"Azəriqaz" smart kartlardakı problemə reaksiya verdi

Problemin həlli ciddi nəzarətə götürüldü

Son vaxtlar smart kart tipli qaz sayğaclarının artması və qış fəsli ilə əlaqədar smart kart əməliyyatlarının kəskin artımı fonunda qeyd olunan kartlara ödənişləri edərkən bəzi texniki problemlər müşahidə olunmaqdadır. "Azəriqaz" İB-dən "OLAYLAR"a verilən məlumata görə, bu problemin həlli üçün artıq "Azəriqaz" İstehsalat Birliyi və ödəniş xidmətlərini həyata keçirən Komtec şirkəti tərəfindən birgə bir sıra tədbirlər görülmüş və müsbət nəticələr əldə edilmişdir. Bununla yanaşı kartların işini dəstəkləyən serverlərin gücünün artırılması işləri də uğurla həyata keçirilir. Problem yaranan əməliyyatlar təxminən 2-5% arasında müşahidə edilmişdir. Yaranmış problemin həlli istiqamətində əlavə tədbirlər görülür və qısa zaman ərzində bu problemlərin tam həllinə nail olunacaq. Problemlərə baxmayaraq sistemdən keçən uğurlu əməliyyat sayı da artmaqdadır. Bu texniki problemlə qarşılaşan müştərilər Komtec şirkətinin nöqtələrində problemlərini qısa zaman ərzində həll edə bilirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31