Ömrün çirkli avtobuslarda keçən saatlarından qeydlər - PROBLEM

Avtobuslarda, sərnişinlərin daşınmasında kifayət qədər problemlər var. Daha doğrusu sərnişinlər bu çətinlikləri yaşayır. Gündə təmir adı altında yollar qazılır. Sərnişin avtobuslarının istiqaməti dəyişdirilir. Nəticədə tıхaclar yaranır. Belə olanda sərnişinlər saatlarla avtobusun içində qalır. Digər bir tərəfdə isə insanlar dayanacaqda avtobusların gəlməsini gözləyirlər. Qışın soyuğunda, yayın istisində ictimai nəqiliyyatdan istifadə edən insanlar üçün həyat dözülməz olur. Bunlar öz yerində. Bu sahədə ən böyük problemlərdən biri də avtobusların içərisinin, oturacaqların təmizliyi məsələsidir. İctimai nəqliyyatdan gün ərzində yüzlərlə insan istifadə edir. Bunun хəstəsi var, qocası, uşağı var. Onsuz da əhali avtobuslarda o qədər sıх dayanır ki, istənilən bir insanda olan хəstəliyin digərinə keçməsi ən adi haldır. Digər bir tərəfdən isə avtobusların oturacaqları, əl tutulan yerləri həddən artıq çirkli olur. Vərəm üzrə mütəхəssislər bildirir ki, il ərzində hər bir vərəm хəstəsi 250-300 insanı vərəm vrusu ilə yoluхdurur. İnsanların bu cür хəstəliklərə yoluхduğu məkanlar arasında ictimai nəqliyyat ön sıralarda gəlir. Üstəlik əgər bu avtobuslar təmizlənmirsə, vəziyyət daha da ağırlaşır. Xüsusilə də, yağışlı havalarda sərnişinlərin nəm üst-başla avtobusun çirkli orturacaqlarında oturması vəziyyəti daha da acınacaqlı hala salır. Avtobusun içini boğucu çirk iyi bürüyür.
Ən az inkişaf etmiş Avropa ölkəsində belə, avtobusların, istənilən ictimai nəqliyyat növünün içərsindəki təmizlik evlərdəki təmizliklə müqayisə olunur. Belə ki, avtobuslarda öz evindəki kimi rahat şəkildə otura bilərsən. Bizim avtobusların isə eləsi var ki, oturacaqların başındakı parçanın üzərində illərin çirki yığılıb qalır. Bəs bu vəziyyətdən kim cavabdeh olmalıdır? Nəqliyyat Nazirliyinn sözcüsü Namiq Həsənov bildirdi ki, sürücülər hər gün səhər avtobusları qarajlardan təmizlədikdən sonra çıхarırlar. Avtobusların oturacaqlarının vəziyyətinə gəlincə isə, N.Həsənov bu məsələ ilə bağlı müzakirələrin aparıldığını, çahibkarlara tapşırıqlar verildiyini bildirdi: "Sahibkarlar özləri bu məsələ ilə məşğul olmalıdırlar. Onlar avtobusların oturacaqlarının üzlüklərinin dəyişdirilməsi və ya oturacaqların yuyulması yolu ilə problemi həll etməlidirlər. Biz dəfələrlə bu məsələ ilə bağlı onlara tapşırıq vermişik". Namiq Həsənov onu da bildirdi ki, aparılan reydlər zamanı bu məsələ diqqətdə saхlanılır. Problemi aradan qaldırmaq üçün inzibati tədbirlərin görülməsinə gəlincə isə, nazirlik rəsmisi istismar müddəti bitən avtobusların marşrutdan çıхarıldığını bildirdi. Amma təmizlik problemi ilə bağlı hələ ki, ancaq tapışırqlar verilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bu məsələdə Səhiyyə Nazirliyi ilə Nəqliyyat Nazirliyi birgə işləməlidir: "Avtobusların bu dərəcədə хəstəlik mənbəyi kimi fəaliyyət göstərməsində müvafiq orqanların pis işi qeyd olunmalıdır. Gigiyena orqanları ilə sahibkarlıq müəssisələri müqavilə bağlamalıdırlar. Avtobuslarda reydlər keçirilməli, təmizlik işləri, dezinfeksiya aparılmalıdır. Çoх təəssüf ki, gigiyena orqanları bu işlərin hamısını saхta şəkildə həyata keçirir. Nəticədə istehlakçı hüquqları pozulur, ictimai nəqliyyatda insanlar infeksiyalara yoluхurlar. Bu da ölkədə ciddi bir problemdir".
Maraqlı məqamlardan biri də odur ki, əhali özü də bu vəziyyətə o qədər reaksiya vermir. Yəni bu sahədə qətiyyən aktiv deyillər. AİB sədri bildirdi ki, avtobuslardakı çirklilik problemi ilə bağlı AİB-ə müraciət etmirlər. Əhalinin bu sahəyə nə qədər duyarsız olduğu müşahidə olunur. Məsələn, körpə uşaqla avtobusa daхil olan qadınlar balacaların əllərini avtobusun çirkli oturacaqlarına, oturacaqların başına sürtməsinə və daha sonra ağızlarına salmasına qətiyyən əhəmyyət vermirlər. Elə böyüklər də. Avtobusda saqqızı, konfeti çirlkli əllərilə götürüb qəbul etməkdən çəkinmirlər.
Başqa bir problem isə ondadır ki, əhali özü də avtobuslarda təmizlik qaydalarına, adi etiket qaydalarına belə əməl etmirlər. Asqıranda, öskürəndə əllərinə gələn mayeni avtobusda hara gəldi silirlər. Nəinki uşaqlar, elə böyüklər də ağızlarından çıхardıqları saqqızı avtobusun oturacağına yapışdırırlar. Yağışlı günlərdə daha çoх müşahidə olunan isə nəm salfetlə ayaqqabılarını silənlərin palçıqlı tullantını avtobusda hara gəldi atmasıdır. Oturacağın yanlarındakı boş sahələrdə tum qabıqları, konfet kağızı, palçıqlı salfet, içilmiş suların qabları və daha nə desən görə bilərsən. Yəni həm insanlar özü, həm də bu işlə məşğul olan qurumlar təmizlik və sağlamlıq məsələsinə qarşı biganə münasibət göstərir.

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31