrlə vəd edib. Lakin bütün vədlərə baxmayaraq ölkədə kommunal xidmət sahəsində qış rejiminin tələblərinə uyğun normativlərin tətbiq olunmasına rəğmən, paytaxtın bir sıra yaşayış məntəqələrində qaz, işıq və istilik təminatında ciddi problemlər meydana çıxmaqdadır. Bakı şəhərinin və rayonların bütün yaşayış və inzibati binaları, məktəb və xəstəxanalar, digər səhiyyə ocaqları, idarə və müəssisələr qış rejiminin qrafikinə uyğun qaz, işıq və istiliklə təmin olunmalı olduğu halda, həmin kommunal xidmətin səviyyəsi qənaətbəxş deyil. Nazirlər Kabinetinin qış mövsümü ilə bağlı müəyyən etdiyi ölkənin yanacaq-enerji balansının tələblərinə görə, noyabrın 15-dən aprelin 15-dək bütün istehlakçı qruplarına verilən işığın, qazın və istiliyin həcmi əvvəlki mövsümlə müqayisədə bir neçə dəfə artırılmalıdır. Belə ki, ilk növbədə hər bir yaşayış binasına və idarə-müəssisələrə gün ərzində verilən qazın həcmi iki-üç dəfə çoxaldılmalıdır. Əgər əvvəlki mövsümdə Bakı şəhərinə verilən qazın sutkalıq həcmi 4 milyon kubmetr təşkil edirdisə, noyabrın 15-dən sonra bu rəqəm 9-10 milyon kubmetrə çatdırılmalıdır. Qışın ən sərt günlərində, şaxtalı hava temperaturunda isə qaz təchizatının həcmi 12 milyon kubmetr olacaq. Rayonlara isə təxminən 7-9 milyon kubmetr qaz verilməlidir. Bundan başqa, elektrik enerjisi ilə təminatı gücləndirmək üçün qış mövsümündə yarımstansiyaların və transformator məntəqələrinin gücü daha da artırılmalıdır. Qışda elektrikə olan tələbat artdığından və bir çox yaşayış binalarının sakinləri istilik təminatını məhz işıq vasitəsilə həll etməli olduğundan stansiyalarda yüklənmə çoxalır. Buna görə də "Azərenerji" SC və "Bakıelektrikşəbəkə" SC qış mövsümünün tələblərinə uyğun enerji verilişinə hazır vəziyyətdə olmalıdır. Eləcə də hökumətin qərarına görə, binaların istiliklə təmin olunması üçün "Azəristiliktəchizat" SC Bakı şəhərindəki qazanxana və istilik mərkəzlərini işlək vəziyyətə gətirməlidir. Sadalanan kommunal xidmət sahələrinin gücləndirilmiş iş rejiminə keçmələri üçün daha bir əsas ondan ibarətdir ki, müvafiq nazirliklər ölkədə hava şəraitinin kəskin şəkildə dəyişəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq ediblər. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bəyan edib ki, Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib,  gecə və səhər intensiv qar müşahidə olunub. Baş Dövlət Yol Polisi İdarəsi də öz növbəsində  xəbərdarlıq edib ki, Azərbaycan ərazisində hava şəraiti daha da kəskinləşəcək, yollar buz bağlayacaq. Elə bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət də edib. Fakt isə ondan ibarətdir ki, ölkənin kommunal sektoru nəinki öz vəzifəsini yerinə yetirib, hətta edilən xəbərdarlıqdan bir nəticə çıxarmayıb. Bu qurumlar gücləndirilmiş iş rejiminə keçmək əvəzinə, cavabdeh şəxslər Bakıya qar yağan zaman nə iş yerlərində, nə də ərazilərdə  tapılmayıblar. Nəticədə paytaxtın bəzi əraziləri işıqsız, qazsız və istiliksiz qalıb. Əhali ən çox sərnişinnəqliyyatdan əziyyət çəkib. Belə ki, küçələrin su gölünə dönməsi səbəbindən avtomobillərin hərəkəti mümkünsüz olub. Bakıya düşən yağıntının miqdarı o qədər çox olmasa da, şəhərin bir çox avtomobil yollarında yağış suları gölməçələr, bəzi yerlərdə isə iri göllər əmələ gətirdi. Nəticədə magistral yollar bağlanmaq təhlükəsi qarşısında qaldı, kilometrlərlə uzanan tıxaclar yarandı. Xüsusən, axşam saatlarında Binəqədi rayonundan Mehdiabada gedən ərazidə sərnişinlər saatlarla yolda qalmalı olub. Buna səbəb sözügedən ərazidə yaranmış göldə avtomobillərin sönməsi olub. Kanalizasiyanın işləməməsi səbəbindən qısa müddətdə yağan yağış avtomobillər üçün əmilli-başlı problem yaradıb. 

Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynovun fikrincə, kommunal sektorda ciddi islahatlar getməyincə, qışa hazırlıqdan danışmağa dəyməz: "Noyabr ayında bu sahəyə cavabdeh olan adamlar prezident yanında iclas keçirirlər və dövlət başçının qarşısında istehlakçılardan oğru obrazı yaradırlar. Azərbaycan istehlakçıları oğru deyil. Bütün dünyada istehlakçıların psixologiyası bundan ibarətdir ki, nə qədər yüksək xidmət göstərilirsə bir o qədər artıq pul ödəməkdə maraqlı olur. Yaxşı xidmətə real tarifindən artıq pul ödəyirlər. Azərbaycan istehlakçıları oğru olsaydı, o zaman hamı avtobusdan pul vermədən düşərdi! E.Hüseynov əlavə etdi ki, əhaliyə tələb olunun normada istilik verilməlidir: "Elektrikin verilişində problem yaranırsa, qazın təzyiqini artırmalıdır. Amma bizdə əksinə gedir. İşıq kəsilən kimi qaz da azalır. Belə olan halda istehlakçı nə etməlidir?" E. Hüseynovun qənaətincə, kommunal xidmət sahələri vahid mərkəzdə birləşməli və struktur tərəfindən idarə olunmalıdır.

Alim  
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31